Məhkəmə qərarları › İş №e-2(010)-1632/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1632/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1632/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. AZEMİS vasitəsi ilə müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. Hesab edirəm ki, iş üzrə Cavabdeh ölümü ilə bağlı Azərbaycan Respublikası MPMnin 153-cü maddəsinə əsasən, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəməyə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Qeyd edilən Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Adı çəkilən Məcəllənin 58.1-ci maddəsinə əsasən isə, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansısa mərhələsində mümkündür. Yuxarı şərh olunun MPM-nin tələblərindən də göründüyü kimi, məhkəmədə fiziki şəxsə qarşı istənilən iddia qaldırılarkən cavabdeh yetkinlik yaşına çatmış fiziki şəxs olmalı və həmin şəxsin öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) olmalıdır. Yəni iddia canlı şəxsə qarşı qaldırılmalıdır. Hazırki halda isə iddiaçı iddianı vəfat etmiş şəxsə qarşı qaldırmışdır. Halbuki iddia qaldırılana kimi cavabdeh vəfat etmişsə, iddiaçı həmin cavabdehin hüquq varislərini müəyyən etməli və məhz həmin hüquq varislərinə qarşı məhkəmədə iddia qaldırmalıdır. Məhkəmə tərəfindən hüquq varisinin əvəz edilməsinə MPM-nin tələbləri baxımından yalnız məhkəmənin artıq icraatında olan hər hansısa bir mülki iş üzrə tərəflərdən bir sıradan çıxdıqda yol verilir. Həmçinin bildirilir ki, AR MPM-in 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçı ya izah olunsun ki, hazırki qərardadda göstərilən nöqsan aradan qalxdıqdan yenidən hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar