Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1904/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən İddiaçı QSC-nin xeyrinə 51,78 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış BXK12865 saylı xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 619.78 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləsinə əlavə olunan sazişə əsasən, "xxxx" MMC-nin Cavabdeh qarşı olan 619.78 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdehin 51.78 manat əsas borcu, 0 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onunla "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixii, BXK12865 saylı nisyə aiğısatqı müqaviiəsinə əsasən, 329.99 manat məbləğində 1 ədəd “Samsung A12/32GB Black” markalı mobil telefon və 269.99 manat məbləğində 1 ədəd “Bosch” markalı ətçəkən məişət texnikasını, cəmi 619.78 manat məbləğində məhsulları 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə nisyə almışdır. Müqavilə üzrə aldığı məhsulların dəyərini ödəniş qrafikinə uyğun olaraq hər ay ödəmiş və sonunçu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə bütün məbləğ tərəfindən tam ödənilmişdir. Hazırda onun xx.xx.2021-ci il tarixli BXK12865 saylı nisyə alğı-satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. Bununla bağlı "xxxx" MMC tərəfindən ona borcunun olmaması ilə bağlı arayış verilmişdir. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. İş materialları. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış BXK12865 saylı xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən, cavabdeh 619.78 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 52 manat ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.11-ci maddəsinə əsasən bu müqavilə üzrə tələb hüquqlarını alıcının razılığı olmadan İddiaçı QSC və ya digər şəxslərə güzəşt edə bilər. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsində nəzərdə tutulan 1 ədəd “Samsung A12” markalı mobil telefon və 1 ədəd “Bosch MFW45020” markalı ətçəkən –məişət avadanlıqları alıcıya təhvil verilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş bildirişə görə, BXK12865 saylı xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı QSC-yə güzəşt edilmiş, ona görə də növbəti ödənişlərin hər ay İddiaçı QSC-yə ödənilməsi tələb olunur. xx.xx.2021-ci il tarixli BXK12865 nömrəli nisyə alğı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-dən aldığı əşyalara dair borcunun yarandığı təqdirdə "xxxx" MMC tərəfindən mobil cihazın İMEİ nömrəsinin deaktiv edilməsinə və vahid şəbəkədə müştəri siyahısına salınmasına etiraz etməmişdir. R-16/19 saylı xx.xx.2019-cu il tarixli Faktorinq Müqaviləsinə əlavə olunan R-xx/xx-0134 nömrəli xx.xx.2021-ci il tarixli Sazişə əsasən "xxxx" MMC-nin borcluları və digər şərtləri barədə məlumat İddiaçı QSC-yə verilir. Cavabdeh "xxxx" MMC ilə bağlanmış müqavilə, 619,78 manat borcu və digər şərtlər həmin sənəddə öz əksini tapır. İddiaçı QSC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsi əsasən, faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güz\şt edir. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh ödənilmiş məbləğ 568 manat, əsas borcdan qalıq 51,78 manat təşkil edir. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli BXK12865 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 51,78 manat əsas məbləğ üzrə borc və 0 manat cərimə olmaqla – cəmi 51,78 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli BXK12865 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə aktiv öhdəlikləri sıfır manatdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. Maddə 194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.... Maddə 195. Tələbin güzəşti zamanı borclunun vəzifələri Tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Maddə 196. Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Maddə 198 . Yeni kreditorun tələblərinin sübutu 198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Maddə 199 . Yeni kreditorun tələblərinə qarşı borclunun etirazları 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.... Maddə 655. Faktorinq müqaviləsi 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.4. Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Maddə 656. Tələblərin alğı-satqısı haqqında müddəaların faktorinq müqaviləsinə tətbiqi Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Maddə 657. Faktorinq müqaviləsinin iştirakçıları arasında münasibətlərin xüsusiyyətləri 657.2. Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. 657.3. Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. 657.5. Əgər borclu başqa şəxsin ödənişi həyata keçirməkdə üstünlük hüququndan xəbərdardırsa, bu Məcəllənin 657.4-cü maddəsinə uyğun ödənişi həyata keçirmək vəzifəsi aradan qalxır. 657.6. Borclunu faktora ödəniş nəticəsində borcdan azad edən digər əsaslardan asılı olmayaraq, borcdan azad edilmə o halda ödənişin nəticəsi olur ki, həmin ödəniş bu Məcəllənin 657.4-cü maddəsinə uyğun həyata keçirilir. 657.7. Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. 657.8. Mal göndərənin alğı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etməməsi, lazımınca icra etməməsi və ya icranı gecikdirməsi özlüyündə borcluya faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vermir. Əgər borclu hər hansı tələb üzrə faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin qaytarılmasını yalnız o halda tələb edə bilər ki, faktor bu tələb üzrə mal göndərənə ödəmə öhdəliyini icra etməsin və ya borclunun ödənişinin aid edildiyi mallar barəsində müqavilənin müştəri tərəfindən yerinə yetirilmədiyini, lazımınca yerinə yetirilmədiyini və ya yerinə yetirilməsinin gecikdirildiyini bildiyi məqamda icra etsin. 657.9. Əgər müştəri faktorinq müqaviləsi əsasında hər hansı tələbi faktora güzəşt edirsə, onda əvvələn, faktor tərəfindən tələbin hər hansı növbəti güzəştinə və ya hər hansı sonrakı tələb alana bu Məcəllənin 657.4 - 657.8-ci maddələri elə tərzdə tətbiq edilir ki, sonrakı tələb alan sanki faktordur, ikincisi isə, növbəti güzəşt haqqında borcluya ünvanlanmış bildiriş həm də faktora ünvanlanmış bildiriş olur. 657.10. Bu Məcəllənin bu paraqrafının müddəaları faktorinq müqaviləsi ilə qadağan olunmuş sonrakı güzəştə tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Mülki qanunvericiliyin tələblərinə əsasən, faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı QSC nə bank, nədə ki kredit təşkilatı deyildir. Faktorinq kimi fəaliyyətini həyata keçirmək icazəsi iş materiallarına isə əlavə olunmamışdır. Lakin, İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı QSC Cavabdeh borcunu almışdır və bu müqavilə münasibətlərinə tələbin güzəşti barədə müddəaları tətbiq edilməlidir. Belə ki, qanunvericiliyin müddəalarına müvafiq olaraq, tələblər İddiaçı QSC-yə "xxxx" MMC-də olduğu vəziyyətdə keçir. "xxxx" MMC tələblərə aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən istifadə üçün zəruri olan bütün məlumatı İddiaçı QSC-yə verməli idi, çünki tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları yeni sahibə bildirməyə borcludur. Nisyə alğı-satqı müqaviləsi üzrə tələbin güzəşti "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanan müqavilə ilə həyata keçirilib və bu halda, "xxxx" MMC-nin yerini İddiaçı QSC tutmuşdur. Eyni zamanda, tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. İş materiallarında xx.xx.2021-ci il tarixli BXK12865 saylı nisyə alğı-satqı müqaviləsi üzrə tələblərin İddiaçı QSC-yə güzəşt edilməsi barədə bildiriş olsa da, onun cavabdeh tərəfindən alınmasına dair heç bir sübut təqdim edilməmişdir. Bununla da, cavabdeh "xxxx" MMC-yə ödəniş etməkdə haqlı olmuş, "xxxx" MMC-yə qarşı malik olduğu etirazları İddiaçı QSC-nın tələbinə qarşı irəli sürmək hüququndadır. Eyni zamanda, "xxxx" MMC tərəfindən ödəniş qəbul edilmiş və tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, cavabdehin ona borcu yoxdur. Odur ki, "xxxx" MMC-nin İsmayilova Təranəyə qarşı heç bir tələbi olmadığından, İddiaçı QSC cavabdehdən həmin məbləğini tələb etməməli idi. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manatı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1904/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1904/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver