Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1725/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcunun qaytarılması » barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu-cu il tarixli, L-BK- 0049442-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 8306.47 manat məbləğində əsas borc, 3488.72 manat faiz borcu,120.95 manat cərimə borcu və dəymiş zərərin əvəzi 636.83 manat olmaqla, ümumilikdə 12552.97 manat məbləğində kredit borcunun və ödənilmiş 128 manat dövlət rüsumunun alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049442-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Biznes” məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 9200 (doqquz min iki yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 893,53 manat, faiz borcu üzrə 638,15 manat və cərimə borcu üzrə 28,32 manat olmaqla, cəmi 1.560,00 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata ödənilməmiş 8306.47 manat məbləğində əsas borc, 3488.72 manat faiz borcu,120.95 manat cərimə borcu və dəymiş zərərin əvəzi 636.83 manat olmaqla, ümumilikdə 12552.97 manat borcu vardır. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L- BK-0049442-F saylı Kredit Müqaviləsinə əsasən borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 636,83 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib izahatında iddia ərizəsində qeyd olunanları təsdiqləyərək, iddianın təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
İş materialları.
5. xx.xx.2019-cu il tarixli L-BK-0049442-F saylı kredit müqaviləsindən və 1 saylı əlavədən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 36% olmaqla 16 ay müddətinə 9200 manat məbləğində kredit verilmişdir.
6. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049442-F saylı kredit müqaviləsinə əsasən 8306.47 manat məbləğində əsas borc, 3488.72 manat faiz borcu,120.95 manat cərimə borcu və dəymiş zərərin əvəzi 636.83 manat olmaqla, ümumilikdə 12552.97 manat borcu vardır.
7. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir.
8. Azərbaycan Respublikası Əsliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3909 nömrəli rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049442-F saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2024-cü il tarixə banka olan borcu ümumilikdə 12.914,00 manat məbləğində müəyyən olunur. O cümlədən, əsas borc üzrə 8269,37 manat, faiz borcu üzrə 3431,79 manat, əldən çıxmış fayda borcu üzrə 1212,84 manat müəyyən olunmuşdur. Qeyd olunur ki, iş materiallarında xx.xx.2019-cu il tarixli, L-BK- 0049442-F saylı kredit müqaviləsi üzrə cümə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır.
İşin faktiki halları.
9. BOKT "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049442-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Biznes” məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 9200 (doqquz min iki yüz) AZN məbləğində kredit verilmişdir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı.
Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Lakin nəzərə alınmalıdır ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
Məhkəmənin mövqeyi.
14. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
15. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas borcunu tələb etməkdə haqlı olmuşdur. Həmçinin tələb edilən cərimə məbləği (120.95 manat) əsas borca mütənasibdir və tənasübsüz surətdə yüksək məbləğ deyil. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində ödənilməmiş əsas borca münasibətdə 6 ay müddətinə dəymiş zərərin hesablanması da nəzərdə tutulmuşdur.
16. Odur ki, Cavabdeh 8269.37 manat əsas borc, 3431.79 manat faiz borcunun, 120.95 manat cərimə borcu, 636.83 manat dəymiş zərər olmaqla, cəmi 12458.94 manat borc tutularaq iddiаçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, iddiaçı BOKT tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 128 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
18. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 8269.37 manat əsas borc, 3431.79 manat faiz borcunun, 120.95 manat cərimə borcu, 636.83 manat dəymiş zərər olmaqla, cəmi 12458.94 manat məbləğində borc və 128 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Ekspertiza xərci – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
20. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8269.37 manat əsas borc, 3431.79 manat faiz borcunun, 120.95 manat cərimə borcu, 636.83 manat dəymiş zərər olmaqla, cəmi 12458.94 (on iki min dörd yüz əlli səkkiz manat, doxsan dörd qəpik) manat məbləğində borc və 128 (yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza xərci – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova