Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1787/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh Vaqı̇ f oğluna qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" MMC Cavabdeh Vaqı̇ f oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ACER kompüter üçün 255 manat ödənilməmiş hissə və 25 manat cərimə olmaqla ümumilikdə 280 manat borc və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ACER kompüter əldə etmiş və nəticədə 280 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1379 manat (yəni 18 ay x 76 manat + 11 manat ilkin ödəniş), ACER kompüter üçün ümumilikdə 280 manat olmaqla ondan 255 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1124 manat təşkil edir. Cavabdehlə bağlanmış müqavilənin tərkib hissəsi olan təhvil-təslim aktından görünür ki, cavabdeh məhsulu tam və qüsursuz şəkildə əldə etmişdir. Digər tərəfdən cavabdehə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq öhdəliyi icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh ödənişlərini qrafik üzrə ödəmədiyinə görə servisdə ona xidmət göstərməmişlər. Belə ki, bu müqavilənin şərtindən irəli gəlir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, kompüteri aldıqdan 1 həftə sonra işləməmişdir. Daha sonra kompüter servisə təqdim edilmişdir. 16 ay ödəniş etmiş daha sonra isə dayandırmışdır. Hazırda komputer ondadır. Hesab edir ki, cihaz nasaz olduğuna görə qalan ödənişi etməməlidir. Qalıq məbləğin olmasını və tələbdə qeyd edilən miqdarda olmasını ümumilikdə qəbul edir və həmin məbləği ödəməyə o halda razıdır ki, onun komputerini iddiaçı şirkətin servisi təmir etsin.
İş materialları
5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1379 manat məbləğində ACER ASPİRE markalı kompüter əldə etmiş və həmin məbləği ilkin ödəniş 11 manat, aylıq 76 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
6. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh ACER ASPİRE markalı kompüteri tam və qüsursuz şəkildə əldə etmiş və bununla bağlı həmin aktı imzalamışdır.
7. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə ümumi 1368 manat borc məbləğindən 16 ay müddəti ərzində ümumilikdə 1113 manat ödəniş etmişdir.
8. xx.xx.2023-cü il tarixli “Texniki vəziyyət barədə” aktın surətindən görünür ki, müştəri Cavabdeh ACER ASPİRE markalı kompüteri qüsurlu olduğunu bildirərək servisə təqdim etmiş, lakin müştərinin ödənişləri qaydasında olmadığına görə cihaz servisə qəbul olunmamışdır.
İşin faktiki halları
9. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ACER ASPİRE markalı kompüter təqdim edilmiş və o, həmin məhsulun dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə üzrə 16 ay ərzində ödəniş etmiş, lakin daha sonra məhsulun qüsuruna görə ödənişi dayandırmışdır. İddiaçı tərəf isə həmin məhsulun tam və qüsursuz şəkildə cavabdehə təqdim edildiyini bildirir. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh ödəniş qrafikinə əməl etməyib, müqavilə üzrə ödəməli olduğu pulu tam ödəməyib. Cavabdeh tərəfin dəlili ondan ibarətdir ki, məhsul qüsurludur, ödənişin çox hissəsini ödəsə də, qalan məbləği məhsul təmir ediləcəyi təqdirdə ödəyə bilər.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Məhkəmənin mövqeyi
11. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
12. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan məhsulu cavabdehə vermişdir. Cavabdeh isə borclu olduğu məbləği ödəniş qrafikinə uyğun 18 ay müddəti ərzində ödəməyi öhdəsinə götürsə də, lakin həmin öhdəliyi qismən icra etmiş, yəni cəmi 16 ay ərzində ödəniş etmişdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, cavabdeh təqdim olunmuş məhsulun qüsurlu olduğunu qeyd etsə də, lakin iş materiallarında olan təhvil-təslim aktından görünür ki, cavabdeh özü həmin məhsulun ona tam və qüsursuz şəkildə təqdim edilməsi ilə bağlı həmin akta imza etmişdir. Cavabdehin etirazına gəldikdə isə məhkəmə qeyd edir ki, etiraz əsaslı deyildir. Çünki, cavabdeh qüsurlu hesab etdiyi məhsula görə 16 ay ödəniş etmiş, qalan iki ayı ödəniş etməkdən imtina etmişdir. Bundan başqa, məhsulun alınan vaxtı qüsurlu olması barədə də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
13. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən müqavilə üzrə tələb olunan 255 manat əsas borca münasibətdə tam, lakin cərimə pulu olaraq tələb olunan 25 manata münasibətdə isə qismən əsaslıdır.
14. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə əsas borca münasibətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu (penya) azaldılaraq 5 manat həddində müəyyən edilməlidir. Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Vaqı̇ f oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 255 manat ödənilməmiş hissə və 5 manat cərimə olmaqla ümumilikdə 260 manat və 30 manat dövlət rüsumu pul tutularaq ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Vaqı̇ f oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 255 manat ödənilməmiş hissə və 5 manat cərimə olmaqla ümumilikdə 260 manat və 30 manat dövlət rüsumu pul tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.