Məhkəmə qərarları › İş №e-2(010)-1616/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1616/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1616/2025 20.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 hesabına (bank kartına) köçürülmüş cəmi 45650 (qırx beş min altı yuz əlli) manat pul vəsaitinin, İddiaçı tərəfindən Cavabdeh1 əlbə-əl verilmiş 21500 manat pul vəsaitinin, Səadət adlı xanımın bank kartından Cavabdeh1 məxsus bank kartına köçürülmüş 8500 manat pul vəsaitinin, Cavabdeh1 İddiaçı almış olduğu qızıllara görə 18145 (on səkkiz min yüz qırx beş) manat pul vəsaitinin, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə görə ödənilmiş 41000 (qırx bir min) manat məbləğində pul vəsaitinin, Cavabdeh2 hesabına (bank kartına) köçürülmüş 14271 (on dörd min iki yüz yetmiş bir) manat məbləğində pul vəsaitinin və xx.xx.2023- cü il tarixdə Cavabdeh2 əlbəəl verilmiş 10000 manat pul vəsaitinin, cəmi 159.066 (yüz əlli doqquz min altmış altı) manat pul vəsaitinin və həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilmiş 450 (dörd yüz əlli) manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Zeynəb Surxayeyava xx.xx.2023-cü il tarixdə günün birinci yarısı öz evində şahidlərin iştirakı ilə əlbəəl 21500 manat məbləğində pul vermişdir. Bundan başqa onlar arasında notariat qaydasında bağlanmış borc müqaviləsinə əsasən o, xx.xx.2023-cü il tarixdə cavabdeh Zeynəb Surxayaveyava 41000 manat məbləğində borc vermişdir. Bundan başqa o, Cavabdeh1 kartına hissə hissə olmaqla 14500 manat pul vermiş, bundan başqa sonuncunun xahişi ilə tanışının kartından Cavabdeh1 hesabına 8500 manat məbləğində pul göndərmişdir. Eyni zamanda onlar arasında qızıl-zinət əşyalarının nisyə alqı satqı məsələsi olmuş, cavabdeh ondan qızılzinət əşyalarını nisyə qaydada almış və pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin sonuncunun iddiaçıya 18145 manat məbləğində borcu qalmışdır ki, bunu da cavabdehin yazdığı mesajlar təsdiq edir. Bundan başqa onlar birlikdə loteraya oynamış, cavabdeh lotereya üçün yığılan məbləğləri almış, lakin sonrakı aylarda pulu ödəməmiş, sonuncunun xahişi ilə cavabdehin əvəzinə həmin məbləğləri o ödəmiş və cavabdehin bununla bağlı 40150 manat məbləğində borcu qalmışdır. Eyni zamanda digər Cavabdeh2 də həmin lotereyada iştirak etmiş və o, Cavabdeh1 mesajları əsasında Cəmilə də lotereya borcunun əvəzi olaraq 14271 manat pul ödəmişdir. Eyni zamanda Cavabdeh2 də ondan nağd borc istəmiş və o, xx.xx.2023-cü il tarixdə Cəmilə 10000 manat məbləğində əlbəəl borc vermişdir. Lakin cavabdehlər bugünədək borclarını qaytarmamışlar. Ona görə də, Cavabdeh1 hesabına (bank kartına) köçürülmüş cəmi 45.650 (qırx beş min altı yüz əlli) manat pul vəsaitinin, İddiaçı tərəfindən Cavabdeh1 əlbə-əl verilmiş 21.500 manat pul vəsaitinin, Səadət adlı xanımın bank kartından Cavabdeh1 məxsus bank kartına köçürülmüş 8500 manat pul vəsaitinin, Cavabdeh1 İddiaçı almış olduğu qızıllara görə 18145 (on səkkiz kin yüz qırx beş) manat pul vəsaitinin, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə görə ödənilmiş 41.000 (qırx bir min) manat məbləğində pul vəsaitinin, Həmçinin Cavabdeh2 hesabına (bank kartına) köçürülmüş 14.271 (on dörd min iki yüz yetmiş bir) manat məbləğində pul vəsaitinin və xx.xx.2023-cü il tarixdə Cavabdeh2 əlb-əl verilmiş 10.000 manat pul vəsaitinin, cəmi 159.066 (yüz əlli doqquz min altmış altı) manat pul vəsaitinin və həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilmiş 450 (dörd yüz əlli) manat dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh2 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək Cavabdeh1 ilə bacısı vasitəsilə tanış olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və dəfərlərlə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclaslarının növbəti tarixə təyin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, iddiaçı Mətanət xalasıdır. Cəmil və Zeynəbi xalasıgildə görmüşdür. Xalası Buzovnada yaşayır. Xalasıgildə olan zaman cavabdehləri çox görmüşdür. Mətanət qızıl alveri ilə məşğuldur. Günün birinci yarısı saat 11-12 olardı, çay dəmləmişdi, elə həmin vaxt Cəmil və Zeynəb xalasından pul istədi. Evdə 5 yaşlı qızından başqa heç kim yox idi. 11 sentyabr 2023-cü il tarixi idi. Xalası pul sayanda görmüşdür. 20000 Zeynəbə, 10000 Cəmilə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, iddiaçı onun anasıdır. Cəmil və Zeynəbi tanıyır. Dəfələrlə onların evinə gəlib getmişlər. Borc pul və qızıl istəmişlər. 30000 manat pulun verilməsinə özü şahid olmuşdur. 11 sentyabr 2023cü il tarixdə həmin məbləğ qonaq otaqlarında verilmişdir. Qızıl alırdılar. Gülnar adlı xanımla da gəlirdi. Favorit marketdə ödənişlər etmiş, çeklər də var. Lotareya oynayırdılar. Daha çox nağd şəkildə ödənilib. Cəmilə də pul göndərib. Özündən soruşanda pulun çatdığını demişdi. Hələ demişdi ki, Unibankla ödə faiz tutur. İş materialları xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh1 41000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verir. Borc alan krediti xx.xx.2023-cü il tarixinədək Borc verənə notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh1 borcunu ödəməyi təklif etmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdeh Zeynəb Surxayavavanın kart hesabına müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla, cəmi 54150 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 kart hesabına müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla, cəmi 14271 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş sms yazışmalardan görünür ki, Cavabdeh1 iddiaçıya qızıl-zinət əşyalarına görə 18145 manat məbləğində borcun qaldığını qəbul etmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respu blikası Mülki Məcəlləsi Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 159066 manat məbləğində pul vəsaitinin və ödənilmiş 450 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Zeynəb Surxayeyava xx.xx.2023-cü il tarixdə günün birinci yarısı öz evində şahidlərin iştirakı ilə əlbəəl 21500 manat məbləğində pul vermişdir. Bundan başqa onlar arasında notariat qaydasında bağlanmış borc müqaviləsinə əsasən o, xx.xx.2023-cü il tarixdə cavabdeh Zeynəb Surxayaveyava 41000 manat məbləğində borc vermişdir. Bundan başqa o, Cavabdeh1 kartına hissə hissə olmaqla 14500 manat pul vermiş, bundan başqa sonuncunun xahişi ilə tanışının kartından Cavabdeh1 hesabına 8500 manat məbləğində pul göndərmişdir. Eyni zamanda onlar arasında qızıl-zinət əşyalarının nisyə alqı satqı məsələsi olmuş, cavabdeh ondan qızıl-zinət əşyalarını nisyə qaydada almış və pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin sonuncunun iddiaçıya 18145 manat məbləğində borcu qalmışdır ki, bunu da cavabdehin yazdığı mesajlar təsdiq edir. Bundan başqa onlar birlikdə loteraya oynamış, cavabdeh lotereya üçün yığılan məbləğləri almış, lakin sonrakı aylarda pulu ödəməmiş, sonuncunun xahişi ilə cavabdehin əvəzinə həmin məbləğləri o ödəmiş və cavabdehin bununla bağlı 40150 manat məbləğində borcu qalmışdır. Eyni zamanda digər Cavabdeh2 də həmin lotereyada iştirak etmiş və o, Cavabdeh1 mesajları əsasında Cəmilə də lotereya borcunun əvəzi olaraq 14271 manat pul ödəmişdir. Eyni zamanda Cavabdeh2 də ondan nağd borc istəmiş və o, xx.xx.2023-cü il tarixdə Cəmilə 10000 manat məbləğində əlbəəl borc vermişdir. Lakin cavabdehlər bugünədək borclarını qaytarmamışlar. Ona görə də, Cavabdeh1 hesabına (bank kartına) köçürülmüş cəmi 45.650 (qırx beş min altı yüz əlli) manat pul vəsaitinin; İddiaçı tərəfindən Cavabdeh1 əlbəəl verilmiş 21.500 manat pul vəsaitinin; Səadət adlı xanımın bank kartından Cavabdeh1 məxsus bank kartına köçürülmüş 8500 manat pul vəsaitinin; Cavabdeh1 İddiaçı almış olduğu qızıllara görə 18145 (on səkkiz kin yüz qırx beş) manat pul vəsaitinin; Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə görə ödənilmiş 41.000 (qırx bir min) manat məbləğində pul vəsaitinin; Həmçinin Cavabdeh2 hesabına (bank kartına) köçürülmüş 14.271 (on dörd min iki yüz yetmiş bir) manat məbləğində pul vəsaitinin və xx.xx.2023-cü il tarixdə Cavabdeh2 əlb-əl verilmiş 10.000 manat pul vəsaitinin; cəmi 159.066 (yüz əlli doqquz min altmış altı) manat pul vəsaitinin və həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilmiş 450 (dörd yüz əlli) manat dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh2 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borc, nisyə alqı satqı və lotereya oynamaq olmaqla bir neçə yerə ayrılmışdır və hər birinə ayrı-ayrılıqda qiymət verilməlidir. Məhkəmə ilk olaraq iddia tələbinin notariat qaydasında bağlanmış borc müqaviləsi əsasında verilmiş 41000 manat məbləğində borcun qaytarılması ilə bağlı hesab edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh1 iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış borc müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə pul vəsaitini borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq borc müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarının satılması ilə bağlı ödənilməmiş 18145 manat məbləğində pul vəsaitinə münasibətdə hesab edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan “whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalardan açıq-aydın görünür ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı münasibətləri yaranmış, iddiaçı özünə məxsus olan qızıl-zinət əşyalarını Cavabdeh1 sərəncamına vermiş, cavabdeh isə həmin qızılları öz sərəncamına qəbul etmiş, dəyərini sonradan ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu tam şəkildə ödəməmişdir. Məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin dəyəri 18145 manat təşkil edir və iddiaçı qeyd edilən məbləğin ödənilməməsini cavabdehlə “whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalarla təsdiq edir. Cavabdeh qeyd edilən yazışmalarda iddiaçıdan aldığı qızıl-zinət əşyalarının dəyərindən 18145 manat məbləğində ödənilməmiş hissə qaldığını inkar etmir. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi məhkəmə tərəfindən tam sübut edilmiş hesab edilir və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq iddia ilə bağlı etiraz bildirmədiyindən və sübut təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin 40150 manat məbləğində Cavabdeh1, 14271 manat məbləğində isə Cavabdeh2 lotereya oynamaq üçün pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, göründüyü kimi mülki qanunvericilikdə bu münasibətləri tənzimləyən heç bir müddəa nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsində qeyd edilmişdir ki, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki məsələ ilə bağlı münasibətləri tənzimləyən birbaşa maddi hüquq norması olmadığından hüququn analogiyası tətbiq edilməklə adət hüququ tətbiq edilməlidir. Belə ki, bunun üçün ilk olaraq lotereya oynamanın mahiyyətinə diqqət yetirmək lazımdır. Tərəflərin lotereya adlandırdıqları institut adət hüququnda faizsiz kredit münasibətlərinə oxşarlıq təşkil edir və lotereyaya qoşulan şəxslər sıra ilə hər biri eyni məbləğdə pulu hər ayın müəyyən olunmuş günündə toplayır və sıra ilə nəzərdə tutulmuş şəxsə ödəyirlər. Burada bir nəfər təşkilatçılıq edir və siyahının təşkil edilməsini, eyni zamanda pulların yığılmasına və digər şəxslərə ödənilməsinə nəzarət edir. Bu zaman hər bir şəxs aylıq verəcəyi məbləğləri toplam aylar hesablanmaqla birdəfəyə götürür, sonra isə həmin məbləği aylar üzrə ödəyirlər. Bu münasibətlər qanunvericiliklə birbaşa tənzinlənməsə də adət hüququ üzrə geniş yayılmış münasibətlərdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin lotereya hissəsi ilə bağlı iddia tələbinə hüququn analogiyası qaydasında adət hüququ tətbiq edilməklə iddia həmin hissədə qismən təmin edilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən və “whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalardan da açıq göründüyü kimi iddiaçı oynanılan lotereya üzrə cavabdehin kart hesabına davamlı olaraq ödənişlər etmiş və 31150 manat məbləğində pul köçürmüşdür. İddiaçı iddia ərizəsində həmin məbləğin 40150 manat olduğunu bildirsə də, iddiaçının iddia ərizəsində apardığı hesablamalardan və məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, iddiaçının qeyd etdiyi ödənişlərin cəmi 31150 manat təşkil edir. İddiaçı iddia ərizəsində hesablama səhvi apararaq qeyd etdiyi məbləğlərin cəmini 40150 manat kimi göstərmişdir. Cavabdeh lotereyanın təşkilatçısı və tənzimləyicisi olaraq qeyd edilən məbləğləri əldə etmiş, lakin iddiaçının sırası gəldiyində həmin məbləğləri iddiaçıya ödəməmişdir. Eyni zamanda iddiaçı həmin məsələ ilə bağlı 14271 manat məbləğində Cavabdeh2 kart hesabına da pul göndərdiyini bildirsə də, iddiaçının məhkəməyə təqdim etdiyi yazışmalardan görünür ki, həmin kart hesabını da iddiaçıya Cavabdeh1 təqdim etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 məxsus bank kartına pulların köçürülməsi sübut edilsə də, həmin məbləğin məhz Cavabdeh1 göstərişi ilə köçürülməsi, həmin məsələ ilə bağlı iddiaçı ilə Cavabdeh2 arasında heç bir münasibətin yaranmaması və cavabdehin qeyd edilən məsələ ilə bağlı öz iradə ifadəsini əks etdirməməsi səbəbindən qeyd edilən məbləğ də Cavabdeh1 tutulmalı, iddia tələbi həmin hissədə Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İddia tələbinin Cavabdeh1 nağd şəkildə verilmiş 21500 manat məbləğində pul vəsaiti hissəsinə gəldikdə məhkəmə tərəflər arasında “whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalar və məhkəmə iclasında dinlənilən şahid ifadələrinə əsasən müəyyən edir ki, iddiamı İddiaçı Cavabdeh1 nağd şəkildə 21500 manat pul vermişdir. Məhkəmə həmçinin iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı cavabdehə köçürmə yolu ilə 11 sentyabr 2023-cü il tarixində ümumilikdə 10000 manat, 2023-cü ilin sentyabr ayında 4500 manat, 30 sentyabr 2023-cü il tarixində isə 8500 manat məbləğində pul vermişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh iddiaçıdan ümumilikdə 44500 manat məbləğində pul vəsaiti qəbul etməklə əsassız varlanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələb edilən məbləğdə pul vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, Cavabdeh2 verilən 10000 manat məbləğində pulla bağlı məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı iddia tələbinin həmin hissəsini məhkəmə iclasında sübut edə bilməmiş, cavabdehin qeyd edilən məbləği almasını yalnız şahid ifadələri ilə təsdiq etməklə kifayətlənməli olmuşdur. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələbini və etirazını sübut etməklə mükəlləfdir. Lakin iddiaçı qeyd edilən hissədə iddia tələbini lazımi qaydada sübut edə bilməmişdir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Surxayeva Cavabdeh1 149066 (bir yüz qırx doqquz min altmış altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 450 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 149066 (bir yüz qırx doqquz min altmış altı) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 450 (dörd yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar