Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1890/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli müqavilə üzrə 447.23 manat əsas borc, 20.26 manat faiz borcu, 19 manat dəbbə olmaqla, cəmi 486,49 manat borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında bağlanmış 07 iyul 2023-cü il tarixli BAKU1-73760-22987 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik faiz dərəcəsi 38% faiz olmaqla 18 ay ərzində ay ərzində qaytarılması şərtilə 1000 manat məbləğində kredit verilmişdir. “Kredit müqavilə”-sindən irəli gələn öhdəliklərin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 birgə məsuliyyətini müəyyən edən 07 iyul 2023-cü il tarixli BAKU1-73760-22987+BAKU1-73865 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 75 manat ödəniş edilməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır.
İş materialları
4. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BAKU1-73760-22987 nömrəli Kredit Müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən cavabdehə 18 ay müddətinə, illik 38% dərəcəsi ilə, 1000 manat məbləğində kredit verilmişdir.
5. xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür.
6. xx.xx.2025-ci il tarixli Maliyyə arayışından müəyyən olunur ki, TBC” Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BAKU1-73760-22987 nömrəli Kredit müqaviləsinə əsasən 447.23 manat əsas borc, 20.26 manat faiz borcu, 19 manat dəbbə olmaqla, cəmi 486,49 manat kreditdən istifadəyə görə borcu yaranmışdır.
7. Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli Xəbərdarlıqdan görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh1 və Cavabdeh2 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.
İşin faktiki halları
8. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin bağlanması, Cavabdeh1 ilə zaminlik müqaviləsinin bağlanması və cavabdehlərin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün dəbbə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün dəbbə ödəyəcəyini vəd etmişdirsə, kreditor dəbbənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, dəbbənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat
Məhkəmənin mövqeyi.
12. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
13. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.40 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
15. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2023-cü il tarixli müqavilə üzrə 447.23 manat əsas borc, 20.26 manat faiz borcu, 19 manat dəbbə olmaqla, cəmi 486,49 manat və 30.40 manat dövlət rüsumu məbləğində pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin hesabına ödənilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli müqavilə üzrə 447.23 manat əsas borc, 20.26 manat faiz borcu, 19 manat dəbbə olmaqla, cəmi 486,49 (dörd yüz səksən altı manat, qırx doqquz qəpik) manat pul vəsaiti və 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova