Məhkəmə qərarları › İş №e-2(010)-1891/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1891/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1891/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 (otuz min) manat və borcun gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla 3000 (üç min) manat pulun, ümumilikdə 33.000 (otuz üç min) manat məbləğində pulun tutularaq ona (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla (İddiaçı) Cavabdeh arasında 20 may 2020-ci il tarixli borc sazişi bağlanmışdır. Həmin sazişə əsasən onun tərəfindən Cavabdeh 18 (on səkkiz) ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 100.000 (yüz min) manat borc verilmişdir. Sazişə əsasən müəyyən edilmiş borcun qaytarılma müddəti 20 noyabr 2021-ci il tarixində başa çatmışdır. Lakin bu müddət ərzində cavabdeh tərəfindən borcdan 70.000 (yetmiş min) manat qaytarılsa da, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək qalan 30.000 (otuz min) manat pul vəsaiti (İddiaçı) qaytarılmamışdır. Bununla da, tərəflər arasında bağlanmış sazişin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Onun (İddiaçı) tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada pretenziya göndərilmiş və 20 may 2020-ci il tarixli müqavilə üzrə qalan 30.000 AZN məbləğində pulun 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks halda 30.000 (otuz min) manat məbləğdə pulun, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirildiyi üçün faizin və məhkəmə xərclərinin cavabdehdən tutulması haqqında müvafiq iddia ərizəsi ilə Məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tərəflər arasında bağlanmış sazişə əsasən müəyyən edilmiş borcun qaytarılma müddəti 20 noyabr 2021-ci il tarixində başa çatmış, həmin tarixdən halhazıradək 2 ildən artıq müddət keçmiş, qalan borc məbləği isə 30.000 (otuz min) manat təşkil edir. Belə olan halda, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən cavabdeh qalan 30.000 manat borcu 2 ildən artıq gecikdirdiyi üçün, həmin məbləğə illik 5 faiz hesablanmaqla, (30.000/100x5= 1500 azn x 2 il = 3000 azn) 3000 (üç min) manat təşkil edir. Odur ki, Cavabdeh 30.000 (otuz min) manat borc məbləği, eləcə də borcun gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla 3000 (üç min) manat, cəmi 33.000 (otuz üç min) manat tutularaq onun (İddiaçı) ödənilməlidir. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi(vəkil) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı, Cavabdeh ilə 20 may 2020-ci il tarixli borc sazişi bağlanmışdır. Həmin sazişə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 (on səkkiz) ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 100.000 (yüz min) manat borc verilmişdir. Həmin sazişə əsasən müəyyən edilmiş borcun qaytarılma müddəti 20 noyabr 2021-ci il tarixində başa çatmışdır. Lakin bu müddət ərzində cavabdeh tərəfindən borcdan 70.000 (yetmiş min) manat qaytarılsa da, qalan 30.000 (otuz min) manat məbləğində olan borcunu bu günədək X1 qaytarılmamışdır. Bununla bağlı cavabdehə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borcu qaytarmaqdan boyun qaçırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, Cavabdeh ilə iddiaçı arasında 20 may 2020-ci il tarixli borc sazişi bağlanmışdır. Həmin sazişə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 (on səkkiz) ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 100.000 (yüz min) manat borc verilmişdir. Cavabdeh iddiaçıdan götürdüyü borcdan 85.000 manat məbləğində pulu qaytarmış, onun cəmi 15000 manat borcu qalmışdır. Bununla bağlı tərəflərin “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş mesajları və səs yazıları vardır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

5. 20 may 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış Borc sazişinə əsasən Borcverən İddiaçı 18 (on səkkiz) ay müddətinə 100.000 (yüz min) manat pul vəsaitini borcalan Cavabdeh vermişdir. Borcalan Cavabdeh isə pul vəsaitini aralarında razılaşdırılmış müddətin sonuna qədər ayda bir dəfə ödəniş cədvəlində qeyd olunmuş məbləğdən az olmamaqla hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür.

6. İddiaçı tərəfindən Cavabdeh ünvanlanan Pretenziya məktubundan görünür ki, İddiaçı 20 may 2020-ci il tarixli Borc sazişi üzrə Cavabdeh 30.000 AZN məbləğində borcunu 3 (üç) gün ərzində ödənilməsini tələb etmişdir.

İşin faktiki halları.

7. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə borc sazişi bağlanmış və həmin müqaviləsinin şərtlərinə əsasən borcverən 100 000 manat pul vəsaitini 18 ay müddətinə borcalana verməyi və borcalan həmin borcun ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəf həmin borcdan 70000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarıldığını, qalan 30000 manat pul vəsaitinin isə ona qaytarılmadığını qeyd etmiş, cavabdeh tərəf isə 85000 manat pul vəsaitini iddiaçıya ödədiyini, yalnız 15000 manat borcu qaldığını qeyd etmişdir.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

9 .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarı Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitutsiya Məhkəməsi qeyd edir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra–“Banklar haqqında” Qanun) müəyyən edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansıöhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.

Məhkəmənin mövqeyi.

13. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə borc sazişi bağlanmış və həmin müqaviləsinin şərtlərinə əsasən borcverən 100 000 manat pul vəsaitini 18 ay müddətinə borcalana verməyi və borcalan həmin borcun ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

14. İddiaçı tərəf müqavilə və ona əlavə olunmuş sənədləri təqdim edərək tərəflər arasında real olaraq borc müqaviləsi bağlandığını, həmin pulu müqavilədə nəzərdə tutulmuş qaydada borcalana verdiyini və həmin borcun bir hissəsinin (70 000 manat) cavabdeh tərəfindən ona qaytarıldığını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. Cavabdeh tərəf isə 100 000 manat pul vəsaitinin onun tərəfindən götürüldüyünü, lakin həmin borcun 85000 manat hissəsinin onun tərəfindən qaytarıldığını, onun həmin müqavilə üzrə cəmi 15000 manat borcu qaldığını və bununla bağlı olaraq səs yazılarının olduğunu bildirərək iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir.

16. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

17. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı məhkəməyə cavabdehlə onun arasında bağlanmış borc sazişi təqdim etmiş, hər iki tərəf həmin borc müqaviləsinin tərəflər arasında bağlandığını və pulun 18 ay müddətinə qaytarılması şərti ilə iddiaçı tərəfindən cavabdehə verildiyini etiraf etmişlər. Cavabdeh tərəf isə 85000 manat borcun iddiaçıya qaytarıldığını qeyd etsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir.

18. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən həmin borcun qaytarılma müddəti və qaydası barədə tərəflər razılıq əldə etsələr də, həmin kredit müqaviləsi üzrə müddət bitdikdən sonra öhdəliyin icra olunmaması halı iddiaçıya məlum olmuş, başqa sözlə kredit müqaviləsi üzrə borcun 20 noyabr 2021-ci il tarixinə kimi iddiaçıya qaytarılması halı baş tutmadığından iddiaçı məhkəməyə müraciət etmək hüququndan istifadə etməli idi. Lakin göründüyü kimi iddiaçı tərəf pulun geri alınması ilə bağlı ağlabatan müddətdə tədbir görməmiş, yalnız iki ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş və bununla bağlı əlavə faizlərin tutulmasını tələb edir. Buna görə də məhkəmə hesab edir ki, əlavə faizlərin tutulması hissəsində iddia tələbi təmin oluna bilməz.

Məhkəmə xərcləri.

19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 189 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

20. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 180 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 000 manat pul vəsaiti və 180 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 30 000 (otuz min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar