Məhkəmə qərarları › İş №e-2(010)-1689/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1689/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1689/2023 01.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6730.63 manat əsas, 980.02 manat faiz, cəmi 7710.65 manat pul vəsaitinin və 97.11 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə faiz borcunun 980.02 manat deyil, 420 manat olaraq hesablanması və dəbbə pulu hesablandığı halda isə onun silinməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən ona 56 ay, illik faiz dərəcəsi 25.48 olmaqla 10818.87 AZN kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin İddiaçı ASC-yə xx.xx.2020cı il tarixli Kredit müqaviləsinə əsasən 6730.63 manat əsas, 980.02 manat faiz, cəmi 7710.65 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

İş materialları

4. xx.xx.2020-ci il tarixli, RGTK1762162A117 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 25.48 faiz dərəcəsi olmaqla 56 ay müddətində 10818.87 manat məbləğində kredit verilmişdir.

5. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, RGTK1762162A117 saylı Kredit müqaviləsi üzrə 6730.63 manat əsas, 980.02 manat faiz, cəmi 7710.65 manat kredit borcu vardır.

6. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini 3 iş günü ərzində qaytarması barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

7. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və həmin müqavilədə qeyd olunan pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir.

Tərəflərin izahatları

8. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, hazırki məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə qismən razı olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, əsas borc tələbi ilə razıdır, lakin faiz borcu 980.02 manat deyil, 420 manat məbləğində müəyyən edilməlidir. Belə ki, bank bilərəkdən məhkəməyə gec müraciət etmişdir ki, faiz məbləği artıq hesablansın.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Məhkəmənin mövqeyi

11. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

12. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli, RGTK1762162A117 saylı Kredit müqaviləsi üzrə illik 25.48 faiz dərəcəsi olmaqla 56 ay müddətində 10818.87 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki idda tələbini irəli sürməkdə haqlı olmuşdur.

13. Məhkəmə cavabdehin etiraz ərizəsinə münasibətdə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə faiz borcunun 980.02 manat deyil, 420 manat müəyyən edilməsini xahiş etsə də, cavabdehin bu etirazı tutarlı dəlillərə əsaslanmır. Bankın bilərəkdən faiz məbləğini şişirdmək üçün məhkəməyə gec müraciət etməsi barədə cavabdehin bildirdiyinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin etirazı məhkəmənin yuxarıda əsaslandığı, müqavilə münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından əsassızdır.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 97.11 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6730.63 manat əsas borc, 980.02 manat faiz borcu olmaqla cəmi 7710.65 manat pul vəsaiti və iş üzrə ödənilmiş 97.11 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 6730.63 manat əsas borc, 980.02 manat faiz borcu olmaqla cəmi 7710.65 manat pul vəsaiti və iş üzrə ödənilmiş 97.11 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar