Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1565/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdeh Abbasqulı̇ yev Zaur Əlövsət oğluna qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı ASC cavabdehlər İsmayılov Emil Elburus oğlu və Abbasqulı̇ yev Zaur Əlövsət oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İsmayılov Emil Elburus oğlundan və Cavabdeh müştərək qaydada 380.46 manat əsas kredit borcu, 1.67 manat kreditdən istifadəyə görə faiz borcu, kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği 3.96 manat olmaqla cəmi 386.09 manat borcun və həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh İsmayılov Emil Elburus oğlu məhkəmədə iddia qaldırılmamışdan əvvəl, yəni 2023-cü il tarixdə vəfat etmiş və bu barədə məlumat banka 2024-cü ilin mart ayında daxil olmuşdur. Müvafiq dövlət orqanlarına verilmiş sorğular nəticəsində mərhum İsmayılov Emil Elburus oğlu ilə bağlı vərəsəlik işi aşkar edilməmiş və vərəsələri müəyyən olunmamışdır. Eyni zamanda hazırki iş hazırlıq mərhələsində olan zaman borc məbləğindən müəyyən ödənişlər edilmişdir. Bu səbəbdən məhkəmədən cavabdeh Abbasqulı̇ yev Zaur Əlövsət oğlundan İddiaçı ASC-nin xeyrinə 236.09 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş edir.
İddia tələbinin dəlilləri
3. İddiaçı ASC ilə İsmayılov Emil Elburus oğlu arasında 22 may 2019-cu il tarixli, 009CASA191420002 sayıl Güzəştli kredit müqaviləsi imzalanmış və ona 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 faizlə 1988.78 manat kredit verilmişdir. Eyni zamanda digər cavabdeh Abbasqulı̇ yev Zaur Əlövsət oğlu ilə xx.xx.2019-cu il tarixli 009FİZAM42946302 saylı zaminlik müqaviləsi imzalanmışdır. Lakin bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklər tam qaydada yerinə yetirilməmişdir.
Tərəflərin izahatları
4. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh Abbasqulı̇ yev Zaur Əlövsət oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
6. 22 may 2019-cu il tarixli, 009CASA191420002 sayıl Güzəştli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İsmayılov Emil Elburus oğluna 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 faizlə 1988.78 manat kredit verilmişdir.
7. xx.xx.2019-cu il tarixli 009FİZAM42946302 saylı zaminlik müqaviləsindən görünür ki, Abbasqulı̇ yev Zaur Əlövsət oğlu bank qarşısında İsmayılov Emil Elburus oğlunun kredit müqavilə üzrə öhdəliyinin icrası ilə əlaqədar zamin durmuşdur.
8. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, İsmayılov Emil Elburus oğlu kredit müqaviləsi üzrə müəyyən ödənişlər etmişdir.
9. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, cavabdehlər İsmayılov Emil Elburus oğlu və Abbasqulı̇ yev Zaur Əlövsət oğluna borc məbləğini 3 gün ərzində qaytarması, əks təqdirdə isə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İsmayılov Emil Elburus oğlunun xx.xx.2019-cu il tarixli Güzəştli kredit müqaviləsi üzrə 380.46 manat əsas kredit borcu, 1.67 manat kreditdən istifadəyə görə faiz borcu, kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği 3.96 manat olmaqla cəmi 386.09 manat kredit borcu vardır.
11. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli Güzəştli kredit müqaviləsi üzrə qalıq borc 236.09 manat təşkil edir.
İşin faktiki halları
12. İddiaçı ilə cavabdeh İsmayılov Emil Elburus oğlu arasında müvafiq kredit müqaviləsi bağlanması, eyni zamanda iddiaçı ilə digər cavabdeh Abbasqulı̇ yev Zaur Əlövsət oğlu arasında həmin kredit müqaviləsi ilə əlaqədar zaminlik müqaviləsinin bağlanması işin hallarını təşkil edir. Müəyyən edilmişdir ki, iddia tələbin məhkəməyə daxil olarkən cavabdeh ismayılov Emil Elbrus oğlu artıq vəfat etmişdir. İddiaçı vəfat edən şəxsə münasibətdə iddia tələbinə azaltma verərək, onun cavabdeh siyahısından çıxarılmasını xahiş etmiş, eyni zamanda borc tələbinin də azaldığını qeyd etməklə, qalan borcun zamindən tutulmasını xahiş edir. Cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz və ya mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Məhkəmənin mövqeyi
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
15. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh İsmayılov Emil Elburus oğlu arasında xx.xx.2019-cu il tarixli Güzəştli kredit müqaviləsi imzalanmış və ona müqavilədə nəzərdə tutulan kredit vəsaiti təqdim edilmişdir. Eyni zamanda iddiaçı ilə digər cavabdeh Abbasqulı̇ yev Zaur Əlövsət oğlu arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı əvvəlcə kredit müqaviləsi üzrə yaranmış ümumi borc məbləğini cavabdehlərdən müştərək qaydada tələb etdiyini bildirsə də, lakin daha sonra ərizə ilə müraciət edərək, cavabdehlərdən İsmayılov Emil Elburus oğlunun məhkəməyə müraciət etməzdən əvvəl vəfat etdiyini, müvafiq dövlət orqanlarına təqdim edilən sorğular nəticəsində mərhumun adına vərəsəlik işi açılmadığı və vərəsələr dairəsinin müəyyən edilmədiyini, eyni zamanda hazırki mülki işin hazırlıq mərhələsində olduğu zaman borc məbləği üzrə müəyyən ödənişlər edildiyini bildirmiş və bu səbəbdən yalnız cavabdeh Abbasqulı̇ yev Zaur Əlövsət oğlundan müqavilə üzrə qalıq 236.09 manat əsas borc məbləğinin tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh Abbasqulı̇ yev Zaur Əlövsət oğlu isə mərhum borclu ilə kreditor qarşısında eyni həcmdə məsuliyyət daşımasına baxmayaraq, öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Abbasqulı̇ yev Zaur Əlövsət oğlundan 236.09 manat əsas kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Abbasqulı̇ yev Zaur Əlövsət oğlundan 236.09 manat əsas kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.