Məhkəmə qərarları › İş №e-2(010)-1790/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1790/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1790/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh X2 vərəsəsi Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli, 106804-725904/1 nömrəli kredit müqaviləsinə əsasən 6975.09 manat əsas borc, 13.17 manat faiz borcu olmaqla, cəmi 6988.26 manat borcun və ödənilmiş 90.29 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 106804-725904/1 saylı kredit müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən bank X3 illik 26.5% olmaqla 36 ay müddətinə 7500 manat məbləğində nağd kredit vermişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X2 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X3 dair Şabran rayon Notariat şöbəsində vərəsəlik işi açılmışdır. Bundan sonra Şabran rayon Notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən olunmuşdur ki, X2 vərəsəsi kimi Cavabdeh miras əmlak olan pul vəsaitlərindən və daşınmaz əmlakdan pay almışdır. Bundan sonra X2 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh borcun vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etməmişdir. xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi 6975.09 manat əsas borc, 13.17 manat faiz borcu olmaqla, cəmi 6988.26 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət faizləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəlikləri vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqşünası Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, X4 onun həyat yoldaşıdır və onunla İddiaçı ASC aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və bank tərəfindən ona 7500 manat məbləğində pul vəsaiti verilmişdir. Mərhum həyat yoldaşı X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə qəbul etdiyi əmlak daşınmaz əmlakdan və pul vəsaitindən ibarət olmuşdur. Hazıda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qəbul etdiyi həmin mənzili o, sonradan anasına bağışlamış və mənzil onun mülkiyyətində deyildir. Onun həyat yoldaşının bankla bağladığı müqavilədən məlumatı olmamış və bank tərəfindən ona borcla bağlı heç bir məlumat verilməmişdir. Hazırda o həmin məbləği banka ödəmək iqtidarında deyildir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

5.xx.xx.2019-cu il tarixli 106804-725904/1 saylı Kredit müqaviləsindən və Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X3 illik 26,5% olmaqla 36 ay müddətinə hər ay 304,18 manat ödəmək şərti ilə 7500 manat məbləğində kredit verilmişdir.

6. Asan 2 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.

7. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 6975.09 manat əsas borc, 13.17 manat faiz borcu olmaqla, cəmi 6988.26 manat borcu vardır.

8. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən X2 vərəsəsi Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir.

9. AZ-İİ 033451 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

10. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh X2 vərəsəsi hesab olunmuşdur və miras əmlak X2 adına ƏMDK-nin yanında DƏDRX-nin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50,94 kv.m olan 69 nömrəli mənzilin tam mülkiyyət hüququ əsasında miras qoyan X3 məxsus hissəsindən ibarətdir.

11. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh X2 vərəsəsi hesab olunmuşdur və miras əmlak X3 məxsus AZ83CAPN******************** saylı hesabında olan 983,06 manat pul məbləğindən ibarətdir.

İşin faktiki halları.

12. İddiaçı ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli 106804-725904/1 saylı kredit müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən bank X3 illik 26.5% olmaqla 36 ay müddətinə 7500 manat məbləğində nağd kredit vermişdir. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. V-380 nömrəli, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 qanun üzrə vərəsəsidir. Miras əmlak X3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 12 saylı evin 69 nömrəli mənzildən və 983.06 manat pul vəsaitindən ibarətdir. Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

18. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı ilə borclu arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Lakin borclu vəfat etmiş və bu səbəbdən öhdəliyi icra edə bilməmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak vərəsə tərəfindən qəbul edilmiş və qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Miras əmlak X3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 12 saylı evin 69 nömrəli mənzildən və 983.06 manat pul vəsaitindən ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

19. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 90.29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

20. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6975.09 manat əsas borc, 13.17 manat faiz borcu olmaqla, cəmi 6988.26 manat borc və ödənilmiş 90.29 manat dövlət rüsumu tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ :

İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 106804-725904/1 saylı kredit müqaviləsi üzrə 6975.09 manat əsas borc, 13.17 manat faiz borcu olmaqla, cəmi 6988.26 (altı min doqquz yüz səksən səkkiz manat, iyirmi altı qəpik) manat və ödənilmiş 90.29 (doxsan manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar