Məhkəmə qərarları › İş №e-2(010)-1816/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1816/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1816/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (“X1 Azərbaycan” QSC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 355.80 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1816/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(010)-1107/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"MMC -yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 1000 manat, xx.xx.2023-cü il tarixində ödənilən 172 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMCyə 355.80 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 355.80 manat məbləğində xidmət haqqı ödəmişdir. «X1 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış müqavilənin 5 və 6-cı bəndində «Borcverən»-in hüquq və vəzifələri/ Borcalanın hüquq və vəzifələri (öhdəlikləri) ndə qeyd edilmişdir ki: «Borcalan» tərəfindənbu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istfadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətlər ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün xərclərin (zərərin, məsrəflərin vəs., o cümlədən sığorta və hüquq xidmət ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə“Borcverənin” əldən çıxmış faydasını ödəmək;

Tərəflərin izahatları.

4. X1 Azərbaycan” QSC-nin Hüquq Departamentinin aparıcı hüquqşünası Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasının iddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.

İş materialları.

6. Maliyyə arayışının surətindən müəyyən olunur ki, “X1 Azərbaycan” QSC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hüquqi Xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq, Cavabdeh tərəfindən son ödəniş tarix, xx.xx.2023-cü ilə ödənilən borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 355,80 manat məbləğində xidmət haqqı ödənilmişdir.

7. xx.xx.2019-cu il tarixli, 263464 saylı kredit müqaviləsinin surətindən görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 25% olmaqla 2270 manat məbləğində kredit ayrılmışdır. 8.“X1 Azərbaycan” QSC (Bank) və "xxxx" MMC (Büro) arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüquqi xidmət haqqında” müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və/və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndində qeyd edilmişdir ki: “Bank Müqaviləyə əsasən istifadə edilən kreditlərdən (istehlak və kredit kart kreditlərindən) yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında).

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(010)- 1107/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 263464 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2033.78 manat məbləğində əsas borc, 265.31 manat məbləğində faiz borcu, 38.10 manat cərimə, 4.80 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, cəmi 2341.99 manat və 30 manat dövlət rüsumu tutularaq «X1 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

10. xx.xx.2024-cü il tarixli bildirişin surətindən (pretenziyadan) görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh Bank tərəfindən "xxxx" MMC-yə köçürülmüş 355,80 manat məbləğində xidmət haqqının Banka ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir.

11. “X1 Azərbaycan” QSC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli təhvil aktının surətindən görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindəki 150 manat məbləğindəki vəsait "xxxx" MMC tərəfindən təmin edilmişdir. 12.”X1 Azərbaycan” QSC tərəfindən təsdiq edilmiş xx.xx.2023-ci il tarixli təhvil aktının surətindən görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindəki 205,80 manat məbləğindəki vəsait "xxxx" MMC tərəfindən təmin edilmişdir.

İşin faktiki halları.

13. İddiaçı “X1 Azərbaycan” QSC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı Bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 25% olmaqla 2270 manat məbləğində kredit ayrılmışdır.

14. İddiaçı “X1 Azərbaycan” QSC-nin iddiası əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(010)-1107/2021 nömrəli qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh 263464 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2033.78 manat məbləğində əsas borc, 265.31 manat məbləğində faiz borcu, 38.10 manat cərimə, 4.80 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, cəmi 2341.99 manat və 30 manat dövlət rüsumu tutularaq «X1 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin icrası təmin edilmişdir.

15. “X1 Azərbaycan” QSC və "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, məhkəmə qətnaməsinin icrasının təmin edilməsi ilə bağlı "xxxx" MMC-nin göstərəcəyi xidmət müqabilində “X1 Azərbaycan” QSC tərəfindən xidmət haqqı ödənilməlidir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 387. Öhdəliyin tərəfləri. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 420. Müqavilənin standart şərtlərinin etibarsızlığı. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat.

Məhkəmənin mövqeyi.

19. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırda iddiaçı Bank tərəfindən cavabdehdən tələb edilən pul tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən vaxtında icra edilməmiş öhdəliyə görə yaranmış borc məbləği deyil. Belə ki, iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı Bankla aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cəmi 2341.99 manat məbləğində borcu olsa da, bu borc Bankın iddiası əsasında xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmuş, müvafiq qətnamə üzrə tələb artıq ödənilmişdir.

20. Hazırda iddiaçı Bank tərəfindən cavabdehdən tələb edilən 355.80 manat məbləğində pul isə iddiaçı “X1 Azərbaycan” QSC-nin "xxxx" MMC-yə ödədiyini iddia etdiyi xidmət haqqıdır. İddiaçı Bank bu tələbini belə əsaslandırmışdır ki, “X1 Azərbaycan” QSC və "xxxx" MMC arasında hüquqi xidmət haqqında müqavilə bağlanmışdır və bu müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun ödənilməsinin təmin edilməsi "xxxx" MMC-yə sifariş edilmişdir. “X1 Azərbaycan” QSC və Cavabdeh arasında bağlanmış müqavilədə Borcalan tərəfindən bu müqavilənin lazımınca icra edilməməsinə görə məhkəmədə iddia qaldırılacağı, eləcə də “icra tətbiqi” həyata keçiriləcəyi halda bununla bağlı bütün xərclərin Borcalan tərəfindən ödənilməsinin müəyyən edilməsinə istinad edən iddiaçı Bank məhkəmə qətnaməsinin icra edilməsi üçün "xxxx" MMC-yə ödədiyini iddia etdiyi 355.80 manat məbləğində xidmət haqqını cavabdehdən tələb etmişdir.

21. Məhkəmə ilk növbədə qeyd edir, Cavabdeh məhkəmə qətnaməsi üzrə borcun tutulması məqsədilə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 355.80 manat məbləğində xidmət haqqının ödənildiyi təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Nəzərə alınsa ki, iddiaçı Bank məhz həmin qətnamənin icrası məqsədilə, məhz "xxxx" MMC-yə, məhz 355.80 manat məbləğində xidmət haqqı ödədiyi iddia edir və ödədiyi xidmət haqqını cavabdehdən tələb edir, bu sənədin iddia ərizəsinə əlavə edilməsi zəruri idi. Ona görə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, mad. 77.1).

22. Bundan əlavə, məhkəmə hesab edir ki, bu sənəd iddia ərizəsinə əlavə edilmiş və həmin sənəd əsasında yuxarıda qeyd edilmiş hal müəyyən edilmiş olsa idi belə, bu iddianın əsaslı olması nəticəsinə gəlmək mümkün olmazdı. Belə ki, iddiaçı Bank 355.80 manat məbləğində pulu cavabdehdən icra xərci kimi tələb edir və bu zaman cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin 5 və 6 bəndində borcalan tərəfindən öhdəliklərin lazımınca icra edilməməsi halında borcverənin çəkdiyi və çəkməli olduğu xərclərin borcalan tərəfindən ödənilməsinin müəyyən edilməsinə istinad edir.

23. Göründüyü kimi, müqavilədə həqiqətən borcverənin çəkdiyi və çəkməli olduğu xərclərin borcalan tərəfindən ödənilməsindən bəhs edilmiş, bu halda Bank tərəfindən çəkiləcək bütün xərclərin borcalan tərəfindən ödənilməsi müəyyən edilmişdir. Qanunvericilikdə məhkəmə qərarlarının məcburi icrası qaydası müəyyən edilmişdir ki, bunu da icra məmurları həyata keçirir. Belə ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (“İcra haqqında” Azərbaycan Respublikasının qanunu, mad.2.1).

24. Bu o deməkdir ki, Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə pul tutulmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdırsa, həmin qətnamənin icra edilməsi üçün aidiyyəti icra qurumuna yönəldilməsi və icra məmuru tərəfindən qətnamənin məcburi qaydada icra edilməsi üçün müəyyən tədbirlər görülməsi qanunla müəyyən edilmişdir. Bunun üçün tələbkar tərəfindən hansısa xidmət haqqı ödənilməsi tələb edilmir.

25. Bununla belə, nəzərə alınmalıdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, mad. 390.1).

26. Bu baxımdan iddiaçı “X1 Azərbaycan” QSC-nin "xxxx" MMC ilə bağladığı müqavilə qanuna zidd deyil. Yəni “X1 Azərbaycan” QSC məhkəmə qətnaməsinin icra edilməsi üçün başqa bir hüquqi şəxslə xidməti müqavilə bağlamağı və bunun üçün müəyyən xidmət haqqı ödəməyi öz mənafeyinə uyğun hesab edirsə, bu cür müqavilə bağlamaqda sərbəstdir. Lakin bu müqavilə üçüncü şəxslər (eləcə də hazırkı iş üzrə cavabdeh) üçün öhdəlik yarada bilməz. Nəzərə alınmalıdır ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır... (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, mad. 387.3).

27. Digər tərəfdən, nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş istənilən məhkəmə qətnaməsi icraya yönəldilir, icra məmuru tərəfindən qətnamənin məcburi icrası üçün icra hərəkətləri həyata keçirilir. Bu zaman icra sənədi üzrə borcludan müəyyən icra xərci tutulması istisna edilməsə də, hansısa hüquqi şəxsin xeyrinə xidmət haqqı tutulmur. Bu mənada əgər iddiaçı Bank heç bir xidmət haqqı ödəmədən icra məmuru tərəfindən məcburi icrasına nail ola biləcəyi qətnamənin hansısa hüquqi şəxsə xidmət haqqı ödəməklə icrasına nail olubsa, bu iddiaçı Bankın daxili məsələsidir. İddiaçı Bank heç bir zərurət olmadan, tamamilə könüllü şəkildə bağladığı müqavilə üzrə ödədiyi xidmət haqqını çəkilmiş zəruri icra xərci kimi cavabdehdən tələb edə bilməz.

28. Belə ki, iddiaçı Bankın kredit müqaviləsi üzrə ödənilməmiş borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək, qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını tələbkar kimi tələb etmək hüququ olduğu kimi icra sənədi üzrə borclunun da müəyyən hüquqları (məsələn, icra sənədini könüllü icra müddəti ərzində icra edərək icra xərclərindən azad olmaq) var. Bu baxımdan iddiaçı Bankın bağladığı hüquqi xidmət müqaviləsi üzrə çəkdiyi xərclər cavabdehin bu hüquqdan məhrum edilməsi ilə nəticələnməməlidir.

29. Ümumiyyətlə, iddiaçı nəzərə almalıdır ki, qanunla məhkəmə xərclərinin ödənilmiş tələbin məbləğinə mütənasib olaraq tərəflərdən tutulmasının müəyyən edilməsinin məqsədi cavabdeh tərəfindən hüquqlarının pozulması nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və müəyyən xərc çəkmiş iddiaçının ən azından tələbinin təmin edilmiş hissəsinə mütənasib xərclərinin kompensasiya edilməsidir. Yəni cavabdeh iddiaçının hüquqlarını pozmasa idi, iddiaçı məhkəməyə müraciət etməyə, bu zaman müəyyən xərc çəkməyə məcbur olmazdı. Göründüyü kimi, burada iddiaçı tərəfindən çəkilmiş xərc müəyyən zərurətdən, qanunla müəyyən edilmiş məcburiyyətdən irəli gəlir. Yalnız bu halda qanunvericilik həmin xərclərin digər tərəfin hesabına kompensasiyasına təminat verir.

30. Hazırkı işdə isə bu “məcburilik” müəyyən edilmir. Əksinə, iddiaçı Bank iddia edir ki, cavabdehdən Bankın xeyrinə pul tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. Məlumdur ki, qanuni qüvvəsini almış istənilən qətnamə icraya yönəldilir və məcburi icrası üçün icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilir. Buna baxmayaraq, əgər iddiaçı Bank bununla kifayətlənməyib, qətnamənin icrasına xidməti müqavilə əsasında nail olmuşdursa və bunun üçün müəyyən xidmət haqqı ödəmişdirsə, bu halda hansısa məcburiyyətdən söhbət gedə bilməz.

31. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin "xxxx" MMC-yə ödədiyini iddia etdiyi 355.80 manat məbləğində pul nə zəruri məhkəmə (icra) xərci, nə də iddiaçı Banka dəymiş ziyandır. Bu baxımdan iddiaçı Bankın həmin pulu cavabdehdən tələb etməsi əsassızdır. Tərəflər arasında bağlanmış müqavilədə “icra tətbiqi xərclərinin borcludan tutulması”nın müəyyən edilməsi isə əhəmiyyətsizdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

Məhkəmə xərcləri.

32. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməməli, ödənilmiş dövlər rüsumu iddiaçıya aid edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar