Məhkəmə qərarları › İş №e-2(010)-1612/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1612/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1612/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 28604.8 manat-bundan 10962.79 manat əsas, 8669.93 manat faiz, 7382.16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1589.92 manat faiz və iş üzrə ödənilmiş 175.82 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, “DəmirBank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 90005086 nömrəli 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 13400 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 90005086/ZM nömrəli 13 fevral 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Daha sonra 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinə 11 mart 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kreditin müddəti 54 ay təyin edilir. Daha sonra 13 fevral 2015-ci il tarixli 90005086 saylı kredit müqaviləsinə 14 fevral 2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit") konvertasiya edilməklə (1 USD=1.40 AZN) 13388,52 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 20 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********347 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 28604,80 manat təşkil edir. Bundan 10962,79 manat əsas, 8669,93 manat faiz, 7382,16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1589,92 manat faiz borcu təşkil edir. Tərəflərin izahatları. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, barışıq sazişinin təsdiq olunmasını və işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. LPO İddiaçı ASC-nin **********939 nömrəli, 30 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə bağlanmış 14 fevral 2017-ci il tarixli 90005086 saylı kredit müqaviləsi üzrə 10962.79 məbləğində əsas borcu, 8669.93 manat məbləğində faiz borcu, 7382.16 manat məbləğində cərimə borcu, 1589.92 manat məbləğində gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 28604.80 manat məbləğində borcu mövcuddur. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90005086 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC - “Kreditor”, Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin müqavilənin 2-ci bəndinə əsasən, Kreditor borcalana şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 13400 USD məbləğində kredit verir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 40 faiz dərəcəsilə, aylıq isə 3.33 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan 90005086 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə olunan 1 nömrəli Sazişə əsasən, Cavabdeh2 13400 USD məbləğində krediti 36 ay müddətdə, illik 20 faiz ödəmək şərtilə götürmüşdür. Aylıq ödəniş isə 498.06 USD manat təşkil edir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən, borcalan xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək hər ayın 13-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq 498.06 USD, xx.xx.2018-ci il tarixdə isə 497,67 USD ödəniş etməlidir. İş materiallarında olan 90005086/ZM nömrəli 13 fevral 2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, “İddiaçı ASC – “Kreditor”, Cavabdeh1 – “Zamin” olmaqla bağlanmış həmin müqavilənin 1-ci bəndinə əsasən, 90005086 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin və ya zaminlər öz üzərinə götürür. Müqavilənin 4-cü bəndi: Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 90005086 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əlavə olunan 1 nömrəli Sazişə əsasən, Cavabdeh1 13400 USD məbləğində krediti 36 ay müddətdə, illik 20 faiz ödəmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür. Aylıq ödəniş isə 498.06 USD manat təşkil edir. 057 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə olunan 11 mart 2015-ci il tarixli, 004 nömrəli sazişin 1-ci bəndinə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 13400 USD təşkil edir. Kreditin müddəti isə illik faiz dərəcəsi 20 faiz olmaqla, 54 ay təyin edilir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 40 faiz təyin edilir. İş materiallarında olan 11 mart 2015-ci il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, Cavabdeh2 kredit illik 20% dərəcəsi ilə, xx.xx.2015 – xx.xx.2019-cu il tarixlərdə ödəmək şərti ilə 54 ay müddətinə verilmişdir. İş materiallarında olan 057 saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə əlavə olunan 11 mart 2015-ci il tarixli, 003 nömrəli sazişin 1-ci bəndinə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 13400 USD təşkil edir. Kreditin müddəti isə illik faiz dərəcəsi 20 faiz olmaqla, 54 ay təyin edilir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 40 faiz təyin edilir. 90005086 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə olan 004 nömrəli, 14 fevral 2017-ci il tarixli sazişin 1-ci bəndinə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 13388.52 manat təşkil edəcək. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibi 13388.52 manat əsas borc, 2357.60 manat faiz borcu, 49.21 manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə faktiki illik faiz dərəcəsi 20 faiz təşkil edir. İş materiallarında olan 002T03161406S01 nömrəli ödəniş cədvəlinə əsasən, borcalan xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hər ayın 14-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq 407.42 manat, xx.xx.2021-ci il tarixdə isə 407,02 manat ödəniş etməlidir. 90005086 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əlavə olan 02 nömrəli, 14 fevral 2017-ci il tarixli sazişin 1-ci bəndinə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 13388.52 manat təşkil edəcək. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibi 13388.52 manat əsas borc, 2357.60 manat faiz borcu, 49.21 manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə faktiki illik faiz dərəcəsi 20 faiz təşkil edir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. xx.xx.2023-cü il tarixli, **********347 nömrəli bildirişdən görünür ki, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borc barədə ona məlumat verilmiş, borcun 3 gün müddətində ödənməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Barışıq sazişinə əsasən, xx.xx.2015-ci il tarixli, 90005086 nömrəli kredit müqaviləsi üzrə bağlanmış 14 fevral 2017-ci il tarixli 02 saylı Əlavə saziş əsasında yaranmış borc məbləğinin cavabdehdən tutulması tələbinə dair məhkəmə mübahisəsinin barışıq yolu ilə həll edilməsi müəyyən edilmişdir. Suraxanı rayon Məhkəməsinin e-2(010)-1612/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə LPO İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraatın Cavabdeh2 münasibətində xitam verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır…. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ...261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Konstitusiya Məhkəməsinin Plenumun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci-ci il tarixli Qərarından çıxarış: İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında barışıq sazişi bağlandığından, Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraatın Cavabdeh2 münasibətində xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi Cavabdeh1 münasibətdə aşağıda qeyd olunan xüsusatlara əsasən təmin edilməməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 13 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə əlavə olaraq, tərəflər arasında 11 mart 2015-ci il tarixli və 14 fevral 2017-ci il tarixli sazişlər bağlanılmaqla razılığa gəlinmiş və müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə qeyd edir ki, bu tarixdən 1 il müddətinə qədər iddiaçı zaminə qarşı öhdəliyin icrası tələbi ilə müraciət edə bilərdi. Lakin bank tərəfindən bu müddət ərzində heç bir tələb irəli sürülməmişdir. Belə olan halda, yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmiş hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə bu müddəti kəsici müddət kimi hesab edir və qeyd edir ki, artıq kreditorun zaminə qarşı iddia irəli sürmək və zamindən öhdəliyin icrasını tələb etmək hüququna xitam verilmişdir. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, cavabdehin zamin olan Cavabdeh1 öhdəliyin icrasını tələb etmək hüququna xitam verildiyindən, onun münasibətində iddia tələbi rədd edilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Cavabdeh1 cəmi borcu 28604.8 manat - bundan 10962.79 manat əsas, 8669.93 manat faiz, 7382.16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1589.92 manat faiz və iş üzrə ödənilmiş 175.82 manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar