Məhkəmə qərarları › İş №e-2(010)-1741/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-1741/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1741/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı2 və onun (eyni zamanda digər İddiaçı1) nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6100 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6100 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun tutularaq müştərək qaydada iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. İddiaçılar İddiaçı2 və İddiaçı1 2021-ci il avqust-sentyabr aylarında cəmi 6100 ABŞ dolları pulu Cavabdeh vermişdir. Belə ki, Cavabdeh kriptovalyuta alveri ilə məşğul olan "xxxx" MMC şirkətinin təmsilçisi olduğunu bildirərək ümumilikdə 6100 ABŞ dollar pulu iddiaçılardan almış və verlmiş məbləğin 150 faizi məbləğində qazanc əldə edəcəklərini deyib. Lakin bir müddət sonra "xxxx" şirkəti fəaliyyətini dayandırmış və Cavabdeh aldığı pulları geri qaytarmamışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən 12 yanvar 2023-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nə müraciət edərək Cavabdeh barəsində şikayət etsələr də, lakin Nərimanov RPİ-nin İŞ-nin 06 fevr4al 2023-cü il tarixli cinayət iş başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin qeyd edir ki, Cavabdeh işlə bağlı izahatı alınmış və o öz izahatında baş verənləri etiraf etmiş, yəni iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumilikdə 6100 ABŞ dolları məbləğində pulu aldığını etiraf etmişdir.

Tərəflərin izahatları.

4. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. İddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etirazının olmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

6. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

İş materialları.

7. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, AR CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qərardan həmçinin müəyyən olunur ki, X4 öz izahatında bildirmişdir ki, Muğanı təxminən 5 ilə yaxındır kı, tanımış və aralarında dostluq münasibəti yaranmışdır. İddiaçı1 İsə Fəxrinin vasitəsilə tanımış və onunla da aralarında normal münasibət yaranmışdır. Təxminən iki il əvvəl bir nəfər tanışının vasitəsilə internetdə valyuta pulu hesab olunan bitcoin alış-satışının bir növü kimi Ocos coin adlı şirkət barədə məlumat eldə etmiş və həmin 'Ocos' coin şirkətinin Azerbaycanda rəsmi dilleri yeni təsisçisinin Xəyal və Gülarə olduğu məlum olmuşdur. 'Ocos' coin İnternet valyuta ehtiyat kimi 1 coin 1 ABŞ dollan deyərində olmuş və onu aldıqdan 90 gün sonra qoyulan pulun 50 faizi xeyir kimi qazanmaq mümkün olmuşdur. O, bu barədə maraqlandıqdan sonra özü 'Ocos' coine yatırım etmək qərarına gəlmiş, sonra özü tək 1000 ABŞ dolları verib 1000 ədəd 'Ocos' coin almışdır. Yəni həmin 1000 ABŞ dollarını ‘Ocos’ coinln ümumi elektron kiseısine yatırım etmiş və 1000 ədəd 'Ocos' coin almışdır. Bundan 90 gün sonra isə qoyduğu 1000 ABŞ dolları pulun qarşılığında 1500 ABŞ dolları əldə etmiş və həqiqətən də 50 faiz qazanc əldə etmişdir. Bundan sonra o, həvəslənmiş və ikinci dəfə 6000 ABŞ dollar pul yatırmışdır ki, 50 faiz qazanc əldə etsin. Sonra həmin şirkətə müştəri gətirsə 10-15 faiz qoyulan pulun məbləği demo pul şəklində qazanc əldə edə biləcəyini İdrisə məlumat verərək riskli də olsa “Ocos' coinə yatırım etmələrini məsləhət görmüşdür. Onlar da razılıq vermişlər və hər ikisi birlikdə 6100 ABŞ dolları pul tapıb ona vermişlər. O, Fəxri ilə birlikdə 'Ocos' coinin elektron kisəsinə həmin pulu yatırmışlar. Fəxri həmin 6100 ABŞ dolları pulun elektron hesaba keçirilməsinin şahidi olmuşdur. Lakin, bundan təxminən 80 gün keçdikdən sonra Ocos coinin Azərbaycandakı nümayəndəliyində yaranmış problemlərlə bağlı təsisçilər Xəyal və Gülarə adlı şəxslər tutulmuşlar və hazırda barələrində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzre məhkəmə istintaqı davam edir. Beləliklə də, həm onun özünün 6000 ABŞ dolları pulu, həm də Fəxri və İdrisin 6100 ABŞ dolları pulu dəyərdən düşmüşdür. Hazırda həmin pulların Ocos coinin elektron kisəsində olduğunu, sadəcə dəyəri alınan 1 ABŞ dollarından çox az olduğu üçün çıxarmağın mənası olmadığını əlavə etmişdir. O, bir dəfə bunu edib 50 faiz qazanc eldə etmiş və bu işin etibarlı olduğunu düşünmüşdür. Buna görə də, Fəxriyə və onun vasitəsilə tanıdığı İdrisə də bu işi məsləhət görərək bu işi görmələrini, oraya yatırım etməyi demişdir. Onun niyyəti Fəxri və İdrisin de onun kimi qazanc etməyi olmuşdur. Həm də onlar etdikləri yatırıma görə yəni onun dəvəti ilə 'Ocos' coinə yatırım etdiklərinə görə edilən yatırımın 10- 15 faizi ona demo pul kimi xeyir qalacaqmış.

İşin faktiki halları.

8. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki,tərəflər arasında işgüzar münasibətlər olmuşdur. Belə ki, tərəflər arasındakı razılaşmaya əsasən, iddiaçılar valyuta əməliyyatlarının həyata keçirilməsi üçün cavabdehə pul vəsaiti verməyi, cavabdeh isə həmin pul vəsaitini əldə edilmiş qazancla birlikdə iddiaçılara qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçılar cavabdehin öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsini bildirərək ödədikləri pul vəsaitinin geri qaytarılmasını tələb edirlər.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Məhkəmənin mövqeyi

11. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qiyabi təmin edilməlidir.

12. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından aydın olur ki, iddiaçılar tələb edilən pul məbləğini müştərək şəkildə cavabdehə verrmişlər. Belə ki, yuxarıda qeyd olunan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” X1 izahatından göründüyü kimi, iddiaçılar qazanc əldə etmək məqsədilə valyuta əməliyyatlarının həyata keçirilməsi üçün 6100 ABŞ dollarını cavabdehə vermiş, cavabdeh isə 50 % qazancla həmin pul vəsaitini iddiaçılara qaytaracağını bildirmişdir. İddiaçı tərəf öz üzərinə düşən öhdəliyi icra edərək həmin pul vəsaitini cavabdehə təqdim etməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini lazımi qaydada icra etməmişdir. İddiaçılara məxsus pul vəsaitinin cavabdehdə qalmasını şərtləndirən qanuni əsas yoxdur. Belə ki, tərəflərin sövdələşməsi baş tutmamış, lakin buna baxmayaraq cavabdeh aldığı pul məbləğini iddiaçılara qaytarmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 122 manat dövlət rüsumu cavabdehdən tutularaq müştərək qaydada iddiaçılara ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Müzəffərlı̇ Kamal Cəlal oğlundan iddiaçılar Heydərlı̇ İdrı̇ s Rauf oğlu və Məhəmmədlı̇ Fəxri Muğan oğlunun xeyrinə müştərək qaydada qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 6.100 ABŞ dolları məbləğində pul və iş üzrə ödənilmiş 122 manat dövlət rüsumu müştərək qaydada iddiaçılara ödənilməlidir.

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh Müzəffərlı̇ Kamal Cəlal oğlundan iddiaçılar Heydərlı̇ İdrı̇ s Rauf oğlu və Məhəmmədlı̇ Fəxri Muğan oğlunun xeyrinə müştərək qaydada qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 6.100 ABŞ dolları məbləğində pul tutulsun. İş üzrə ödənilmiş 122 manat dövlət rüsumu cavabdehdən tutularaq müştərək qaydada iddiaçılara ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar