Məhkəmə qərarları › İş №e-2(010)-1675/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1675/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1675/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 755.94 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1381.08 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 195.5 manat borc, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış 1119.86 manat cərimə, cəmi isə 3452.38 manat borcun və ödənilmiş dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 124 saylı istehlak kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən cavabdehə 18 ay müddətinə illik 30 % ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 124 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq, borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtləri pozulmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 755.94 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 1381.08 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 195.50 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə 1119.86 manat, cəmi isə 3452.38 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək əlavə etdi ki, cavabdehin bankdan götürdüyü kredit problemli kreditlərlə bağlı Fərmanın təsiri altına düşmüş, xx.xx.2019-cu il tarixinə olan 1511.46 manat məbləğində əsas borcun 755.52 manatı Fərmana əsasən hesablanmış koompensasiya hesabına azaldılaraq 755.94 manat qalıq borcu qalmışdır. Bank tərəfindən hazırda həmin əsas borc, eləcə də müvafiq faiz borcları və hesablanmış cərimə cavabdehlərdən tələb edilir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İddiaçı ASC-nin Təbriz filialı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 124 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, bu müqavilə ilə İddiaçı ASC Cavabdeh1 istehlak məqsədləri üçün illik faiz dərəcəsi 30% ödəmək şərtilə, 18 ay müddətinə 2000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Təbriz filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 İddiaçı ASC qarşısında 2000 manat məbləğində öhdəliyini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödənişlərin xx.xx.2015 – xx.xx.2016-cı il tarixləri arasında hər ay 139.34 manat (sonuncu ay 139.36 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 755.94 manat müqavilə üzrə əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1381.08 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 195.5 manat borc, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 1119.86 manat cərimə olmaqla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 3452.38 manat təşkil etmişdir. xx.xx.2017-ci il, xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclulara kredit müqaviləsi üzrə ödənilməmiş borc məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Problemli kreditlərin kompensasiyası barədə məlumatdan görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə olan 1511.46 manat borcuna kompensasiya yönəldildikdən sonra 755.52 manat azaldılaraq 755.94 manat borcu qalmışdır. İşin faktiki halları. İddiaçı LPO İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Borcalana 18 ay müddətinə, illik 30%-lə 2000 manat məbləğində kredit verməyi, Borcalan isə götürdüyü krediti müəyyən edilmiş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, borcunu tam ödəməmişdir. Eyni zamanda, digər Cavabdeh2 bu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durduğundan və öhdəliklər lazımınca icra edilmədiyindən iddiaçı Bank həmin cavabdehdən də borcun tutulmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş problemli kreditlərin kompensasiyası barədə məlumatdan isə görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə olan 1511.46 manat məbləğində borcuna kompensasiya yönəldildikdən sonra borc 755.52 manat məbləğində azaldılaraq 755.94 manat məbləğində qalmışdır. Hazırda iddiaçı Bank tərəfindən həm əsas borcludan, həm də zamindən kompensasiyadan sonra qalıq qalmış 755.94 manat əsas borc, eləcə də bu borca hesablanmış faizlər və cərimə tələb edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Tətbiq edilən hüquq. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477. Zaminliyə xitam verilməsi. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı:

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə əsas borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə pulu borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq müvafiq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Buna görə də iddiaçı LPO İddiaçı ASC xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə iddia tələbi ilə əsas borca münasibətdə razılaşsa da tələb edilən faiz və cərimə borcu ilə razılaşmır. Belə ki, məhkəməyə təqdim edilmiş Cavabdeh1 adına olan problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, onun LPO İddiaçı ASC qarşısında olan 1511.46 manat məbləğində əsas kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, kompensasiya hesabına əsas borc 755.52 manat azaldılmış, cəmi 755.94 manat məbləğində qalıq borc qalmışdır. Həmin qalıq borc da restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında göstərilmişdir. Lakin belə görünür ki, Bankla Cavabdeh1 arasında bu kreditin restrukturizasiyasına dair heç bir müqavilə bağlanmamışdır. Bunun iddiaçı Bankın, yoxsa cavabdehin hərəkətsizliyi nəticəsində baş verdiyi iş materiallarından müəyyən edilməsə də nəzərə alınmalıdır ki, müvafiq Fərmanla siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmək məhz Banklara tövsiyə edilmişdir. Hazırkı iş materiallarından isə iddiaçı Bank tərəfindən Cavabdeh1 755.94 manat məbləğində qalıq borcunun ödənilməsi üçün güzəştli şərtlərlə kredit müqaviləsi bağlamaq barədə edilmiş hər hansı təklif, müraciət olunduğu görünmür. Əksinə, iddiaçı Bank restrukturizasiya olunmalı olan 755.94 manat məbləğində əsas borca həm müqavilə üzrə öhdəliklərin icrası müddətinin bitdiyi tarixədək faiz, həm icra müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış faiz, həm də müqavilə üzrə borcun gecikdirildiyinə görə cərimə hesablamış və yekunda kompensasiyadan sonra 755.94 manat qalıq borcu qalmış cavabdehdən cəmi 3452.38 manat məbləğində pul tələb edilmişdir. Hansı ki, bu cür tələb müvafiq Fərmanda qarşıya qoyulmuş məqsədlərlə (devalvasiya nəticəsində fiziki şəxslərin kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək) əhəmiyyətli ziddiyyət təşkil edir. Belə ki, müvafiq Fərmanla banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər ( 6.2 və 6.3-cü bəndlər). Həmin Fərmanın 8.9-cu bəndinə görə isə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Göründüyü kimi, həmin Fərmanda yalnız bankla yeni güzəştli müqavilə bağlamış şəxslərin faiz borcunun silinməsi şərti göstərilməmişdir. Əksinə, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyə edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bank Dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifini qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi də həmin Bank üçün məcburi olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi yalnız əsas borca (755.94 manat) münasibətdə əsaslıdır. Bundan başqa, məhkəmə zamin-Cavabdeh2 münasibətdə də iddia tələbini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı iş üzrə cavabdehin zamin olduğu kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 18 aylığa bağlanmış, müqavilə müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən zaminə qarşı tələb irəli sürmək üçün bir illik müddət artıq keçdiyindən onun zaminliyinə xitam verilmişdir. Odur ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Bu hissədə məhkəmə qeyd edir ki, hər nə qədər iddiaçı Bankla zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.1-ci maddəsində “zaminliyin təmin edildiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verildiyi” göstərilsə də məhkəmə bu şərti müqavilə ilə müəyyən edilmiş zaminliyin verilmə müddəti kimi qəbul etmir. Ona görə ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsi ilə müəyyənləşdirilmiş zaminliyə xitam verilməsinin dörd şərtindən biridir (mad. 477.0.1). Zaminliyə müddətlə bağlı xitam verilməsi isə həmin Məcəllənin 477.0.4-cü maddəsi ilə müəyyənləşdirilmişdir. Bu baxımdan zaminliklə təminat altına alınan əsas öhdəliyə xitam verildikdə zaminliyin müddətinin bitməsinə görə (477.0.4) yox, əsas öhdəliyə xitam verilməsinə görə (477.0.1) zaminliyə xitam veriləcəkdir. Odur ki, məhkəmə tərəflər arasında bağlanmış zaminlik müqaviləsində “zaminliyin təmin edildiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilməsi” barədə şərti müqavilə ilə müəyyən edilmiş zaminliyin verilmə müddəti kimi qəbul etmir. Bu səbəbdən hesab edir ki, hazırkı iş üzrə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən (xx.xx.2016) bir il ərzində (son gün xx.xx.2017 olmaqla) iddiaçı Bank tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyindən xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia yalnız Cavabdeh1 yalnız 755.94 manat məbləğində əsas borc tutulmasına dair hissədə əsaslı olduğundan təmin edilməlidir.

Məhkəmə xərcləri.

İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 54.6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (755.94 manat) mütənasib olan hissəsi (30 manat) Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASCyə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 755.94 manat (yeddi yüz əlli beş manat doxsan dörd qəpik) məbləğində əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1 755.94 manat (yeddi yüz əlli beş manat doxsan dörd qəpik) məbləğində əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar