Məhkəmə qərarları › İş №e-2(010)-1622/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1622/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1622/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 2(036)-551/2011 saylı, 21 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 60 manatın tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İmişli Rayon Məhkəməsinin 2(036)-551/2011 saylı, 21 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə birgə faktiki nikahdan olan xx.xx.2009-cu təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 75 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edir ki, 75 manat aliment uşağın saxlanması üçün kifayət etməsə də, cavabdehin atası (keçmiş qayınatası) Mustafayev Nizaminin köməkliyi ilə müəyyən xərcləri qarşılaya bilirdi, lakin onun vəfat etməsi onu həmin köməkdən məhrum edib. Cavabdeh isə uşağın saxlanması ilə əlaqədar ona əlavə olaraq heç bir maddi köməklik göstərmir. 75 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir, cavabdeh həmin məbləği də vaxtı-vaxtında ödəmir. Uşağın böyüməsi ilə onun təlabatı da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2024-cü il ölkədə uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır.

Tərəflərin izahatları

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirak olmadan keçirilməsini xahiş etmiş və iddia tələbi ilə razı olmadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixədək məhkum edilmişdir. Həmin məbləği ödəməyə heç bir halda imkanı çatmayacaqdır. Məhkəmə hazırki məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

İş materialları.

5. AZ-İİ seriyalı, 729016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

6. İmişli Rayon Məhkəməsinin 2(036)-551/2011 saylı, 21 sentyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2009-cu təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 75 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

İşin faktiki halları

7. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflərin qeyri-rəsmi münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X3 adlı övadları anadan olmuşdur. Daha sonra, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 75 manat aliment tutulması qət edilmişdir. Hazırkı mübahisə predmetini alimentin məbləği təşkil edir. İddiaçı tərəf əvvəlki məhkəmə qətnaməsi ilə onun himayəsində olan uşağın saxlanması üçün tutulan alimentin miqdarının yetkinlik yaşına çatmayan övladının tələbatlarını ödəmədiyini bildirir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh tərəf isə iddia tələbi ilə razı olmadığını və hazırda cəzaçəkmə müəssəsində olduğunu və tələb edilən aliment miqdarını ödəməyə maddi imkanının çatmadığını bildirir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

10. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

15. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə münasibətindən doğulan xx.xx.2009-cu il təvəllüdlü X3 anasının himayəsindədir. İddiaçının himayəsində saxlanılan xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 75 manat sabit pul məbləğində aliment tutulur. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. İddia tələbinə qarşı cavabdehin, onun cəzaçəkmə müəssisəsində olması, xx.xx.2025-ci il tarixinədək məhkum edilməsi barədə etirazına gəldikdə isə, məhkəmə etirazla razılaşmır. Belə ki, müəyyən edilir ki, cavabdeh 12 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. Cəzaların icrası Məcəlləsinin 119.1.1-ci maddəsinə görə məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar. Həmin Məcəllənin 119.3-cü maddəsinə görə cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, peşə təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Bu halda müəssisənin müdiriyyəti tərəfindən qəbul edilən qərarda hər bir məhkum üçün fərdi şəkildə tərtib olunan cəzaçəkmə müəssisəsindən çıxma və cəzaçəkmə müəssisəsinə qayıtma qrafiki müəyyən edilir. Göründüyü kimi, qanunvericilik bu növ cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara müəyyən məhdudiyyətlərlə, müəssisədən kənarda da, işləmək hüququ vermişdir. Deməli, cavabdehin əmək fəaliyyəti ilə məşğul olmaq və gəlir əldə etmək imkanı mövcuddur və onun əmək fəaliyyəti ilə məşğul olmaması halı (əgər belə bir hal varsa) özündən asılı olmayan səbəb kimi qəbul edilə bilməz. Lakin məhkəmə onu da qeyd edir ki, iddiaçı öz tələbində övladının saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılaraq hər ay 235 manat məbləğinə təyin edilməsini və tələbinin əsası kimi 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsinə əsaslansa da, lakin cavabdehin qeyd olunan miqdarda aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Düzdür, cari ildə uşaqlar üçün müəyyən edilən yaşayış minimumu həddi aliment məbləğlərinin müəyyən edilməsi zamanı nəzərə alınmalı əsas meyarlar sırasında olsa da, lakin, təkcə bu meyar aliment məbləğini hər bir halda cari il üçün müəyyən edilən yaşayış minimumu həddində müəyyən edilməsi üçün yeganə və həlledici əsas deyildir. Aliment məbləği təyin edilərkən, digər meyarlar, məsələn, uşağın yaşı, həyat tərzi, məşğuliyyətləri, sağlamlıq vəziyyəti, tərəflərin maddi vəziyyətləri və s. hallar da nəzərə alınmalıdır ki, gələcəkdə icrası qeyri-mümkün məhkəmə aktı qəbul edilməsin. Hazırkı işdə cavabehin aylıq gəlirinin olması müəyyən edilmədi. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır. Məhkəmə cavabdehin etirazı ilə bağlı yuxarıda qeyd edilənlərə bir daha qayıdaraq qeyd edir ki, o da nəzərə alınmalıdır ki, cavabdehin əmək fəaliyyəti ilə məşğul olmaq imkanı və hüququ olsa da, bu hüquq hər bir halda cəzaçəkmə müəssisəsinin rejim və qaydaları ilə məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, təyin ediləcək alimentin məbləğinə münasibətdə bu hal nəzərə alınmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulan övladının saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarının artırılaraq hər ay 150 manat sabit pul məbləğində təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf də övladının saxlanılmasında və maddi ehtiyaclarının qarşılanmasında iştirak etməlidir. Bu ailə qanunvericiliyi ilə onun üzərinə qoyulan başlıca vəzifələrdən biridir.

16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

20. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı və eyni zamanda hazırki iş üzrə aliment miqdarının artırılmış hissəsinə uyğun olaraq ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-551/2011 saylı, 21 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Nı̇ zami oğlundan İddiaçı Cəngı̇ z qızının xeyrinə tutulan aliment miqdarı artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilsin. İş üzrə mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar