Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1722/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 45000 manat məbləğində borc və 225 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə əsl olmayan tərəfin əvəz edilməsi haqqında ərizə ilə müraciət edərək, İddiaçı1 tərəfindən Cavabdeh qarşı 45000 manat məbləğində borc və 225 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona verilməsi haqqında iddia üzrə e-2(010)-1722/2024 nömrəli işlə əlaqədar olaraq, İddiaçı1 əsl olmayan tərəf olduğundan o, əsl iddiaçı olan İddiaçı2 MMC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, icraatda olan iş üzrə onun əsl İddiaçı2 MMC ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir. İş üzrə əsl olmayan İddiaçı1 əsl İddiaçı2 MMC ilə əvəz edilmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı olan cavabdehlə aralarında olan razılaşmaya əsasən o, cavabdehi müxtəlif növ texniki avadanlıq, qurğu və tərcüməçi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə ona verəcəyi müvafiq texniki avadanlıq, qurğu və tərcüməçi xidmətini qəbul edərək razılaşdırılmış xidmət haqqını ona ödəməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən göstəriləcək xidmətlərin ümumi dəyəri 50100 manat məbləğində razılaşdırılmışdı. Aralarında olan razılaşmaya əsasən cavabdeh həmin məbləğin 5100 manat məbləğində hissəsini avans şəklində əvvəlcədən ona ödəmişdir. Öhdəliklərini icra etmək məqsədlə İddiaçı2 MMCdən müvafiq texniki avadanlıq və qurğular aralarında olan razılaşmaya əsasən istifadə etməsi üçün cavabdehə verilmişdir. Həmçinin aralarında olan razılaşmaya əsasən cavabdeh müvafiq tərcüməçi xidməti ilə də təmin edilmişdir. İddiaçı aralarında olan razılaşmaya əsasən üzərinə götürdüyü bütün öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin xidmətlərin göstərilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq cavabdeh bu günə qədər aldığı xidmətin qalan 45000 manat məbləğində hissəsini hələ də ödəməmişdir və belə görünür ki, ödəmək niyyətində deyil. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmağına və xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir. Cavabdeh hətta göstərilən xidmətlərlə bağlı yaranmış borcun məbləği və ödənilməsi müddəti ilə bağlı göstərilmiş xidmətlərin və onların dəyərinin əks olunmuş müvafiq sənədə də imza etmişdir. Həmin sənədin imzalanması anı, cavabdehin ona borclu olmasını etiraf etməsi və təyin edilmiş müddətdə borcunu ödəyəcəyini bilidirməsi onun tərəfindən çəkilmiş video çəkiliş vasitəsi ilə də qeydə alınmışdır. Lakin, buna baxmayaraq cavabdeh ona ödəməli olduğu borcunu ödəmədiyi üçün iddiaçı pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, bildirmişdir ki, avadanlıqları işçilər aparıb quraşdırır, sonra gətirirlər. Hər bir xidmətin dəyəri göstərilib. Bütün xidmətlər həyata keçirilib. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-37/2-320xxxx/2023 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli müraciətə baxılmış və bildirilmişdir ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh sonuncu dəfə ünvan 2 ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli video yazıdan müəyyən edilir ki, Cavabdeh İddiaçı1 borclu olduğunu etiraf etmiş və xx.xx.2023-cü il tarixdə ilkin ödənişi – 10000 manatı təqdim edəcəyini, qalan məbləği 30 gün müddətində ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sənəddən görünür ki, sinxron tərcümə avadanlığı DİS: 25 ədəd masaüstü mikrofon, 50 ədəd qulaqcıq və siqnal qəbuledici, ana bloku 3 ədəd, 1 ədəd infrared ötürücü, montaj, qulaqcıq, siqnal qəbul edici icarə, tərcüməçi, texniki həyat (nəqliyyat Bakı – Ağdam – Bakı) 4 nəfər olmaqla, cəmi 50100 manat məbləğində müvafiq xidmət və texniki avadanlıq İddiaçı2 MMC tərəfindən müştəri Cavabdeh (Tural) verilmiş və Cavabdeh xx.xx.2023-cü il tarixdə bu məbləği borclu olduğunu, yanvar ayından pulu gecikdirdiyini, xx.xx.2023-cü il tarixdə ilkin ödənişi təqdim edəcəyini, qalan məbləği maksimum 30 gün ərzində ödəyib bitirəcəyini yazaraq, imzası ilə təsdiq etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.... Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.... Maddə 331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.... 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Maddə 783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir... Maddə 784. Vəkalət verənin məsuliyyəti Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 95. Səs və video yazılar 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı2 MMC ərizə ilə müraciət edərək, iş üzrə İddiaçı1 əsl tərəf olmaması səbəbindən, iş üzrə İddiaçı1 əsl iddiaçı olan İddiaçı2 MMC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı1 xx.xx.2024-cü il tarixli ərizəsi ilə iş üzrə onun əsl İddiaçı2 MMC ilə əvəz edilməsinə razı olduğunu bildirdiyindən, məhkəmə tərəfindən əsl olmayan tərəf əsl olan tərəflə əvəz edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı2 MMC və Cavabdeh arasında vahid sənəd imzalanmaqla müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı2 MMC Cavabdeh sinxron tərcümə avadanlığı DİS: 25 ədəd masaüstü mikrofon, 50 ədəd qulaqcıq və siqnal qəbuledici, ana bloku 3 ədəd, 1 ədəd infrared ötürücü, montaj, qulaqcıq, siqnal qəbul edici icarə, tərcüməçi, texniki həyat (nəqliyyat Bakı – Ağdam – Bakı) 4 nəfər olmaqla, müvafiq xidmət göstərməli və texniki avadanlıq təqdim etməli idi, Cavabdeh isə müqabilində 50100 manat ödəməli idi. Xidmətlər təqdim edilmiş və cavabdeh öz yazısı ilə təsdiq etmişdir ki, qeyd olunan məbləği borcludur və məbləği qəbul edir, yanvar ayından pulu gecikdirmişdir, xx.xx.2023-cü il tarixdə ilkin ödənişi təqdim edəcəkdir və qalan məbləği maksimum 30 gün ərzində ödəyib bitirəcəkdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında öz hüquqi mahiyyətinə görə tapşırıq müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürmüş öhdəlikləri icra etməmiş, razılaşdıqları 50100 manat məbləğinin 45000 manat məbləğində olan hissəsini ödəməmiş, İddiaçı2 isə öz üzərinə düşən öhdəliyi icra etmiş, cavabdehi müxtəlif növ texniki avadanlıq, qurğu və tərcüməçi ilə təmin etmişdir. Sübut növü olan video yazıdan da görünür ki, Cavabdeh borcunu etiraf edir və xx.xx.2023-cü il tarixdə ilkin ödənişi – 10000 manatı təqdim edəcəyini, qalan məbləği 30 gün müddətində ödəyəcəyini vəd edir. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin, Mülki Məcəllənin 784-cü maddəsinə görə, vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə pulun ödənilməsinin tələb etməkdə haqlı olmuş, cavabdeh öhdəlikləri lazımınca icra etmədiyi üçün, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllənin sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Belə ki, məhkəmə iclasları barədə cavabdehə lazımi qaydada məlumat verilmiş, o isə gəlməmiş, öz etirazlarını bildirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən yerinə yetirilmiş öhdəliklərin əvəzi olaraq müəyyən edilmiş pul məbləğini tam həcmdə ona ödəməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 45000 manat məbləğində borc və 225 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 225 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 45000 manat məbləğində borc və 225 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1722/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1722/2024
20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver