Məhkəmə qərarları › İş №e-2(010)-1708/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1708/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1708/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbacan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. Bank ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 142517-CNS-15938/2 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9.569,82 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və bunun nəticəsində cavabdehin banka 5437,77 manat məbləğində əsas borc, 6,06 manat məbləğində faiz borcu, ümumilikdə 5.443,83 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit “kredit alan” tərəfindən icra edildikdən sonra “Bank” tərəfindən “kredit alan”ın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kredit uçotu “Kredit alan”ın müvafiq ssuda hesabında aparılır. (2.10-cu bənd) “Kredit alan” Müqavilə üzrə ayrılmış kredit vəsaitlərinin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir.(3.8-ci bənd) Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

İddia tələbi.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 142517- CNS-15938/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 5437,77 manat məbləğində əsas borc, 6,06 manat məbləğində faiz borcu, ümumilikdə 5.443,83 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 74,44 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. 18 noyabr 2019-cu il tarixli 142517-CNS-15938/2 saylı Nağd pul krediti müqaviləsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar restrukturizasiya olunur və Cavabdeh illik 1 % hesablanması şərti ilə 60 ay müddətinə 9569,82 manat məbləğində borcun qaytarılmasını öz üzərinə götürmüşdür.

6. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borclarının restrukturizasiyasıdır. 3.3. Kredit müqaviləsi üzrə verilmiş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və kredit müqaviləsinə əsasən, Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. 4.1.6. Faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. 5.1. Bank aşağıdakı hallarda bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edilə bilər: 5.1.3. «Ödəniş cədvəli» ilə müəyyən edilən ödənişlər müştəri tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda; 5.1.4. bu Müqavilə üzrə müştərinin 30 (otuz) təqvim günündən artıq gecikdirilmiş borcu yarandıqda; 5.1.5. Müştəri bu Müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə. 5.2. Bank müştəriyə pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və Bankın digər pul tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, müştəri isə həmin pretenziyada (bildirişdə) göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir.

7. xx.xx.2019-cu il tarixli "xxxx" ASC tərəfindən tərtib olunmuş nağd kreditin alınması üçün ərizə-anketdən müəyyən olunur ki, həmin anketdə Cavabdeh şəxsi məlumatları qeyd olunmuşdur və Cavabdeh “Nağd kredit” məhsulu üzrə kreditləşmə qaydaları ilə tanışdır və bu məhsulun bütün şərtləri ilə razıdır.

8. İddiaçı ASC tərəfindən verilən xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 13582.00 USD kredit verilmişdir.

9. İddiaçı ASC tərəfindən verilən xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan Cavabdeh hesabından çıxarışdan müəyyən olunur ki, Cavabdeh hesabında xx.xx.2019-cu il tarixdə 9569,82 manat miqdarında qalıq müəyyən olunur.

10. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 142517-CNS-15938/2 saylı kredit müqaviləsi üzrə 18 noyabr 2019-cu il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 9569,82 manat, faiz borcuna görə 292,52 manat olmaqla, cəmi 9862,34 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

11. “Bank VTB (Azərbacan)” ASC-nin arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 142517-CNS-15938/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023cü il tarixinə 5437,77 manat əsas və 6,06 manat faiz olmaqla, cəmi 5443,83 manat borcu vardır. Müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir.

12. “Bank VTB (Azərbacan)” ASC-nin Cavabdeh ünvanladığı 11 oktyabr 2022-ci il tarixli pretenziyadan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

13. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “Bank VTB (Azərbacan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 76,46 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

14. İddiaçı “Bank VTB (Azərbacan)” ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 142517-CNS-15938/2 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

18. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

19. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.

20. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

21. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2019-cu il tarixli 142517-CNS-15938/2 nömrəli müqavilə üzrə 5437,77 manat ödənilməmiş əsas məbləğ və 6,06 manat faiz məbləğində borc “Bank VTB (Azərbacan)” ASC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri.

22. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 74,44 manat dövlət rüsumu ödəmişdir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddiaçı “Bank VTB (Azərbacan)” ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 74,44 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, “Bank VTB (Azərbacan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 142517-CNS-15938/2 nömrəli müqavilə üzrə cavabdehdən 5437,77 manat məbləğində kredit borcu və 6,06 manat məbləğində faiz borcu, cəmi 5443,83 manat məbləğində borc və ödənilmiş 74,44 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Bank VTB (Azərbacan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 142517-CNS-15938/2 nömrəli müqavilə üzrə 5437,77 manat əsas və 6,06 manat faiz olmaqla, cəmi 5443,83 (beş min dörd yüz qırx üç manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 74,44 (yetmiş dörd manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq “Bank VTB (Azərbacan)” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar