Məhkəmə qərarları › İş №e-2(010)-1620/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1620/2025

22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1620/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X8 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı X19 Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nəvəsi X12 adına torpaq sahəsi almaq istəmiş, həmin zamanlarda isə əvvəlcədən tanıdığı X16 özünə məxsus 1 sot torpaq sahəsində yerləşən evi 15000 manata satdığını söyləmişdir. 2021-ci ilin payız aylarında o, evə baxıb, bəyənmiş və həmin evi 15000 manata alacağı barədə razılığa gəlmişlər. Bu məqsədlə evə dair sənəd almaq istədikdə isə X1 istədiyi evin birgə mülkiyyətdə olduğunu bilmişdir. X1 istədiyi evin sənədlərinin isə olmadığını, onun adına olan çıxarışın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair olduğunu, həmin evin həyətyanı torpaq sahəsinin 7 sot olduğunu və X1 istədiyi 1 sot torpaqda yerləşən evin isə sənədlərinin olmadığını, yəni evin reyestrdə qeydə alınmadığını bildiyinə görə həmin zaman alğı-satqı edə biməmişlər. Belə ki, X1 istədiyi torpaq sahəsinin bölgü sxemi çəkilsə də, həmin torpaq sahəsi yalnız birgə mülkiyyətçilər, yəni X16 ilə X17 tərəfindən satıla biləcəyinə görə qeyd edilən torpaq sahəsinə dair alğı-satqı müqaviləsi ya hər iki mülkiyyətçi tərəfindən imzalanmalı, ya da ki, qeyd edilən torpaq sahəsi naturada X6 adına ayrıldıqdan sonra satılmalı idi. Məhz buna görə qeyd edilən torpaq sahəsinə dair bölgü sxemi tərtib edildikdən sonra alğı-satqı baş tutmamış, X2 düzəltdikdən sonra torpağı satacağına dair söz vermişdir. O, X6 torpağı satacağı barədə sözünə inanaraq, artıq torpağın üzərində yerləşən evi təmir etmək istədiyini X9 bildirdikdə, o, evi özünün təmir edəcəyini söyləmişdir. O, X10 yaxşı tanımış, onun ev təmiri ilə məşğul olduğunu, yaxşı bacarıqlı usta olduğunu bilmişdir. Ona görə də o, evin təmir edilməsi üçün, ilkin olaraq dəmir qapı qoyulması üçün 800 manat X9 vermişdir. Daha sonra isə daş, qum, sement və digər təmir materialları almaq üçün və usta pulu olaraq müxtəlif vaxtlarda X9 pullar vermiş, X16 bu pullarla həmin evi təmir etmişdir. O, ümumilikdə X9 5000 manat məbləğində pul vermiş, həmi pulla evi tam təmir etməsə də, müəyyən bir işlər görmüşdür. 2023-cü ilin yanvar ayında isə X16 ondan evin pulunu ödəməsini xahiş edərək, həmin pulla evin sənədlərini düzəldib, evi ona satacağını bildirmişdir. O, X16 ilə razılaşmışdır ki, ona evə dair etibarnamə verəcək və o da qarşılığında evin pulunu ödəyəcəyək. Onlar bu məqsədlə 31 yanvar 2023-cü ildə 4 saylı Bakı ASAN xidmət mərkəzinə getmiş və orada X16 əmlakına dair sərəncam vermək hüququ ilə ona etibarnamə vermişdir. Daha sonra onlar ona məxsus mağazaya gəlmiş və o, mağazada 15000 manat məbləğində pul vəsaitini X9 vermiş, X16 da ona evin sənədlərini tezliklə düzəldib alğı-satqı edəcəyini demişdir. O, 15000 manat pulu X9 verdikdən sonra 24 mart 2023-cü il tarixdə X16 ölmüşdür. X16 öldükdən sonra onun yas mərasimində iştirak etmiş və söz arası onun atasına, hazırki iş üzrə cavabdehə onun oğlu Ramilin özünə məxsus evin bir hissəsini 15000 manata ona satdığını bildirdikdə o, bunu bildiyini, tezliklə X6 avtomobilini sataraq onun pulunu qaytaracağını bildirmişdir. O, cavabdehin qeyd edilən evi ona satmaq istəmədiyini başa düşüb, evə görə verdiyi pulun geri qaytarılmasına da razı olmuşdur. Cavabdeh tezliklə mirası qəbul edib, onun pulunu qaytaracağına söz verdiyinə görə onu bir daha narahat etməmiş və mirasın qəbul edilməsi üçün lazım olan müddətin keçməsini gözləmişdir. 2023-cü ilin axırlarında o, cavabdehə yenidən yaxınlaşaraq, ondan pulunu tələb etdikdə isə, yenə də ona avtomobili satıb pulunu qaytaracağını dediyinə görə, gözləməyə məcbur olmuşdur. Bu minvalla o, tez-tez cavabdehdən pulunu verməsini tələb etsə də, sonuncu dəfə ona heç bir pul qaytarmayacağını bildirdiyinə görə, onun barəsində 31-ci PB-nə müraciət etmişdir. Onun müraciətinə əsasən 31-ci PB-də araşdırma aparılımış, cavabdeh orada izahat verərək, onun pulunu qaytaracağına söz vermiş, ona görə onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, artıq cavabdehin onun pulunu qaytarmadığını görərək, X9 verdiyi 15000 manat məbləğində pul vəsaitini və ona məxsus evin təmirinə xərclədiyi 5000 manat məbləğində pul vəsaitini cavabdehdən məcburi qaydada almaq üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İşin halından da görünür ki, X16 ondan özünə məxsus evi satmaq üçün 15000 manat məbləğində pul vəsaiti almış, bundan əlavə o, həmin evin təmirinə 5000 manat məbləğində pul vəsaiti xərcləmiş, lakin X16 qəfil öldüyünə görə evi öz adına rəsmiləşdirə bilməmiş, bununla da onun qeyd edilən məbləği X4 geri tələb etmək hüququ yaranmışdır. Lakin, X16 öldüyünə görə varisləri ondan qalan mirasın həcmində onun öhdəliklərinə görə məsuliyyət daşıyırlar. Belə ki, 25 sentyabr 2023-cü il tarixli, 2V-788 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2023-ci il tarixdə vəfat etmiş - X6 vərəsəsi Cavabdehdur, şəhadətnamə verilən miras əmlak, **********94-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.1 kv/m olan fərdi yaşayış evinin, ümumi sahəsi 0.07987 ha olan torpaq sahəsinin miras qoyana məxsus hissəsindən ibarətdir. 25 sentyabr 2023-cü il tarixli, 2V-789 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2023-ci il tarixdə vəfat etmiş- X6 vərəsəsi Cavabdehdur, şəhadətnamə verilən miras əmlak, xx.xx.2022- ci il tarixli BA187093 nömrəli qeydiyyat şədətnaməsinə əsasən ban nömrəsi 1FMYU92Z17KB96497, buraxılış ili 2006-cı il olan, “Ford Escape” minik markalı, **-KS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Göründüyü kimi X6 vərəsəsi cavabdeh olduğuna görə onun miras qoyanın borcunu ödəmək vəzifəsi yaranmışdır. İşin halından da görünür ki, X16 ona ev satmaq adı ilə 15000 manat məbləğində pul vəsaitini almış, həmin pul vəsaitini aldıqdan sonra evi ona satmamış, onun verdiyi 5000 manat məbləğində pul vəsaitinə isə özünə məxsus evi təmir edərək, öz evini yaxşılaşdırmış, bununla da o, sağlığında onun hesabına əsassız olaraq varlanmış və onun əsassız varlandığı pul vəsaitini qaytarmaq vəzifəsi yaranmış, lakin o, öldüyünə görə onun bu vəzifəsi onun əmlakını miras qismində qəbul etmiş vərəsəsinə keçmişdir. Əsl olmayan tərəfin əvəz edilməsi İddiaçının yazılı razılığı ilə tələb hüququ olmayan şəxs tərəfindən verilmiş iddia üzrə əsl olmayan iddiaçı əsl iddiaçı – İddiaçı ilə əvəz edilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin mərhum oğlu evin alğı-satqısı məqsədi ilə iddiaçıdan 15000 manat, həmin evin təmiri üçün isə 5000 manat məbləğində pul vəsaiti almış, lakin evin alğı-satqısı rəsmiləşmədən vəfat etmişdir. Torpaq sahəsi mərhum və əmisinin birgə mülkiyyətində idi, yəni paylar müəyyən olunmamışdı. Müqavilə rəsmiləşdirilməsə də mərhum iddiaçıya həmin daşınmaz əmlaka dair bölgü sxemini vermiş, sənədləşmə işlərinin aparılması üçün isə iddiaçının anasına etibarnamə vermişdir. İddiaçı bunun müqabilində 15000 manat məbləğdə pul vəsaitini cavabdehin oğluna vermiş, o da öz növbəsində özünə yeni nəqliyyat vasitəsi almışdır. İddiaçının həqiqətən də cavabdehin mərhum oğluna həmin məbləğdə pul vəsaiti verməsi əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapır. Təmir xərcləri üçün verilən pula münasibətdə hər hansı sübutları olmasa da, cavabdehin təqdim etdiyi mərhuma aid əlyazıları sübut kimi qəbul edilməlidir. Cavabdeh mərhum oğlunun qanun üzrə vərəsəsi olduğu üçün ondan qəbul etdiyi miras əmlak həcmində oğlunun öhdəlikləri üçün məsuliyyət daşıyır. Düzdür, hazırkı iş üzrə cavabdehin mərhum oğlunun borclarından xəbəri olmaya bilər, lakin bu vəziyyət onu məsuliyyətdən azad etmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və nümayəndəsinin (vəkilinin) izahatını təsdiqləyərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, mərhum oğlunun iddiaçıya pul verib-verməməsindən xəbəri yoxdur. Oğlu ilə son vaxtlar danışmırdı, ayrı yaşayırdılar. İddiaçı onun mərhum oğluna 15000 manat məbləğində pul vəsaiti verdiyini və bunun əvəzində torpaq sahəsini aldığını bildirsə də, həmin pulun verilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bölgü sxemi və etibarnamənin iddiaçıda olması heş nəyi dəyişmir. İddiaçının anası ona bildirmişdir ki, o, təklikdə həmin pulu Ramilə vermişdir və bu hərəkətindən peşmandır. Məhkəmə iclasında şahid qismində ifadə verən şəxslər də, kifayət qədər öyrədilmiş şəxslərdir və onların heç biri pulu, eləcə də pulun verilməsini görməmişlər. Sonuncu məhkəmə iclasından sonra mərhum oğlunun evinə baxış keçirmiş və oğluna məxsus dəftər tapmışdır. Dəftərə baxış keçirən zaman iddiaçının oğluna 1685 manat məbləğində pul vəsaiti verməsi, həmin vəsaitin oğlu tərəfindən imza edilməklə təhvil alınması və təmirlə bağlı lazımı materialların adının əks olunması kimi faktları aşkar etmişdir. 1685 manat məbləğində pul vəsaitinin verilməsi belə iddiaçı ilə mərhum oğlu arasında rəsmiləşdirildiyi halda, 15000 manat evin alınması üçün verilən pulun rəsmiləşdirilməməsi sual doğurur. Həmçinin, şahid ifadələri ilə bağlı qeyd edilməlidir ki, həmin şahidlərdən biri usta kimi işləmiş və haqq-hesabdan xəbəri olmadığını bildirmişdir. İddiaçının həqiqətən mərhum oğluna 15000 manat pul vəsaiti verməsi heç bir sübutla öz təsdiqini tapmır. Yalnız təmir üçün 1685 manat məbləğin verilməsi sübuta yetdiyi üçün həmin məbləği ödəməyə razıdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, həm iddiaçı, həm də cavabdehin oğlu onun qonşusu olmuşdur. O, uzun illər məhkəmə sistemində çalışdığı üçün iddiaçı, onun anası və mərhum evin alğı-satqısı ilə bağlı məsləhət almaq üçün onun yanına gəlmişdir. Dedilər Ramildən ev almışıq. O, əmlakın paylı mülkiyyətdə olduğunu bilən zaman onlara əvvəlcə əşyanın naturada bölünməli olmasını, bu işlərlə bağlı yaxşı bir vəkilə yaxınlaşmalarını bildirsə də, Ramil ona verilən 15000 manata özünə maşın aldığını və vəkil üçün pulu olmadığını söyləmişdir. Bu hadisədən sonra bir neçə dəfə qonşuluqda yaşadığı iddiaçı ilə rastlaşmış və evin təmirtikintisinin nə yerdə olduğunu xəbər almışdır. İddiaçı cavab olaraq, cavabdehin mərhum oğlunun öldüyünü, cavabdehin özünün isə pulu qaytarmaq istəmədəyini və bununla bağlı polisə şikayət edildiyini bildirmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X24 ifadəsində bildirdi ki, həm iddiaçı, həm də cavabdehin mərhum oğlu ilə uzun müddət qonşuluqda yaşamışdır. İddiaçını onların məhəlləsində həm gəlindir, həm də tibb bacısı kimi işləyir. Ramil isə usta kimi fəaliyyət göstərirdi. Ramil bir neçə dəfə onun evində usta kimi işləmişdir. 2021-ci ilin noyabr ayının sonları evdə müəyyən işlərin görülməsi bağlı Ramili evə çağırmış və sonuncu evdən çıxan zaman qapıda qara rəngli “Ford” markalı maşın dayandığını görmüşdür. Ramildən maşını necə əldə etməsini soruşduqda, torpağını satdığını və həmin pulla aldığını söyləmişdir. Evin hansı qiymətə satılması isə ona məlum deyil. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, iddiaçı onun bacısıdır. Ramili isə 15 ildən çoxdur ki, tanıyır. Bir gün Ramil kafedə metlax vuran zaman öz həyətlərində yerləşən evi satmaq niyyətinin olmasını demiş, bu barədə anasına dedikdə, anası nəvəsi üçün həmin evi almaq istədiyini bildirmişdir. Daha sonra Ramil evin sənədlərini özü ilə götürərək həmin mağazaya gəlmiş və mağaza daxilindəki otaqda 15000 manat məbləğində pul vəsaiti anası tərəfindən mərhuma verilmişdir. Pulun verilməsi zamanı özü, anası, bacısı və mərhum olmuş, otaqda kənar şəxslər olmamışdır. Evi satdıqdan sonra mərhumun özünə maşın alması da ona məlumdur. Maşın qara rəngdə və həcminə görə böyük olmuşdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirdi ki, iddiaçını şəxsən tanıyır. Belə ki, iddiaçı onun qonşusudur. Cavabdehin mərhum oğlunu şəxsən tanımasa da, usta kimi işlədiyi ona məlum idi. İddiaçı evin alğı-satqısı üçün əlində bir salafanın içərisində olan pulu Ramilə mağazada təhvil vermişdir. Həmin pulun ümumi məbləği ona məlum olmasa da, pulun verildiyini görmüşdür. Mərhum həmin evin təmirində özü də usta kimi işləmiş, iddiaçının anasının verdiyi pul hesabına təmiri aparmışdır. Bir neçə dəfə iddiaçı ilə birlikdə həmin evin təmirinə baş çəkmiş, mərhumdan başqa bir nəfərin də evdə usta kimi işlədiyini görmüşdür. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, iddiaçını həkim kimi tanıyır. Ramil ilə dostluq münasibətləri mövcud olmuşdur. Belə ki, mərhum usta kimi, özü isə onun yanında fəhlə kimi günəmuzd çalışmışdır. Sözügedən evin tikilməsində fəhlə kimi işləmiş və pulu mərhum Ramildən almışdır. Həmin torpaq sahəsinin və üzərində inşa ediləcək evin tikilməsi üçün pulun Ramilə verilməsini birbaşa görməmiş, yalnız Ramilin bu barədə deməsindən sonra məlumatlı olmuşdur. Həmin evin tikilməsi zamanı günə 10-15 manat həcmində pul almışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar X17 tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, Əhmədağa Məmmədov ümumi birgə mülkiyyətdə olan və qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 2 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin və ümumi sahəsi 0.079870 ha olan torpaq sahəsinin X9 məxsus olan hissəsini satın almaqda üstünlük hüququndan imtina edir və həmin hissənin digər üçüncü şəxsə satılmasına etiraz etmir. xx.xx.2023-cü il tarixli, 2V-788 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi atası – Cavabdehdur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X9 verilmiş **********94-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 109.01 m2 olan fərdi yaşayış evinin, ümumi sahəsi 0.07987 ha olan torpaq sahəsinin miras qoyana məxsus hissəsindən ibarətdir. xx.xx.2023-cü il tarixli, 2V-789 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi atası – Cavabdehdur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak –xx.xx.2022-ci il tarixli, BA187093 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2006-cı il olan “Ford Escape” minik markalı, **-KS- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, **********94-10301 reyestr nömrəli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 2 ünvanında yerləşən, ümumi sahəsi 109.10 m2 olan fərdi yaşayış evi X16 və X7 ümumi birgə mülkiyyətindədir. X25 tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə ölmüş oğlu – X4 irs qalmış (yaşayış (ev, mənzil və otaq qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın qanun üzrə və məcburi paya dair ona çatası hissəsindən imtina etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd əl yazısından müxtəlif inşaat materiallarının adının qeyd edilməsi, eləcə də iddiaçının cavabdehin mərhum oğluna 1650 manat məbləğində pul vəsaiti verməsi ilə bağlı məlumatın əks olunması və bu məlumatın imzalarla təsdiq edilməsi müəyyən olunur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, əsl olmayan iddiaçı X19 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 324. Əqd anlayışı və onun növləri. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti və kreditorların təmin edilməsi zamanı sübutetmə yükü. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin əhəmiyyətsiz əqd üzrə alınanların miras əmlakı qəbul etmiş vərəsə tərəfindən geri qaytarılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci (əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər) və 1306-cı maddələrinin (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti və kreditorların təmin edilməsi zamanı sübutetmə yükü) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 2 ünvanında yerləşən, ümumi sahəsi 109.10 m2 olan fərdi yaşayış evi X3 və X7 ümumi birgə mülkiyyətində olmuşdur. X3 və iş üzrə İddiaçı arasında həmin daşınmaz əmlakın (fərdi yaşayış evinin) şifahi alğı-satqısına dair müqavilə bağlanmış, İddiaçı 15000 manat məbləğində pul vəsaitini Ramil Məmmədova vermiş, lakin satıcı həmin daşınmaz əmlakı alıcının mülkiyyətinə verməmiş və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun ölümündən sonra adına vərəsəlik işi açılmış, miras qoyanın birinci dərəcə vərəsələri qismində anası və atası tanınsa da, anası miras əmlakın qanun üzrə və məcburi paya dair ona çatası hissəsindən imtina etmiş, atasının, yəni hazırkı iş üzrə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, cavabdeh həmin miras əmlakları qəbul etmişdir. Şəhadətnamə verilən miras əmlak qismində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 109.01 m2 olan fərdi yaşayış evinin, ümumi sahəsi 0.07987 ha olan torpaq sahəsinin miras qoyana məxsus hissəsi və buraxılış ili 2006-cı il olan “Ford Escape” minik markalı, **-KS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi tanınmışdır. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinin alınması üçün cavabdehin mərhum oğluna verilmiş 15000 manat və həmin evdə təmir işlərinin aparılması üçün mərhuma verilmiş 5000 manat məbləğində pul vəsaitinin miras əmlakı qəbul etmiş cavabdehdən geri alınmasını tələb etmişdir. Məhkəmə baxış iclasında şahid qismində ifadə vermiş şəxslərin bir neçəsi həmin pul vəsaitinin verilməsi barədə məlumatlı olsa da, müvafiq pul vəsaitinin miqdarı barədə tam məlumatlı olmamış, iş üzrə şahid qismində dindirilən iddiaçının qardaşı verilən pul vəsaitinin 15000 manat məbləğində olmasını və həmin məbləğin özlərinə məxsus mağazada verilməsini öz ifadəsi ilə təsdiq etmişdir. Şahidin bu sövdələşmənin məhz cavabdehin mərhum oğlunun evə dair sənədləri təqdim etməsi ilə eyni anda baş tutmasını bildirməsi və evə dair müəyyən sənədlərin (ümumi birgə mülkiyyətdə olan əşyanın digər mülkiyyətçisinin satın almaqda üstünlük hüququndan imtina etməsinə dair ərizənin, fərdi yaşayış evinin bölgü sxeminin, iddiaçının anasına mərhum tərəfindən etibarnamənin verilməsi və s.) məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi bu razılaşmanın baş tutmasını bir daha təsdiq edir. Müvafiq əqd üzrə daşınmaz əşyanın alğı-satqısının hansı qiymətə razılaşdırılması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsində qeyd edilmişdir ki: “... izahatı alınmış Cavabdeh bildirmişdir ki, barəmdə edilən şikayət ərizəsi ilə tanış oldum. Barəmdə şikayət edən İddiaçı uzun müddətdir tanıyıram. Aynurə mərhum oğlum Ramil Məmmədova məxsus 0.01 ha torpaq sahəsində inşa olunmuş birmərtəbəli evi alması üçün 15000 manat pul vermişdir. Sonradan oğlum rəhmətə getdiyindən evin sənədləşməsi yarımçıq qaldı. Mən isə həmin evi satmaq istəmədiyimdən Aynurənin verdiyi 15000 manat pulu ona qaytaracağımı bildirdim. Çünki Ramin həmin pul ilə Ford markalı maşın almasını və həmin maşını sataraq pulu qaytaracağımı onlara bildirdim. Lakin maşını sata bilmədiyimdən həmin pulu Aynurəyə verə bilmədim. Aynurə isə məndən Ramilə verdiyi pulu tələb edirdi. Mən isə həmin pulu ona qaytarmaq istəmədim. Evi də maşını da saxlamaq qərarına gəlmişdim. Lakin maşını satışa qoymuş və satılan kimi Aynurənin pulunu qaytaracağam. Aynurənin barəmdə yazdığı şikayət ərizəsində mən onun pulunu qaytaracağımı bildirmişəm”. Göründüyü kimi, iş üzrə cavabdeh polis şöbəsində bu sövdələşmənin həqiqətən baş tutduğunu, fərdi yaşayış evinin məhz 15000 manat məbləğində satışının razılaşdırıldığını və bu məbləğin iddiaçı tərəfindən mərhum oğluna verilməsini etiraf etmiş, lakin iş üzrə məhkəmə prosesləri zamanı iddia tələbini həmin hissədə qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin həmin hissədə rəddinə yönələn müdafiə mövqeyi işin həqiqi hallarının gizlədilməsinə yönəlmişdir və hər hansı əsasa söykənmir. Həmçinin, cavabdeh həmin izahatında iddiaçının onun mərhum oğluna verdiyi pul vəsaiti hesabına nəqliyyat vasitəsi əldə etməsini bildirmişdir ki, bu fakt da iş materiallarına əlavə edilmiş müvafiq sənədlər və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbini yalnız fərdi yaşayış evinin təmiri ilə bağlı çəkilmiş xərclərin əvəzinin geri qaytarılması ilə bağlı hissədə qismən, yəni 1685 manat məbləğində olan hissədə qəbul etmiş və bu barədə mərhum oğlunun şəxsi dəftərini məhkəməyə təqdim etmişdir. Həmin dəftərin tədqiqi zamanı iddiaçının cavabdehin mərhum oğluna inşaat materiallarının alınması məqsədi ilə 1685 manat məbləğdə pul vəsaiti verməsi və həmin vəsaitin cavabdehin oğlu tərəfindən alınması müvafiq imzalarla təsdiq edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, təmir xərcləri ilə bağlı iddia tələbinin qalan hissəsinə münasibətdə iddiaçı və onun nümayəndəsi (vəkili) tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir Odur ki, iddia tələbi təmir xərcləri ilə bağlı hissədə qismən, yəni 1685 manat həcmində təmin edilməlidir. Məhkəmə iddiaçı və cavabdehin mərhum oğlu arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qeyd edir ki, daşınmaz əşyaların alğı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsi həmin kateqoriyadan olan müqavilələrin forması üçün qanunla müəyyən edilmiş imperativ şərt qismində çıxış edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsində daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi məcburi şərt kimi təsbit edilmişdir. Daşınmaz əmlakın alğı-satqısına dair əqdin (müqavilənin) məcburi forma şərtinə riayət edilməməsi müvafiq əqdin əhəmiyyətsiz əqd kimi təsbit edilməsinə kifayət edir. Belə ki, həmin məcəllənin 337.1-ci maddəsinə əsasən, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. İstər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir.. Hazırkı iş üzrə müvafiq əhəmiyyətsiz əqd üzrə alınanların əqdin digər tərəfinə, yəni iddiaçıya kim tərəfindən qaytarılmalı olması ilə bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi ödəməyə borcludurlar. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhumun vərəsəsi, hazırkı iş üzrə cavabdehə şəhadətnamə verilən miras əmlakların ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 109.01 m2 olan fərdi yaşayış evinin, ümumi sahəsi 0.07987 ha olan torpaq sahəsinin miras qoyana məxsus hissəsi və buraxılış ili 2006-cı il olan “Ford Escape” minik markalı, **-KS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olması müəyyən edilir. İşdə olan materiallar əsasında məhkəmə X3ndan vərəsəsinə miras qalmış əmlakların iddiaçı qarşısında öhdəliyin icrası üçün kifayət hesab edilməsi qənaətinə gəlir. Odur ki, məhkəmə işdə olan mövcud sübutların mümkünlük, mötəbərlik və aidiyyət nöqteyi-nəzərindən məcmu halında qiymətləndirilməsi nəticəsində hesab edir ki, X6 qanun üzrə vərəsəsi Cavabdeh 16685 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (16685 manat) mütənasib olan 140.06 manat hissəsi cavabdehdən tutularaq əsl olmayan iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, qərəzsiz, obyektiv və hərtərəfli baxaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 16685 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməli, 140.06 manat məbləğində dövlət rüsumu tutularaq əsl olmayan iddiaçıya ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X6 qanun üzrə vərəsəsi Cavabdeh 16685 (on altı min altı yüz səksən beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 140.06 (yüz qırx manat altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq X15 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar