Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1784/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh əsas məbləğ üzrə 7255.07 manat, faiz borcu 559.37 manat, cərimə borcu 66.33 manat olmaqla cəmi 7880.77 manat məbləğində kredit borcu və 4.80 manat müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 98.85 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri 02.03.2021-cü ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 8300 manat məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 18% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə olan əsas məbləğ üzrə borc 5376.23 manat, faiz borcu 425.16 manat, cərimə borcu 51.48 manat olmaqla cəmi 5852.87 manat borc təşkil edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, 11.05.2022-ci il tarixli məhkəmə iclasını onun iştirakı olmadan keçirilib iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, o, maddi vəziyyəti ağır olduğu üçün banka olan borcunu tam ödəyə bilməmişdir. Belə ki, əvvəl işlədiyi zaman vaxtı-vaxtında banka ödənişlərini etmişdir. Lakin hazırda işləmir. Bu səbəbdən ödənişləri dayandırmışdır. İş materiallarına əlavə edilmiş: 02.03.2021-cü il tarixli 271744 saylı kredit müqaviləsindən görünür ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana illik 18% hesablanması şərti ilə 36 ay müddətinə 8300 manat məbləğində kredit verilmişdir. “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 02.03.2021-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən ona 8,300.00 (səkkiz min üç yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh "xxxx" QSCyə hazırda borcu aşağıdakılardan ibarətdir: əsas məbləğ üzrə borc 7,255.07 (yeddi min iki yüz əlli beş manat sıfır yeddi qəpik) manat, faiz borcu 559,37 (beş yüz əlli doqquz manat otuz yeddi qəpik) manat; cərimə borcu 66,33 (altmış altı manat otuz üç qəpik) manat olmaqla cəmi 7.880.77 (yeddi min səkkiz yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə illik 18% hesablanması şərti ilə 36 ay müddətinə 8300 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh "xxxx" QSC-yə əsas məbləğ üzrə borc 7,255.07 (yeddi min iki yüz əlli beş manat sıfır yeddi qəpik) manat, faiz borcu 559,37 (beş yüz əlli doqquz manat otuz yeddi qəpik) manat, cərimə borcu 66,33 (altmış altı manat otuz üç qəpik) manat olmaqla cəmi 7.880.77 (yeddi min səkkiz yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində borcu vardır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 66,33 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 5 (beş) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 02.03.2021-cü il tarixli 271744 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7,255.07 (yeddi min iki yüz əlli beş manat yeddi qəpik) manat, faiz borcuna görə 559,37 (beş yüz əlli doqquz manat otuz yeddi qəpik) manat, cərimə borcuna görə 5 (beş) manat olmaqla cəmi 7819,44 (yeddi min səkkiz yüz on doqquz manat qırx dörd qəpik) manat məbləğində vəsait tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumuna görə 98,85 (doxsan səkkiz manat səksən beş qəpik) manat və cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinə görə 4.80 (dörd manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02.03.2021-cü il tarixli 271744 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7,255.07 (yeddi min iki yüz əlli beş manat yeddi qəpik) manat, faiz borcuna görə 559,37 (beş yüz əlli doqquz manat otuz yeddi qəpik) manat, cərimə borcuna görə 5 (beş) manat olmaqla, cəmi 7819,44 (yeddi min səkkiz yüz on doqquz manat qırx dörd qəpik) manat, məhkəmə xərclərinə görə 103,65 (yüz üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1784/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1784/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver