Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1758/2024 23.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
4. Belə ki, iş materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1 olmuş, cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılmış və cavabdehin qeydiyyat ünvanın hazırda hansı ünvan olması məlum deyil. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə istinad edərək cavabdehin sonuncu yaşayış yeri kimi iddia ərizəsini Suraxanı Rayon Məhkəməsinə verməyə haqlı deyil. Çünki cavabdehin sonuncu qeydiyyat ünvanı Balandin-42, yəni inzibati bina olmuş və həmin ünvanda yaşayış olması mümkün deyil. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi “yaşamaq” anlayışı hüquqi fakt kimi hərəkəti ehtiva edir. İddiaçı tərəfindən isə cavabdehin sırf sonuncu yaşadığı ünvanla bağlı iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Belə olan halda, cavabdehin yaşamadığı (inzibati binaya) ünvana bildiriş göndərilməsi cavabdehin ona qarşı qaldırılmış iddiadan məlumatsız olacağı və “hüquq və azadlıqların məhkəmə təminatı” kimi konstitusion hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bundan əlavə, hazırki iş üzrə ərizənin qaytarılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır və iddiaçı cavabdehin məlum olan son yaşayış yeri üzrə arayış və s. digər sənəd əldə etməklə məhz cavabdehin məlum olan axırıncı yaşayış yerinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
Məhkəmənin gəldiyi nəticə
5. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır.
6. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı :
İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada aidiyyət qaydalarına riayət etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.