Məhkəmə qərarları › İş №e-2(010)-172/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-172/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-172/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3008.26 manat əsas, 36.85 manat faiz, 0.25 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 430.92 manat faiz borcu olmaqla, cəmi 3476.28 manat məbləğində borcun və ödənilmiş 54.77 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia icraatına keçid Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 3666/2024 nömrəli qərardadına əsasən, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ********* nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında KM012T0719001S01 nömrəli, xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4001.96 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə, ayda 168.49 manat ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. Cavabdeh2 ilə bank KM012T0719001S01 nömrəli xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin müvafiq bəndinə əsasən, ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 3476.28 manat təşkil edir. Bundan 3008.26 manat əsas, 36.85 manat faiz, 0.25 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 430.92 manat faiz borcu təşkil edir Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı ASC (Bank) və Cavabdeh1 (Borclu) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Bank” “Borcalan”a şəxsi istehlak məqsədiləri üçün, 48 ay müddətinə, illik 20% ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, “Borcalan” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadəyə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri “Bank”a qaytarmağı öhdəsinə götürür. xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2014 – xx.xx.2018-ci il tarixləri arasında hər ay 304.34 manat (sonuncu ay 303.99 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2014-cü il tarixli, 19/2/75718149 nömrəli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-nin kassasından 10000 manat məbləğində pul vəsaiti verilmiş və bu barədə orderə imza edilmişdir. İddiaçı ASC (Bank), Cavabdeh1 (Borclu) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 100007119/ZM nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, bu müqavilənin predmeti xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə “Bank”dan kredit götürmüş “Borcalan” tərəfindən “Bank” qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti “Zamin”in öz üzərinə götürməsidir. LPO İddiaçı ASC (Bank) və Cavabdeh1 (Borclu) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış KM012T07190001S01 nömrəli restrukturizasiya müqaviləsindən müəyyən olunur ki, “Bank” tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən “Borclu”nun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4001.9 manat məbləği restrukturizasiya olunur və “Borclu” bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş qrafikindən müəyyən olunur ki, restrukturizasiya müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasında hər ay 168.49 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. LPO İddiaçı ASC (Bank), Cavabdeh1 (Borclu) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış KM012T07190001S01 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, “Bank”la “Borclu” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 24 ay müddətinə restrukturizasiya olunmuş 4001.96 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli, **********533 nömrəli bildirişdən müəyyən olunur ki, LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli kredit müqaviləsi üzrə borcun məbləği (3008.26 manat əsas, 36.85 manat faiz, 0.25 manat cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanmış 420.84 manat faiz olmaqla, cəmi 3466.2 manat) barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 3 (üç) gün müddətində ödənilməsi tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, **********241 nömrəli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 3008.26 manat əsas, 36.85 manat faiz, 0.25 manat cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan 430.92 manat faiz olmaqla, cəmi 3476.28 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 54.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 4/358 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş xx.xx.2019-cu il tarixli zamin müqaviləsinin “Zamin” qrafasındakı imza ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin “Zamin” qrafasındakı imza müxtəlif şəxslər tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 4/1969 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 150-ci vərəqində olan xx.xx.2014-cü il taixli, 100007119/ZM nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin sonunda “Borcalan” qrafasında aşağıdakı imza və arxa tərəfində “Zamin” qrafasında imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 114-116-cı vərəqlərində olan, xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli zaminlik müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin sonundakı imzalar və 3-cü vərəqində “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşin faktiki halları İddiaçı ASC (Bank) və Cavabdeh1 (Borclu) arasında xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank borcalana şəxsi istehlak məqsədiləri üçün, 48 ay müddətinə, illik 20% ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadəyə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında həmin tarixli zaminlik müqaviləsi bağlanmış, zamin borclunun müvafiq kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə məsuliyyəti tam həcmdə öz üzərinə götürmüşdür. Daha sonra, LPO İddiaçı ASC (Bank) və Cavabdeh1 (Borclu) arasında xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli restrukturizasiya müqaviləsi bağlanmış, bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4001.9 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliklərə təminat olarq LPO İddiaçı ASC (Bank), Cavabdeh1 (Borclu) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bankla borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 24 ay müddətinə restrukturizasiya olunmuş 4001.96 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 4/358 nömrəli və xx.xx.2025-ci il tarixdə verilmiş 4/1969 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasına dair ekspert rəylərindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş xx.xx.2019-cu il tarixli zamin müqaviləsinin “Zamin” qrafasındakı imza ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin “Zamin” qrafasındakı imza müxtəlif şəxslər tərəfindən icra edilmişdir. Mülki işin 150-ci vərəqində olan xx.xx.2014-cü il taixli, 100007119/ZM nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin sonunda “Borcalan” qrafasında aşağıdakı imza və arxa tərəfində “Zamin” qrafasında imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 114-116-cı vərəqlərində olan, xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli zaminlik müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin sonundakı imzalar və 3-cü vərəqində “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank borcalana şəxsi istehlak məqsədiləri üçün, 48 ay müddətinə, illik 20% ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadəyə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında həmin tarixli zaminlik müqaviləsi bağlanmış, zamin borclunun müvafiq kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə məsuliyyəti tam həcmdə öz üzərinə götürmüşdür. Daha sonra, LPO İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli restrukturizasiya müqaviləsi bağlanmış, bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4001.9 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliklərə təminat olarq LPO İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bankla borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 24 ay müddətinə restrukturizasiya olunmuş 4001.96 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ASC və Cavabdeh1 arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli kredit müqaviləsinə əsasən, bank öz üzərinə müəyyən olunmuş öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirsə də, borclu kredit müqaviləsi üzrə borcun ödəniş qrafikinə uyğun qaydada geri qaytarılmasından ibarət öhdəliklərini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) icra etməmişdir. Daha sonra, iddiaçı hazırkı iş üzrə cavabdehlərə bildirişlə müraciət edərək, kredit müqaviləsindən birtərəfli qaydada imtina etmişdir. Kredit müqaviləsindən irəli gələn mübahisəli hüquq münasibətlərinin həllinə məhkəmədən kənar qaydada nail ola bilməyən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan faiz borcunu tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə iclaslarından məlumatlı olan Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə dair münasibətini (iddia tələbini qəbul etməsini və ya buna dair etirazını), eləcə də iddia tələbində qeyd edilənlərin həqiqətə uyğun olmaması barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli kredit müqaviləsi üzrə 3008.26 manat əsas, 36.85 manat faiz, 0.25 manat cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanmış 430.92 manat məbləğində faiz olmaqla, cəmi 3476.28 manat məbləğində borc Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericinin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və zamin borclu Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət götürmüşdür. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi halında banka bu öhdəliyin icrasını birbaşa zaminə yönləndirmək hüququna verir. Zamin - Cavabdeh2 iddia tələbində qeyd edilən borcun müştərək qaydada tutulmalı olması ilə razılaşmayaraq məhkəmənin diqqətinə çatdırmışdır ki, İddiaçı ASC və digər Cavabdeh1 arasında birinci dəfə bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərə təminat olaraq, onunla bank arasında zaminlik müqaviləsi bağlanmış və o, borclunun sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət götürmüşdür. Sonradan müvafiq kredit müqaviləsi üzrə qalıq borc restrukturizasiya edilərək yeni kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi zaminlik müqaviləsi bağlansa da, zaminlik müqaviləsi onun tərəfindən imzalanmamış və həmin müqavilədəki imza ona məxsus olmamışdır. İşin qeyd edilən halının araşdırılması məqsədilə məhkəmə tərəfindən iki dəfə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəylər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 4/358 nömrəli və xx.xx.2025-ci il tarixdə verilmiş 4/1969 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasına dair ekspert rəylərindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş xx.xx.2019-cu il tarixli zamin müqaviləsinin “Zamin” qrafasındakı imza ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin “Zamin” qrafasındakı imza müxtəlif şəxslər tərəfindən icra edilmişdir. Mülki işin 150-ci vərəqində olan xx.xx.2014-cü il taixli, 100007119/ZM nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin sonunda “Borcalan” qrafasında aşağıdakı imza və arxa tərəfində “Zamin” qrafasında imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 114-116-cı vərəqlərində olan, xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli zaminlik müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin sonundakı imzalar və 3-cü vərəqində “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə ilk növbədə nəzərə çatdırır ki, heç bir sübutun, eləcə də ekspert tədqiqatının nəticələrinə dair ekspert tərəfindən tərtib edilmiş rəyin məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur (AR MPM-nin 103.1-ci maddəsi ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil, həmçinin iddiaçı və ya cavabdeh tərəfindən ekspert rəyinin əsaslığını və mötəbərliyini şübhə altına alan sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, iş üzrə keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi mülki prosessual qanunvericiliklə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən, məhkəmə tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilən məlumatların (sübutların) dairəsi dəqiq müəyyən edilmiş və həmin məlumatların məhz ekspert rəyi ilə də təsdiq edilməsi imkanı birbaşa nəzərdə tutulmuşdur. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə baxış iclasında təqdim edilmiş digər sübutlarla məcmu şəklində yoxlanılan və qiymətləndirilən məhkəmə-xətşünaslıq ekspertizasının nəticələrinə dair ekspert rəylərindən aşkar olunur ki, iddiaçı bankın cavabdeh – zamin Cavabdeh2 qarşı tələb hüququnun əsasını təşkil edən xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi həmin cavabdeh tərəfindən imzalanmamış, yəni həmin müqavilə əsasında hər hansı etibarlı hüquqi nəticə meydana gəlməmişdir. Nəzərə alınmalıdır ki, əqdə əsaslanan tələblərlə baxılması zamanı əqdin etibarlılıq şərtlərinin yoxlanılması iddia tələbinin hansı formada əsaslandırılmasından və iddia tələbinin hansı formada qoyuluşundan asılı olmayaraq, məhkəmə icraatının prioritet məsələlərindən biridir. Hər hansı əqdin, o cümlədən zaminlik müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Etibarlılıq şərtləri yoxlanılan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə qanunvericiliklə müəyyən edilmiş forma və məzmun tələblərinə riayət etməklə tərtib edilsə də, əqdin bağlanmasında səlahiyyətli subyektin, yəni zaminin iştirakı təmin edilməmiş, zaminin həmin əqdin bağlanmasına yönələn iradə ifadəsi mövcud olmamış və iradə ifadəsinin vəhdəti təmin edilməmişdir. Belə olan halda, sözügedən zaminlik müqaviləsi məcburi hüquqi qaydalarının ziddinə bağlandığı üçün əhəmiyyətsiz (etibarsız) əqd hesab edilməlidir. Qeyd olunmalıdır ki, zamin bir qayda olaraq kreditor qarşısında əvəzsiz şəkildə öhdəlik götürür, kreditor zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən də qanunverici zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də qanunla müəyyən edilmiş müddət keçdiyi halda zaminliyin xitam olunmasıdır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir Göründüyü kimi, bir qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun bunun göstərilməməsi imkanını da nəzərdə tutaraq, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur Hazırkı işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti həmin kredit müqaviləsinə əlavə edilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli ilə müəyyən olunmuşdur. Həmin ödəniş cədvəlinə əsasən, ödənişlərin xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməli olması nəzərdə tutulmuşdur. Bununla da son ödəniş tarixinin xx.xx.2018-ci il olması müəyyən edilir. Əsas öhdəliyin icra vaxtı həmin tarixdən hesablandıqda iddiaçı zaminə qarşı bir il ərzində - xx.xx.2018-ci il tarixədək iddia irəli sürməli olsa da, hazırkı iddia qeyd olunan müddətin bitdiyi müddət keçdikdən sonra irəli sürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəməyə təqdim olunumuş Cavabdeh2 ilə iddiaçı bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə təminat olaraq onunla bağlanmış zaminlik müqaviləsindəki imza zamin (Cavabdeh2) tərəfindən icra olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin məzmunundan belə aydın olur ki, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Baxılan iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli zaminlik müqaviləsinin (sadə yazılı formada tərtib edilmiş) zamin – cavabdeh tərəfindən imzalanmadığı, bununla da həmin müqavilə üzrə hüquqi nəticələrin yaranmadığı aşkar olunur. Qeyd edilənlərlə bağlı məhkəmə Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarının səgrilədəyi mövqeyə diqqət çəkməyi zəruri hesab edir. Həmin qərardada qeyd olunur ki; “ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.” Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli zaminlik müqaviləsi zamin – cavabdehin məsuliyyətinin artmasına yönəlmiş dəyişiklikləri, yəni təmin edilmiş öhdəliyin icra müddətinin uzadılmasını nəzərdə tutmuş və bu dəyişikliklərin yeni müqavilə münasibətləri çərçivəsində rəsmiləşdirilməsi zamanı zaminin müvafiq qaydada razılığı alınmamış, zamin həmin müqaviləyə imza etməmişdir. Belə olan halda, zaminin məsuliyyətini birbaşa artıran, onun üçün bu və ya digər formada əlverişsiz nəticələrə səbəb olan və razılığı alınmayan müvafiq müqavilə əsasında zamindən birgə borclu qismində hər hansı məbləğdə pul vəsaitinin tutulması yolverilməzdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 54.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, ödənilmiş 54.77 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaları nəticəsində verilmiş ekspert rəylərinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 252 manat (127 manat + 125 manat) məbləğində müəyyən edilmişdir. Odur ki, 252 manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq ekspertiza həyata keçirən orqanın hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 3008.26 manat əsas, 36.85 manat faiz, 0.25 manat cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan 430.92 manat faiz olmaqla, cəmi 3476.28 manat məbləğində borc və ödənilmiş 54.77 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, KM012T07190001S01 nömrəli kredit müqaviləsi üzrə 3008.26 manat əsas, 36.85 manat faiz, 0.25 manat cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan 430.92 manat faiz olmaqla, cəmi 3476.28 (üç min dörd yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 54.77 (əlli dörd manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 252 (iki yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar