Məhkəmə qərarları › İş №e-2(010)-1770/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1770/2025

08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1770/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiаçı X2 Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı X4 Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bütün qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və əlavə olaraq sabit pul məbləğində 150 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu il tarixli rəsmi nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Nikahları xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, Cavabdeh hər ayın 20-dən 25-nə kimi 300 manat pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Amma cavabdeh uşağının saxlanması üçün götürdüyü öhdəliyi yerinə yetirmir. Yəni, ödənişləri etmir, ona və anasına dəfələrlə zəng edib tələb etdikdən sonra alimenti göndərir, gec-gec göndərir, bəzən isə heç göndərmir. Onun aliment borcları yaranır. Sonradan xahiş-minnətlə həmin borcları ödəyir. O, cavabdehə zəng edib aliment borclarını ödəməyi tələb etməkdən yorulmuşdur. Bu səbəbdən dəfələrlə onun iş yerinə alimentin vaxtında göndərilməsi üçün yazılı müraciətlər də göndərmişdir. Hərbi hissədən də cavab göndərilir ki, cavabdeh N nömrəli hərbi hissədə xidmət etmir. Siz müraciətinizi N nömrəli hərbi hissəyə göndərin. Bu cavabdan sonra həmin hərbi hissəyə də müraciət olunmuş, cavabdehin iş yerindən yazılı cavab verilməmişdir. Şifahi olaraq bildirilmişdir ki, barışıq sazişinə görə cavab verilməsi mümkün deyil. Yalnız, məhkəmə qətnaməsi olduqda şikayət təmin edilə bilər. Həmçinin 2023-cü ildə, keçmiş barışıq sazişi vaxtı cavabdeh demişdir ki, hər il uşağın alimentini artıracaqdır. Aradan 2 il keçmiş, amma cavabdeh alimenti artırmamışdır. Uşaq böyüyür, onun tələbatları təbii ki, artır. Ona görə də, o, məhkəmə qaydasında alimentin məbləğinin artırılmasını tələb edir. Qızına pal-paltar alır, xəstələnəndə onun dava-dərmanına, müalicəsinə xeyli pul xərcləyir. Özü də işləmir. Qızı kiçik olduğundan münasib iş də tapıb işləyə bilmir. Atasının cüzi pensiya pulu ilə dolanır. Ona görə də, o, alimentin məbləğinin artırılması üçün cavabdehə qarşı iddia qaldırır. Cavabdehin aliment öhdəliyi ilə bağlı alimentin miqdarının az olması, habelə aliment öhdəliyini tam icra etməməsi xx.xx.2020-ci il təvəllüdlü X1 kifayət etmir, yəni onun ödədiyi məbləğ çox azdır. Azərbaycan Respublikasında 2025-ci ildə də uşaqlar üçün ödəniləcək alimentin miqdarı artırılmışdır. Cavabdehin aylıq gəliri çoxdur. O, hərbi qulluqçudur. Özünün dediyinə görə maaşı ayda 2000 manat təşkil edir. Qanunun tələbinə əsasən, cavabdeh uşağın saxlanması üçün hər ay kifayət edən miqdarda aliment ödəməlidir. Uşağın qida, geyim və digər zəruri maddi tələbatlarının ödənilməsi, sosial, iqtisadi, mədəni inkişafı üçün valideynlərinin gəlir ilə tam təmin olunmaq haqqı var. Cavabdeh isə hərbi hissədə yüksək maaşlı vəzifədə işləyir, kifayət qədər qazancı var. Ona görə də, qanunla müəyyən olunmuş qaydada cavabdehdən bütün qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi qədərində aliment qət edilməlidir. Həmçinin, cavabdehdən əlavə olaraq sabit pul məbləğində 150 manat olmaq şərti ilə aliment tutulmalıdır. Çünki, uşaq böyüyür, tələbatları artır o isə uşaq balaca olduğuna görə, həm də tez-tez xəstələndiyinə görə işləyə bilmir. Bu səbəblərdən maddi sıxıntıları artmış, yəni verilən alimentin miqdarı uşağının saxlanması üçün kifayət etmir. Uşağın saxlanması üçün aliment ödəmək cavabdehin ata kimi boynunun borcudur. Şərh olunanlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla tam təmin olunmalıdır. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı X4 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin bütün qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və əlavə olaraq 150 manat sabit pul məbləğində alimentin xx.xx.2025-ci il tarixdən hesablanmaqla tutularaq onun xeyrinə ödənilməsi, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində alimentin və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən, cavabdeh iddiaçı ilə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment ödənilməsinə dair öhdəlik götürmüşdür. Lakin, bu məbləğ hazırda həmin uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşaq böyüdükcə, onun tələblatları da artır və barışıq sazişi ilə tutulan aliment məbləği bu tələbatların ödənilməsi tam olaraq qarşılamır. Cavabdehin maaşının artıb-artmaması barədə məlumatları yoxdur. Belə olan halda, cavabdehdən həm qazancının və (və ya) gəlirlərin ¼ hissəsi miqdarında, həm də əlavə olaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı və onun nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Alimentin ödənilməsində hər hansı gecikmə olmamışdır, əmək haqqında da hər hansı dəyişiklik olmamışdır. Həmçinin barışıq sazişi ilə hər il alimenti artırmaya dair razılıq olmamışdır. Odur ki, məhkəmədən iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 530634 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 6616 nömrə ilə qeyd edilmişdir. İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02000 nömrəli barışıq sazişi bağlanmışdır: “1. Birinci tərəf bu saziş imzalandıqdan sonra İkinci tərəf ilə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 1155 nömrəli akt qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır.

2. Birinci tərəf İkinci tərəf ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır.

3. Birinci tərəf bu saziş imzalandıqdan sonra İkinci tərəf ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəfin ona xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 20-dən 25-nə dək 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və İkinci tərəfə təqdim edəcək bank kart hesabına ödəniləcəyi ilə razıdır.

4. Birinci tərəf bu saziş imzalandıqdan sonra İkinci tərəf ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X5 ilə (uşağın mənafeyi nəzərə alınaraq) İkinci tərəf ilə (ananın iştirakı olmadan) xx.xx.2023-cü il tarixindən etibarən hər ay 2 dəfə olmaqla, həftənin bazar günləri səhər saat 10:00-dan, günorta saat 13:00-dək ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.

5. Birinci tərəf bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür”. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 393/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1155 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 483202 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və X2 nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-393/2024 nömrəli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 152 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Yaqubova soyadı verilmişdir. Mediasiya Şurasının Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/1/2024-00500 nömrəli arayışın surətindən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə aliment miqdarının artırılması tələbinə dair ilkin mediasiya sessiyası keçirilmiş, lakin irəli sürülən tələblər üzrə qarşılıqlı razılıq əldə edilməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 440 №-li Hərbi Hissə tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 310 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh N nömrəli hərbi hissədə xidmətdədir, hal-hazırda onun aylıq pul təminatı gəlir vergisi, 3% DSMF-na ayırmalar və 2% icbari tibbi sığorta haqqı tutulduqdan sonra 1215.86 manat təşkil edir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərinin surətlərindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdən müxtəlif vaxtlarda ***7562 nömrəli kart hesabına 5100 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı ...Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır...

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin aliment miqdarının artırılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin (məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından qeyd edir ki, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) üçün imperativ olaraq müəyyən edilmiş şərtlər aşağıdakılardır: 1) tərəflərdən hər hansı birinin maddi vəziyyətində baş vermiş dəyişiklik; 2) tərəflərdən hər hansı birinin ailə vəziyyətində baş vermiş dəyişiklik və 3) diqqətəlayiq olan digər hallar. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. İş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh N nömrəli hərbi hissədə xidmətdədir, hal-hazırda onun aylıq pul təminatı gəlir vergisi, 3% DSMF-na ayırmalar və 2% icbari tibbi sığorta haqqı tutulduqdan sonra 1215.86 manat təşkil edir. İddia ərizəsində və tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə təqdim edilmiş ərizələrdə cavabdehin maddi vəziyyətinin xeyli yaxşı olması, onun aylıq əmək haqqının 2000 manat təşkil etməsi qeyd edilsə də, iddiaçı cavabdehin aylıq əmək haqqının 1215.86 manatdan yüksək olmasını sübut edə bilməmiş, öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Bu hissədə məhkəmə qeyd edir ki, tərəflər arasında uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün mediasiya qaydasında barışıq sazişi bağlandıqdan sonra tərəflərdən hər hansı bir başqa şəxslə nikaha daxil olmamış, birgə nikahdan doğulmuş uşaqdan savayı hər hansı uşaq anadan olmamışdır. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsində aliment miqdarının artırılmasına əsas kimi cavabdehin maddi vəziyyətinin yaxşılaşması ilə yanaşı, həmçinin cari il üzrə uşaqların saxlanılması üçün qanunla müəyyən edilən yaşayış minimumunun artmasına istinad edilmişdir. Halbuki, cari il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması aliment miqdarının artırılması üçün yeganə meyar təşkil edə bilməz. Aliment miqdarının artırılması üçün yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş klassik şərtlər mövcud olmalı və həmin şərtlərin təmin edilməsi halında iddia tələbi təmin edilməklə aliment miqdarı artırılmalıdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddiаçı X2 Cavabdeh qarşı aliment miqdarının artırılmasına dair iddia tələbi rədd edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiаçı X2 Cavabdeh qarşı aliment miqdarının artırılmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar