Məhkəmə qərarları › İş №e-2(010)-1699/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1699/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1699/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12 noyabr 2007-ci il tarixli 646 nömrəli kredit müqaviləsinə əsasən 30 noyabr 2021-ci il tarixə 4876,51 manat əsas borc, 2035,09 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3112,36 manat faiz borcu, cəmi 10023,96 manat, 121 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan “Volkswagen Passat” markalı (tip: sedan, ban: WWWZZZ3BZ1E172697, rəngi Bordovıy, buraxılışı il 2001) ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2007-ci il tarixli 646 saylı kredit müqaviləsinə əsasən “Volkswagen Passat” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədi ilə cavabdehə 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 5642 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan “Volkswagen Passat” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 12 noyabr 20107-ci il tarixli 646 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəəfələrlə şifahi və yazılı müraciət olunmasına barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehin 12 noyabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 30 noyabr 2021-ci il tarixə 4876,51 manat əsas borc, 2035,09 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3112,36 manat faiz borcu, cəmi 10023,96 manat təşkil edir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC 8 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2007-ci il tarixli 646 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh illik 28% hesablanmaqla 18 aylıq müddətə 5642 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC 8 saylı filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 646 saylı ipoteka müqaviləsindən görünür ki, borcalanın kredit öhdəliklərini təmin edilməsi məqsədi ilə mülkiyyətində olan “Volkswagen Passat” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı, WWWZZZ3BZ1E172697 ban, AWT034266 mühərrik nömrəli avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Volkswagen Passat” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı, WWWZZZ3BZ1E172697 ban, AWT034266 mühərrik nömrəli, bordovıy rəngli avtomobil Cavabdeh məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 22 noyabr 2021-ci il tarixinə 4876,51 manat əsas borc, 2035,09 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3112,36 manat faiz borcu, cəmi 10023,96 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlarında Cavabdeh İddiaçı ASC-yə əsas borc üzrə 4876,51 manat, faiz borcu üzrə 2035,09 manat borcu mövcuddur. Lakin iş materialları ilə yuxarıda göstərilmiş kredit müqaviləsi üzrə borclu Cavabdeh Vəlixan oğlunun İddiaçı ASC-yə aparılmış ödəniş əməliyyatlarını özündə əks etdirən kredit verilən tarixdən hal-hazıradək müddətləri əhatə edən hesabdan çıxarış təqdim edilməmişdir. Bu səbəbdən hazırki ekspertiza tədqiqatı ilə borcun hesablanmasını aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2007-ci il tarixli 646 saylı kredit müqaviləsinə əsasən “Volkswagen Passat” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədi ilə cavabdehə 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 5642 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan “Volkswagen Passat” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 12 noyabr 2007-ci il tarixli 646 saylı ipoteka müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitutsiya Məhkəməsi qeyd edir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra–“Banklar haqqında” Qanun) müəyyən edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansıöhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Lakin kreditor uzun müddət gözləyərək artıq borcun hesablanmasına nail olmuşdur. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin müddəti 18 ay müddətinə müəyyən edilsə də, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3112,36 manat faiz borcunun tutulması hissəsinə münasibətdə əsassız hesab edir . Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2007-ci il tarixli, 646 saylı kredit müqaviləsinə əsasən 4876,51 manat əsas borc, 2035,09 manat faiz borcu, cəmi 6911.60 manat və 121.40 manat dövlət rüsumu və bank xidmət xərci tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma kreditin təminatı kimi cavabdehə məxsus “Volkswagen Passat” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Ekspertiza xərci - 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il tarixli, 646 saylı kredit müqaviləsinə əsasən 4876,51 manat əsas borc, 2035,09 manat faiz borcu, cəmi 6911.60 (altı min doqquz yüz on bir manat, altmış qəpik) manat və 121.40 (yüz iyirmi bir manat, qırx qəpik) manat dövlət rüsumu və bank xidmət xərci tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma kreditin təminatı kimi cavabdehə məxsus “Volkswagen Passat” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar