Məhkəmə qərarları › İş №e-2(010)-1864/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1864/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1864/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 7221.90 manat əsas borc, 82.45 manat faiz borcu olmaqla, 7304.35 manat borc, kart limiti üzrə 485.53 manat əsas borc, 15.86 manat faiz borcu olmaqla, 501.39 manat və ödənilmiş 98.07 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli X10 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 18%-lə 48 ay müddətinə 9500 manat məbləğində nağd kredit verilmiş və illik 24%lə 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 257730 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən verilmiş 804 nömrəli məktubdan görünür ki, Cavabdeh X2 qalmış mirası qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Suraxanı fillialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 7221.90 manat əsas borc, 82.45 manat faiz borcu olmaqla, 7304.35 manat borcu, xx.xx.2024-cü ilədək Banka ödənilməmiş kart limiti üzrə 485.53 manat əsas borc, 15.86 manat faiz borcu olmaqla, 501.39 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 98.07 manat dövlət rüsumu və 0.40 bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 30153/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qardaşı 12 illik məhkumdur və anasının pensiyasını isə bank tutur. 3 uşaq olduqları üçün onlara atalarının maaşının 3 misli həcmində pul vəsaiti verilmiş, lakin onlar analarının xeyrinə həmin pul vəsaitini almaqdan imtina etmişlər. Həmin pul vəsaiti də yalnız məzar daşına xərclənmişdir. Mərhumun adına başqa nə bir ev, nə də maşın yoxdur. Əksinə onun adına xeyli miqdarda pensiya kapitalı yığılmış, lakin onlara verilməmişdir. Onların mərhum atalarının ölümünə qədər mövcud borc məbləği barədə heç bir məlumatı olmamışdır. Hazırda isə anasının həmin məbləği ödəmək imkanı yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" ASC (Bank) və X7 (Müştəri) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli X10 müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən “Bank” “Müştəri”nin adına ikitərəfli ödəniş kartını buraxmağı, “Müştəri”nin adına bank hesablarını açmağı, “Müştəri”yə Tam Kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı, “Müştəri” isə Tam Kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam Kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, “Bank” tərəfindən ayrılmış kreditdən şəxsi ehtiyaclarının ödənilməsi məqsədi üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “Bank”a ödəməyi öz öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli X10 müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, müqavilə üzrə (kredit məbləği 9500 manat) ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borc məbləğinin xx.xx.2020 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 279.07 manat (sonuncu ay 278.47 manat) məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır. xx.xx.2020-ci il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmanın surətindən müəyyən olunur ki, Bank tərəfindən borcalan X4 36 ay müddətinə, illik 24% faiz dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X3 xx.xx.2020-ci il tarixli, 215MYKL202820001 nömrəli müqavilə üzrə banka həmin tarixə 7221.90 manat əsas borc və 82.45 manat faiz borcu olmaqla, ümumilikdə 7304.35 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X3 xx.xx.2020-ci il tarixli müqavilə üzrə banka 485.53 manat əsas borc və 15.86 manat faiz borcu olmaqla, ümumilikdə 501.39 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan (xx.xx.2023-cü il tarixli poçt qəbzi) müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli X10 müqaviləsi üzrə borclu X3 vərəsəsi qismində ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş və həmin borcun 5 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 257730 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 106 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 804 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X3 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdehdır və ona xx.xx.2022-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 199 nömrəli cavab məktubundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X3 adına xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmış, arvadı – Cavabdeh vərəsə kimi müəyyən edilmiş və ona xx.xx.2022-ci il tarixində 2V/167 reyestr nömrə ilə müavinət puluna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak “Azneft” İB Maddi-Texniki Təchizat İdarəsinin xx.xx.2022-ci il tarixli SOCAR**********30320410X0001 nömrəli məktubuna əsasən istifadə edilməmiş məzuniyyət üçün kompensasiya – 429.96 manat, vəzifə maaşı – 98.80 manat, yemək pulu – 6 manat, peşəkarlığa görə əlavə ödəniş – 15.51 manat, iş stajına görə əlavə ödəniş – 4.94 manat, əmək haqqının üç misli – 3201.51 manat, ümumilikdə 3756.51 manat müavinat pulundan ibarətdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 92.22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. İşin faktiki hallarından görünür ki, mərhum X7 ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclu vəfat etdiyindən öhdəlik tam icra edilməmişdir. Mərhumun miras əmlakı vərəsəsi Cavabdeh tərəfindən qəbul edilmiş və adına vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC həmin vərəsədən mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etmək hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə payına mütənasib surətdə məsuliyyət daşıyır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mərhum X2 miras əmlak kimi istifadə edilməmiş məzuniyyət üçün kompensasiya – 429.96 manat, vəzifə maaşı – 98.80 manat, yemək pulu – 6 manat, peşəkarlığa görə əlavə ödəniş – 15.51 manat, iş stajına görə əlavə ödəniş – 4.94 manat, əmək haqqının üç misli – 3201.51 manat, ümumilikdə 3756.51 manat müavinat pulu qəbul edilmişdir. Qəbul olunmuş miras əmlakdan 555.21 manat (kimi istifadə edilməmiş məzuniyyət üçün kompensasiya – 429.96 manat, vəzifə maaşı – 98.80 manat, yemək pulu – 6 manat, peşəkarlığa görə əlavə ödəniş – 15.51 manat, iş stajına görə əlavə ödəniş – 4.94 manat) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququdur.Əmək haqqının üç misli – 3201.51 manat isə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildiyinə görə vəfat edənin vərəsəsinə verilmiş orta aylıq əmək haqqının üç mislidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 98.07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Odur ki, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (555.21 manat) mütənasib olan hissəsi (30 manat) cavabdehdən tutularaq iddiaçını xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, X3 vərəsəsi Cavabdeh 555.21 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 555.21 (beş yüz əlli beş manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar