Məhkəmə qərarları › İş №e-2(010)-1700/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1700/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1700/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4250/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün Cavabdeh tutularaq ona verilməsi qət edilmiş 175 manat sabit pul məbləğində aliment məbləğinin qanunvericiliyə uyğun olaraq dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, X5 xx.xx.2015-ci il tarixdə cavabdehlə nikaha daxil olmuşam. Həmin nikahdan xx.xx.2016-cı il tarixdə İsmayıl adlı bir oğlumuz və xx.xx.2017-ci il tarixdə Əsmər adlı bir qızımız olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3856/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan uşaqlarımız İsmayıl və Əsmərin saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq mənə verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4250/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3856/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində pulun tutularaq mənə verilməsi qət edilmişdir. Aliment tutulmağa başlandığı vaxtdan il yarım vaxt keçmişdir. Həmin vaxtdan uşağın ehtiyacları da artmış və dünyada gedən siyasi və iqtisadi proseslərlə əlaqədar olaraq baş verən inflyasiya nəticəsində pul dəyərini xeyli itirmişdir. Həmçinin həmin vaxtdan ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu da artaraq 220 manat məbləğində olmuşdur. Lakin cavabdeh bu günə qədər qanunda baş vermiş dəyişikliklərə uyğun məbləğdə alimenti könüllü olaraq ödəmədiyi üçün mən aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4250/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün Cavabdeh tutularaq mənə verilməsi qət edilmiş 175 manat sabit pul məbləğində aliment məbləği qanunvericiliyə uyğun olaraq dəyişdirilməli, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutularaq mənə verilməlidir”.

İddia tələbinə etiraz.

3. Cavabdeh iddia tələbinə etiraz vərərək məhkəmədən İddiaçı iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinə etirazın əsaslandırıldığı hallar.

4. Cavabdeh etirazını olunla əsaslandırmışdır ki: “İddiaçı ilə nikahımdan 27 fevral 2016-cı ildə oğlum X4 və 09 dekabr 2017-ci ildə qızım X6 dünyaya gəlmişdir. 16 dekabr 2019-cu ildə iddiaçı ilə nikahım pozulmuşdur. Nikahın pozulmasına qədər iddiaçı uşaqların saxlanılması üçün məndən aliment tələb etdi. Mən alimenti həmin dövrdən ödəməyə başladım. Lakin İddiaçı alimenti ödəməyimə baxmayaraq uşaqları məndən uzaqlaşdırmağa, onlarla ünsiyyət qurmağıma əsassız səbəblər gətirərək maneçilik törətdi. Mən övladlarımla ünsiyyət yaratmaq üçün məhkəməyə müraciət elədim, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1771/2021 saylı iş üzrə qətnaməsinə əsasən hər həftənin bazar günü saat 10:00-dan 16:00-dək uşaqlarımla analarının iştirakı olmadan sərbəst şəkildə görüşmək hüququ əldə etdim. Bu qərardan narazı qalan qarşı tərəf apellyasiya şikayəti verdi və Apellyasiya Məhkəməsi qərarı qismən dəyişməklə hər həftənin bazar günü ananın iştirakı olmadan saat 10:00-dan 15:00-dək uşaqlarla ünsiyyətdə olmaq hüququmu bildirdi (2(103)-1467/2022 saylı iş üzrə məhkəmə qətnaməsi). Bu qərardan da narazı qalan qarşı tərəf Ali Məhkəməyə kassasiya şikayəti ünvanladı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3496/2022 saylı iş üzrə qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)- 1467/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanıldı. Bu ərəfədə İddiaçı valideynlik hüquqlarından məhrum olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində iddia qaldırdı. İşlərimlə əlaqədar olaraq Bakıda olmadığım üçün məhkəmə prosesində iştirak edə bilmədim. Nəsimi Rayon Məhkəməsinin 2(006)-341/2022 saylı qətnaməsi ilə iddiaçının mənə qarşı valideynlik hüququndan məhrum edilməsi iddiası təmin olundu. Mən bu qərardaddan şikayət ərizəsi verdim və Nəsimi Rayon Məhkəməsi mənim şikayətimi qəbul edib, işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-ci il tarixli müvafiq qətnaməsinə əsasən qarşı tərəfin iddiası rədd edildi. Bütün proseslərdə İddiaçı mənə qarşı şər və böhtan xarakterli əsaslar gətirərək öz etirazını bildirmişdir. Əlbəttə ki, məhkəmə orqanı yuxarıda qeyd etdiyim proseslərdə iddiaçının irəli sürdüyü sübut və iddiaları haqlı saymadı və hər bir halda mənim hüquqlarımı qanunun tələb etdiyi norma və prinsiplərlə təmin etdi. Lakin bu günə kimi İddiaçı uşaqların saxlanılmasına görə tələb etdiyi aliment məbləğini alsa da, uşaqlarımı mənimlə görüşdürmür. Belə ki, bununla bağlı müvafiq icra orqanına şikayət ərizələri ünvanladım. İddiaçı hətta icra məmurunun rəsmi çağırışına gəlməyərək, məhkəmə qərarlarının icrasından boyun qaçırır və qərəzli şəkildə məni öz övladlarımla görüşdürmür. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, dünyanı əhatə edən Covid- 19 pandemiyası dövründə iş yerləri bağlandığı üçün mənim gəlirim demək olar ki olmadı. Lakin yenə də mən müəyyən saatlarda taksi fəaliyyəti ilə məşğul olaraq və qısa müddətli fərdi işlər görərək aliment miqdarının bir hissəsini ödədim. Həmin dövrdən sonra iddiaçıya 6600 AZN miqdarında aliment borcum qaldı. İddiaçı çətin vəziyyətin olduğunu başa düşmək istəməyərək müəyyən vaxtlarda icra orqanlarına şikayət ünvanlayaraq məndən aliment borcunun tam ödənilməsini tələb etdi. 2022-ci ilin iyul ayından işlə təmin olunmuşam və stabil olaraq aylıq ödənişlərimi edirəm. Əlavə olaraq yığılmış aliment borcunun ödənilməsinə çalışıram. Lakin iddiaçının əsas marağı pul olduğuna görə yenidən icra orqanına şikayət ünvanladı. İcra məmurunun təqdimatı əsasında xx.xx.2023-cü il tarixində Nəsimi Rayon Məhkəməsində haqqımda inzibati xəta haqqında icraat barəsində məhkəmə iclası təyin olundu. İddiaçı həmin məhkəmədə çıxış edərək, yenidən haqqımda yalan və həqiqətə uyğun olmayan ifadələr işlətdi. İddia etdiyi borc məbləğinin rəsmi çıxarışını təqdim etmədi. Məhkəmə hər ikimiz tərəfindən sübutların təqdim olunması üçün prosesi təxirə saldı. xx.xx.2023-cü ildə baş tutmuş məhkəmə prosesində İddiaçı yenidən heç bir sübut təqdim etmədən, astronomik borc məbləği ilə mənim borclu qismində həbs olunmağımı tələb etdi. Lakin mənim və icra məmuru tərəfindən təqdim olunan sübutlara istinad olaraq Məhkəmə barəmdə olan inzibati xəta haqqında icraata xitam verdi və mənə aylıq aliment ödənişlərindən əlavə olaraq borc məbləğindən müəyyən hissəni ödəməyi bildirdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim övladlarıma görə aylıq 350 AZN aliment ödənişim var. Son bir neçə ayda aylıq ödənişimdən əlavə olaraq 100-150 AZN borc məbləğindən ödənişlər edirəm. Hal-hazırda özəl şirkətdə xidməti müqavilə əsasında çalışıram. Aylıq gəlirim gördüyüm işin həcmindən asılı olaraq 700-800 AZN aralığındadır. Qazancımın 450-500 AZN məbləğini uşaqlarımın saxlanılması üçün İddiaçı aliment hesabına göndərirəm. Bundan əlavə uşaqlarımla 2-3 aydan bir iddiaçının istəyi əsasında görüşə bildiyim hallarda onlara qiymətli əşyalar alıram və onların gəzintiləri üçün lazımi tədbirləri görürəm. İddiaçı bundan öncəki məhkəmə proseslərində təyin olunan aliment miqdarının əslində çox az bir məbləğ olduğunu və heç bir ehtiyaclara çatmadığını bildirmişdir. Lakin məhkəmə proseslərindən görünür ki, istər uşaqların valideynlə görüş vaxtının təyin olunması, istər valideynlik hüququndan məhrum etmə, istərsə də aliment miqdarının artırılması ilə bağlı keçirilən bütün məhkəmə proseslərində İddiaçı vəkil xidmətindən istifadə etmişdir. Aydın məsələdir ki, vəkil müəyyən ödəniş qarşılığında məhkəmə proseslərində iştirak edir. Halbuki əsassız və heç bir məntiqə sığmayan iddialarla məhkəmələrə müraciət edən iddiaçı həmin vəkil ödənişləri ilə uşaqların müəyyən tələbatlarını ödəyə bilərdi. İddiaçı tərəfindən buna bənzər artıq və yersiz etdiyi ödənişlərə çox misal gətirmək olar. Bu, mənim zənnimcə sübut edir ki, iddiaçı əslində aliment məbləğini uşaqlarımın mənafeyi üçün deyil, şəxsi maraqlarının təmin olunması, ehtiyaclarınm ödənilməsi üçün məndən tələb edir. Hətta bir neçə dəfə iddiaçı məndən oğlum İsmayılın məktəb xərcləri üçün xırda məbləğlər istəmişdir. Mən bu məbləği onun kart hesabına göndərəcəyimi bildirəndə, o mənə tanımadığım insanın kart məlumatlarını göndərərək, vəsaiti həmin karta ödəməyimi bildirmişdir. Lakin mən tanımadığım hesab nömrələrinə heç bir ödəniş etməmişəm. İddiaçıya qarşı bu tələbə etiraz etdikdə, o israrla öz kartına və ya hesabına deyil, digər hesaba ödəniş etməyimi bildirmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçı uşaqların ehtiyaclarına yönəlmiş ödənişlərimi başqa yollarla məndən alıb, nəticədə məndən aylıq aliment miqdarını tələb edərək öz şəxsi ehtiyacları ödəmək istəyir. Nəzərinizə çatdırmaq istəyirəm ki, İddiaçı mənim şikayətim və icra məmurunun təqdimatı əsasında xx.xx.2023-cü il tarixində Suraxanı Rayon Məhkəməsində məhkəmə qərarlarını icra etmədiyinə və icra məmurunun çağırışına məhəl qoymayaraq İcra Şöbəsinə gəlmədiyinə görə məhkəmə prosesinə cavabdeh qismində cəlb olunmuşdur. Bildirmək istəyirəm ki, İddiaçı mənə uşaqlarımla ünsiyyət yaratmağa maneçilik törətməsinə baxmayaraq mən uşaqlarımın saxlanılması üçün tələb olunan ödənişlərə və başqa tədbirlərə etiraz etmirəm. Hal hazırda aylıq təyin olunan aliment miqdarını tam şəkildə və yaranmış borcdan müəyyən hissəni hər ay stabil olaraq ödəyirəm. Bundan əlavə uşaqlarımla görüşə bildiyim hallarda onların istəyinə uyğun istirahət və gəzintilərini təmin edir, istədikləri əşyaları alıram”.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh maddi imkanı kifayət qədər yaxşıdır. Belə ki, o “makler”liklə məşğuldur. Bununla belə onun hazırda ödənilməmi 5300 manat məbləğində aliment borcu var. Cavabdeh bu borcu pandemiya dövründə işləməsi ilə əsaslandırsa da, əvvəlki məhkəmə prosesində həmin dövrdə də işləyib borcunu ödədiyini bildirmişdir. Həmçinin alimentin ödəniş tarixlərinə baxıldıqda görünür ki, pandemiya dövründə ödənişlər daha çox olmuş, aliment borcu pandemiyadan əvvəl və sonrakı dövrdən qalmışdır. İddiaçı özü də işləyir, lakin əmək haqqı azdır. Bu səbəbdən valideynləri də ona kömək edir. Cavabdeh isə valideynlik borcunu lazımınca yerinə yetirmir. Belə ki, o, pulu olduğu haldan qəsdən alimenti ödəmir. Ancaq icra məmuru tutub şöbəyə gətirəndə ödəniş edir. Cavabdeh öhdəliyin icrasından qəsdən yayındığından üç dəfə məcuri şəkildə icra şöbəsinə gətirilmiş, hər dəfə ***-**** manat ödəyib sonra ödənişləri yenə gecikdirmişdir. Cavabdehin ödədiyi aliment uşaqların saxlanılması üçün kifayət etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəməyə elektron ərizə ilə müraciət edərək bildirmişdir ki, üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcək. İddiaçı ilə aralarında müəyyən razılaşma olmuşdur. Belə ki, həftə sonları iddiaçının iştirakı ilə uşaqları ilə görüşür və onların müəyyən ehtiyaclarını ödəyir. Bununla da hal-hazırda təyin olunan aliment məbləğini ödəyir və yığılmış borcdan müəyyən hissəni hər ay verir. Təqdim edilən ödəniş vərəqindən sonra da ödənişlər etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən aliment miqdarının artırılmamasını xahiş etmişdir.

7. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, hal-hazırda işləmir. Bu səbəbdən heç məhkəmə qətnaməsi ilə təyin edilmiş əvvəlki aliment məbləğini ödəyə bilmir. Necə artırılmış aliment məbləğini ödəyə biləcək? Hazırda ödədiyi aliment yaranmış borcundan silinir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

İş materialları.

8. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AZ-T seriyalı, 066530 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası X5) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 835 nömrə ilə qeyd edilmişdir.

9. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AZ-T seriyalı, 087624 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası X5) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 71 nömrə ilə qeyd edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 382912 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin (təkrar) surətindən görünür ki, Cavabdeh və X5 arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2019-cu il tarixdən xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 135 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Məmmədova soyadı verilmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 4250/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3856/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, X3 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 1489/2023 nömrəli qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

13. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir və aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 345 manatdır. İcbari tutulmalardan sonra əmək haqqı kartına ödənilən xalis məbləğ 315.88 manatdır. İşin faktiki halları.

14. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

16. Hazırda İddiaçı məhkəmədən birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaya etiraz edən Cavabdeh isə aliment borcu olduğunu, hər ay alimentdən əlavə həmin borcdan da ödəniş etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

22. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

25. Məhkəmə hesab edir ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün də zəruridir. Üstəlik, uşaqlar daimi olaraq iddiaçının yanında qaldıqlarından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı onların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur.

26. Məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay hər uşağa 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

27. Məhkəmə qeyd edir ki, cavabdehin etirazında istinad etdiyi uşaqlarla ünsiyyətinə iddiaçının mane olması (Hərçənd sonrakı ərizədə artıq hər həftəsonu uşaqları ilə görüşdüyünü bildirmişdir), aliment borcunun olması, hər ay alimentdən əlavə həmin borcu da ödəməsi kimi hallar, həmçinin iddiaçının alimenti uşaqlara yox, öz şəxsi ehtiyaclarına xərcləməsi kimi sübut edilməmiş hallar alimentin miqdarı dəyişdirilərkən nəzərə alınmır. Məhkəmə bu zaman tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını nəzərə alır ki, hazırkı işdə də bu hal müəyyən edilmişdir. Belə ki, cavabdeh etirazında qəbul etmişdir ki, 2022-ci ilin iyul ayından işlə təmin olunmuşdur və stabil olaraq aylıq aliment ödənişlərini edir, əlavə olaraq yığılmış aliment borcundan da ödənişlər edir. Həmçinin məlumdur ki, uşaqların yaşları artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır. Bu baxımdan məhkəmə uşaqların saxlanılması üçün xx.xx.2021-ci il tarixli qətnamə əsasında tutulan alimentin miqdarının artırılması nəticəsinə gəlmişdir.

28. Həmçinin o da nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

29. Son olaraq, məhkəmə onu da qeyd edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Odur ki, bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.

Məhkəmə xərci.

30. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (220x2x12=5280 manat) mütənasib olan 72.8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4250/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 220 manat olmaqla, 440 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(010)-1700/2023 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, ödənilməmiş 72.8 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4250/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1700/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilməmiş 72.8 manat (yetmiş iki manat səksən qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar