Məhkəmə qərarları › İş №e-2(010)-1617/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1617/2023

19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1617/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X12 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. Nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən və ona əlavə edilmiş qoşmadan görünür ki "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus olan “Hyundai Accent” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır.

2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus olan X9 tərəfindən idarə olunan “Hyundai Accent” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Lənkəran-Lerik yolunun 44-cü kilometrliyində X3 idarə etdiyi “Mercedes Vito CDİ” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.

3. X6 tərəfindən verilən izahatın surətindən görünür ki, “Mercedes Vito CDİ” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. O həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2021-ci il tarixdə Lerik şəhərindən Bakı şəhərinə gedərkən saat təqribən 10:20 radələrində sola sərt döngəli hərəkətdə olan zaman hərəkət zolağında “Hyundai Accent” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ döngəli yolda hərəkətdə idi və avtomobillər tam mərkəzdə toqquşmuşlar. Özünü tam günahkar hiss etmir. Hadisə zamanı hər iki avtomobilə ziyan dəymişdir. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmişdir.

4. Lerik rayon Yol patrul xidməti tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci (əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması halına yol verilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

6. xx.xx.2021-ci il tarixli təmir aktı və xx.xx.2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, “Hyundai Accent” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2957 manat təşkil edir.

7. xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, “Hyundai Accent” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 2957 manat hesablanmışdır.

8. İşdən görünür ki, "xxxx"xxxx"xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətinə ünvanlanan məktubdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “Hyundai Accent” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2957 manat məbləğində hesablanmışdır və azadolma məbləği çıxıldıqdan sonra 2657 manat məbləğində sığorta ödənişinin "xxxx" ASC-nin hesabına ödənilməsi xahiş edilmişdir.

10. 64.1.1 nömrəli hesab üzrə kartoçkanın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair subroqasiya qaydasında 1453,5 manat məbləğində pul vəsaiti ödənilmişdir.

11. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh “X14 CDİ” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X4 tərəfindən etibarnamə verilmişdir.

12. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə X7 “Hyundai Accent” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 12 ay müddətinə etibarnamə verilmişdir.

13. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə pulun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

14. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman 32,10 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsaslandırılmış rəy alınması üçün mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi göndərilmiş və Mərkəz iş üzrə xx.xx.2023-cü il tarixli, 9/5469 nömrəli rəyi məhkəməyə göndərmişdir. Həmin rəydən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Hyundai Accent” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2957,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 2257,0 manat; təmir-bərpa işlərinin qiyməti 700,0 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 3% (2-6%) aşınma nəzərə alınmaqla, 3 il (2018-2021) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 2059,0 manat müəyyən edilir: / 2759,0 - 3% / - 3 dəfə. Nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Hyundai Accent” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2759,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Hyundai Accent” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2759,0 manat müəyyən edilir.

İddia tələbi.

16. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1203,5 manat məbləğində verilmiş sığorta ödənişinin; 32,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

17. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (sığortaçı) "xxxx" ASC ilə sığortalı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “Hyundai Accent” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2021-ci il tarixdə Lerik rayonunun ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X14” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar 2657 manat məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Sığortalanmış avtomobilin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalıya ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X14” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş X3 mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətində sığortalanmışdır. Bu səbəbdən həmin şirkətə sığorta tələbi verilmiş və sığorta şirkəti tərəfindən proporsional qaydada 1453,5 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. (İcbari Sığortalar haqqında Qanunun 58.3-2 maddəsinin tələbinə əsasən). Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 1203,5 manat təşkil edir.

18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Tərəflərin izahatları.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

20. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq.

21. Azərbaycan Respublikası Müki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

24. Belə ki, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “X14 CDİ” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai Accent” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. İddiaçı tərəfindən hadisə nəticəsində zərər dəymiş avtomobilə görə 2957 manat məbləğində sığorta ödənişi ödənilmişdir. “X14” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş X3 mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətində sığortalanmışdır. Bu səbəbdən həmin sığorta şirkəti tərəfindən proporsional qaydada 1453,5 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir.

25. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2ci (əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması halına yol verilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

26. Sığortalanmış “Hyundai Accent” markalı, **-PZ-***dövlət qeydiyyat nişanlı avtomobillə “X14” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir.

27. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən subroqasiya qaydasında zərərin əvəzini ödəmək tələbi əmələ gəlmişdir.

28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən vurulmuş zərərə görə 1203,5 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

29. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

30. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 32,10 manat dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödəmişdir.

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə təmin edildiyindən, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 32,10 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı cavabdehə aid edilməlidir.

33. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş 50 manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş xərc cavabdehə aid edilməli və ondan tutularaq dövlət nəfinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh 1203,5 (min iki yüz üç manat əlli qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi və 32,50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizanın keçirilməsinə sərf olunmuş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar