Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1924/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 və Vəkil3, cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçı İsmayılov Yusıf Akıf oğlunun Cavabdeh Ramız oğluna qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair ilkin, iddiaçı Cavabdeh Ramız oğlunun cavabdeh İsmayılov Yusıf Akıf oğluna qarşı ("xxxx" Məhdud Məsuli̇ yyətli Cəmi̇ yyəti (bundan sonra mətndə ("xxxx" MMC) üçüncü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiq Bəhram Təhməzli tərəfindən 25 oktyabr 2022ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Sumqayıt şəhər sakini Cavabdeh ərizə ilə Sumqayıt şəhər polis idarəsinə müraciət edərək 2022-ci ilin iyul ayının sonlarından sentyabr ayına qədər hissə-hissə əridilməsi üçün İddiaçı 30.5 ton mis qırıntısı göndərdiyini, ancaq həmin şəxsin indiyə qədər malı geri qaytarmadığını, bu səbəbdən ona 204.000 ABŞ dolları məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Həmin ərizə HK-1/1121 nömrə ilə qeydə alınaraq icrası Bəhram Təhməzliyə həvalə edilmişdir.
2. Bundan başqa İddiaçı Sumqayıt şəhər polis idarəsinə müraciət edərək göstərmişdir ki, Cavabdeh onun əvvəllər direktor işlədiyi ATEF MMC-yə müxtəlif vaxtlarda təxminən 570 ton mis tullantısı vermiş, həmin tullantılardan təxminən 30.5 tonun pulunu MMC ona vermədiyindən Zaur dəfələrlə bu barədə ona demiş, o da öz növbəsində MMC rəhbərliyinə bildirmiş, MMC tərəfindən tezliklə həmin pulun qaytarılacağını bildirilmiş, Zaur müxtəlif şəxslərə borclu olduğunu və tez bir zamanda pula ehtiyacı olduğundan ona maddi köməklik etməsini, pul qaytarılan zaman isə onun pulunu qaytaracağını bildirmiş, aralarında yaxşı münasibət olduğundan özünə məxsus 30.000 ABŞ dolları dəyərində 2013-cü il buraxılışlı BMW 535 markalı avtomobilini ona vermiş, hazırda avtomobilin və ya pulun ona qaytarılmasına köməklik edilməsini xahiş etmişdir.
3. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı 2021-ci ildən tanıyır, həmin vaxt sonuncu ATEF Tarnsfarmator MMC-də müdir işləmiş, o, mis qırıntılarını Yusifə göndərmiş, sonuncu isə MMC-də həmin misi əridib saf hala gətirəndən sonra ona göndərmişdir. O isə həmin saf misi müxtəlif sahibkarlara satmışdır. Həmin işin görülməsi müqabilində 1 ton mis qırıntısına görə o, Yusifə 850 manat pul ödəmiş, onda mis qırıntısını saf hala çevirən avadanlıq olmadığından həmin MMC-yə müraciət etmişdir. Əvvəllər aralarında heç bir problem olmamışdır. 2022-ci ilin iyun ayının sonlarından, sentyabr ayına qədər hissə-hissə ümumilikdə Yusifə 30.5 ton mis qırıntısı göndərmiş, MMC-də olan avadanlıq elə avandılıqdır ki, mis 32 ton olduğu halda həmin avandanlığı işə salmaq olur. O, qeyd etdiyi miqdarda misi Yusifə göndərəndən 14 gün sonra misi saf hala gətirib ona qaytaracağını demiş, o, razılaşmış, həmin malı Yusif onun adından deyil, Xəqani Əlizadə adlı şəxsin adından sənədləşdirmişdir. O, bunun səbəbini soruşan zaman, onun adı olduğu təqdirdə MMC-nin istehsal etməyəcəyini demiş, o da razılaşmışdır. 14 gün sonra o, Yusiflə bu barədə maraqlanan zaman işdən çıxarıldığını demiş, Yusif narahat olmamasını malı qaytaracağını demiş, bundan sonra mütamadi onunla əlaqə saxlamış, ancaq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 30.5 ton misi o, 204.000 ABŞ dollarına almış, Yusif 30.000 ABŞ dolları əvəzinə özünə məxsus BMW markalı avtomobilini onun adına keçirmişdir. Hazırda Yusif ona 174.000 ABŞ dolları pul verməlidir. O, Yusifi MMC-nin direktoru kimi tanıdığından həmin MMC-də digər şəxslərlə əlaqə saxlamamışdır.
4. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından, 2022-ci ilin oktyabr ayına qədər "xxxx" MMC-də transfarmator zavodunun direktoru vəzifəsində işləmişdir. Cavabdeh 2021-ci yanvar ayında tanımışdır. Belə ki, Zaur dostu Xəqani Əlizadənin tanışı olmuşdur. Onlar təsadüfən bir məclisdə tanış olmuşlar. Həmin vaxt Zaur mis işi ilə məşğul olduğunu demiş, sonuncu mis qırımtılarını verib saf mis almaq istədiyini, həmin işlə ATEF-in məşğul olduğunu demiş, o da MMC ilə danışıb misi şirkətin qəbul etməsini və saf misə çevirilməsinə görə rəhbərlikdən icazə alacağını demiş, həmin vaxt Zaur, Hüseyn adlı sahibkarın zavodla işlədiyini, bu səbəbdən öz adına yox digər şəxsin adı ilə malın sənədləşməsini ondan xahiş etmiş, bundan sonra o, zavodun müşahidə şurasının sədri Talib müəllimlə danışmışdır. Belə ki, o, tanışlarının olduğunu və onların MMC-yə mis verib, həmin misi saf hala çevirmək istədiyini demiş, Talib müəllim onun tanışı olduğu təqdirdə heç bir problemin olmayacağını demiş və onu oğlu Azər müəllimin yanına yönəltmişdir. Azər müəllim isə bu işi köməkçisi İlkinə tapşırmışdır. Bundan sonra Zaur MMC-yə mis göndərməyə başlamış, həmin mallar Zaurun adından deyil, tanışı Xəqani Əlizadənin adından gəlmiş və qəbul sənədləri onun adına sənədləşdirilmişdir. Bir müddət Zaur MMC ilə işləmiş və heç bir problem yaşanmamışdır. Zaur 1 ton misin saf hala gətirilməsi üçün 500 ABŞ dolları pul vermiş, həmin pulu bəzi vaxtlar ona, bəzi vaxtlar isə özü zavoda göndərmişdir. Həmin pul Azərin köməkçisi İlkinə çatmış, İlkin də həmin pulu kasaya mədaxil etmişdir. Pul mədaxil olunandan sonra Zaur malı zavoddan çıxarmış, onun həmin proseslərdə heç bir marağı olmamış və heç bir məbləğdə pul çatmamışdır. 2022-ci ilin sentyabr ayında o, öz ərizəsi ilə işdən çıxmış, həmin vaxt şirkətdə maddi cəhətdən problemlər yaşanmağa başlamışdır. Belə ki, zavodda istehsalat dayandığından mis almağa imkanı olmamış, həmin vaxt Zaurun zavodda 30.5 ton misi olmuşdur. Zavod özü mis almağı dayandırdığından misi saf hala gətirən avadanlığı işlətməmişdir.
5. İddiaçı həmçinin zahatında Zaurun ona türklərlə iş gördüyünü, onlara ya mal, ya da pul çatdırmalı olduğunu dediyini, həmin vaxt isə onun pulu olmadığını, uzağı özünə məxsus avtomobili verə biləcəyini dediyini, bundan 1 həftə sonra Zaur ondan həmin avtomobili istəyərək zavoddan pulu alandan sonra avtomobilinin pulunu qaytaracağını dediyini, o da avtomobilini 30.000 ABŞ dolları hesablayıb verdiyini bildirmişdir.
6. Araşdırma zamanı izahatı alınmış X2 göstərmişdir ki, Cavabdeh 2015-ci ildən tanıyır, sonuncu həmin vaxt əlvan metalların alqı-satqısı ilə məşğul olmuşdur. 2021-ci ilin ortalarında Yusif və Zaur ona bildirmişdir ki, Zaur "xxxx" MMC-yə mis vermək istəyir, ancaq onun adından verilsə MMC qəbul etməyəcək. Onların xahişi ilə Zaurun MMC-yə verdiyi mis onun adından sənədləşdirilmişdir. Belə ki, MMC-də həmin misin sənədlərdə ona məxsus olduğu görünmüş, halbuki həmin misi Zaur MMC-yə göndərmişdir. Onun bu proseslərə görə onlardan heç bir narazılığı olmamışdır. Sonradan xəbər tutmuş ki, Zaurun göndərdiyi misi MMC qaytarmamış və pulunu verməmişdir.
7. Araşdırma zamanı izahatı alınmış Nümayəndə2 göstərmişdir ki, 2018-ci ildən “X9” MMC-də işləyir. Cavabdeh ərizəsi ilə tanış olmuş, bildiyi qədərilə həmin şəxsin adına heç bir metal qəbul olunmamışdır. Həmin şəxs MMC-də transfarmator zavodunun direktoru işləmiş İddiaçı vasitəsi ilə MMC-yə mis vermişdir. MMC-nin Ukrayna və Rusiya ilə müqavilələri vardır. Ancaq hazırda hər iki ölkə arasında müharibə olduğundan MMC-yə ödənişlər olunmur və MMC-də maddi sıxıntılar yaranmışdır. Bu səbəbdən MMC qeyd olunan misin pulunu qaytara bilməmişdir. Ancaq yaxın bir həftə ərzində MMC-yə köçürmələr olacaqdır və qeyd olunan pullar şəxslərə ödəniləcəkdir.
8. Aparılmış araşdırma zamanı Cavabdehla, X9 MMC arasında olan münasibətlərin mülki hüquq xarakterli olması, mülki məsuliyyət yaradan bir hüquq məsələsi olması müəyyən edilmişdir. Bundan başqa araşdırma zamanı İddiaçıla, Cavabdeh arasında olan münasibətlərin mülki hüquq xarakterli olması, mülki məsuliyyət yaradan bir hüquq məsələsi olması müəyyən edilmişdir.
9. Beləliklə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh X9 MMC ilə yaranmış mülki mübahisə ilə bağlı aidiyyəti üzrə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, İddiaçı 30.000 ABŞ dolları dəyərində avtomobili Cavabdeh verməsi, sonuncunun həmin avtomobili ona qaytarmaması ilə bağlı yaranmış mülki mübahisə ilə bağlı aidiyyəti üzrə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
10. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “BMW 535” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” kimi səlahiyyətlər əsasında X3 etibar etmişdir.
11. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-24799/2023 nömrəli məktubdan görünür ki, “BMW 535” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə İsmayılov Yusıf Akıf oğlunun adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və yeni **-ZY-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh Ramız oğlunun adına rəsmiləşdirilmişdir.
12. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-12425/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında X4 “BMW 535” markalı, **-KY-*** (**-ZY-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20.000 manata Cavabdeh Ramız oğluna satmışdır.
İşin faktiki halları
13. İddiaçı tərəfindən “BMW 535” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X3 etibarnamə verilməsi, X4 tərəfindən həmin etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsinin Cavabdeh Ramız oğluna satılması, Cavabdeh Ramız oğlu tərəfindən əridilib saf hala çevrilməsi üçün "xxxx" MMC-yə 30.5 ton mis qırıntısı göndərilməsi, həmin malın dəyərindən 130.000 ABŞ dolları məbləğində pulun "xxxx" MMC tərəfindən Cavabdeh Ramız oğluna qaytarılması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
14. İddiaçı İsmayılov Yusıf Akıf oğlu cavabdehlər "xxxx" Məhdud Məsulıyyətli Cəmıyyətı və Cavabdeh Ramız oğluna qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəniş gününə manat məzənnəsi ilə 30000 ABŞ dolları məbləğində, "xxxx" MMC-dən isə 1827,5 AZN məbləğində pulun, vəkilin hüquqi yardımına görə çəkdiyi 300,00 AZN xərcin, iddianın verilməsi üçün tərəfindən ödənilmiş 250,00 AZN dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Sonradan iddiaçı-cavabdehin vəkil və nümayəndəsi Nümayəndə1 ərizə təqdim edərək, "xxxx" MMC-nin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş və məhkəmənin qərarına əsasən "xxxx" MMC cavabdehlər siyahısından çıxarılmışdır.
16. Cavabdeh Ramız oğlu (vəkili və nümayəndəsi Vəkil2 vasitəsilə) iddiaçı İsmayılov Yusıf Akıf oğluna qarşı ("xxxx" Məhdud Məsuli̇ yyətli Cəmi̇ yyəti̇ üçüncü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödəniş gününə uyğun manatın məzənnəsi ilə 42000 ABŞ dolları məbləğində pul vəsaitinin və 305 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-e-2(010)-1924/2023 nömrəli iş üzrə qəbul etdiyi 12 may 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.
Tərəflərin izahatları
18. Qarşılıqlı iddia üzrə üçüncü şəxs "xxxx" Məhdud Məsulıyyətli Cəmıyyətı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
19. İddiaçı-cavabdeh İsmayılov Yusıf Akıf oğlu 03 may, 23 may, 22 avqust və 22 sentyabr 2023-cü il tarixli məhkəmə iclaslarında ilkin iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirmişdir ki, Zaur ilə o, əvvəllər yoldaş olmuşdur. Zaur türklərlə müqaviləsi olduğunu və onlara pul verməli olduğunu, Atef şirkətindən də pul alacağını bildirdiyi zaman, o, maşının satılması üçün “Turbo.az” saytında elan yerləşdirdiyini, maşını satdıqdan sonra pulu verə biləcəyini, şirkətdən pulu aldıqda isə geri qaytarmasını bildirmişdir. Zaur isə tanışı vasitəsi ilə maşını satacağını bildirdiyi üçün o, Zaurun sürücüsünə ümumi etibarnamə vermiş, bundan sonra isə sürücüsü ilə Zaur arasında alğı-satqı aparıldığını öyrənmişdir. Zaurun iddiası ilə bağlı o, hər hansı bir öhdəlik götürməmişdir. Ərizə yazıb işdən çıxdıqda isə barəsində araşdırma aparılıb və hər şeyi təhvil verərək, təmiz halda işdən çıxmışdır.
20. İddiaçı-cavabdehin vəkil və nümayəndəsi Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirdi ki, keçirilmiş məhkəmə iclaslarında həqiqətən sübuta yetirildi ki, İsmayılov Yusıf Akıf oğlu ilə Cavabdeh Ramız oğlunun tanışlığı olub və onlar "xxxx" MMCyə mis, xammal verən başqa bir şəxs vasitəsilə tanış olublar. Cavabdeh sonradan Yusıf İsmayılov orada işləməsini bildiyindən, həmçinin tanışlıqları olduğu üçün özünün yox, başqa bir adam vasitəsilə müvafiq qaimələrlə ora xammal vermiş, zavodla işləmiş və pullarını da almışdır. Lakin ortada müəyyən bir borc məbləği qalıb ki, həmin borc ödənilməyib və Zaur hazırda həmin borcu Yusifdən tələb edir. Zaur Yusifə türklərlə işlədiyini, ona maşın lazım olduğunu və zavoddan pulu aldıqdan sonra maşını qaytaracağını bildirmişdir. Zaur maşını bilavasitə istəsə də, Yusif həmin maşını Zaurun mülkiyyətinə verməmiş, etibarnamə əsasında vermiş və sonradan məlum olmuşdur ki, Zaur maşını öz adına keçirmişdir. Lakin Zaur maşını öz adına keçirsə də, həmin maşına görə aralarında müəyyənləşdirilmiş pul məbləğini, yəni 30.000 ABŞ dollarını Yusifə verməmişdir. Qeyd olunan hallar məhkəmə iclasında araşdırma zamanı sübuta yetirilmişdir. Digər tərəfdən zavodun nümayəndəsi də izahatında bildirmişdir ki, həmin mallar qaimə vasitəsilə zavoda verilmiş, müəyyən məbləğ Cavabdeh ödənilməmiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yəni əgər Cavabdeh tərəfindən mallar zavoda verilibsə, zavod da bunun qarşılığında katod və s. kimi məmulatları Zaura qaytarmayıbsa, bu İddiaçı günahı deyil. Yəni mal bilavasitə xammal zavoda verilir, burada da bütün prosedurlar rəsmi şəkildə gedir. Zavodun nümayəndəsi özü də dedi ki, zavodda hər şey rəsmi qaydada olur və onlarda qeyri-rəsmi heç nə ola bilməz. Digər tərəfdən zavodun nümayəndəsi bildirdi ki, onlar arasında “centlmen razılaşması olub, İddiaçı bilavasitə zavoda borcu olub, lakin onlar borcu istəmirlər. Lakin belə bir hal hüquqverici əsas deyil və İddiaçı zavoda nə kimi borcu olması, nəyə görə olması və borcun hardan yaranması barədə sübutlar təqdim olunmamışdır. İlkin iddianın mahiyyəti məhz iddiaçının mülkiyyəti, əmlakı ilə əlaqədardır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı təqdim etməyi, alıcı isə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Tərəflər maşının qiyməti ilə bağlı 30.000 dollara razılaşsalar da, Zaur həmin məbləği Yusifə verməmişdir. Yəni alğı-satqının müddəaları baxımdan iddia tələbi tam əsaslı və haqlıdır. Məhz Sumqayıt şəhər polis idarəsində də araşdırma gedən zaman hazırki dediklərinə uyğun ifadələr, izahatlar alınmışdır. Qarşılıqlı iddia tələbi ilə bağlı isə şahidlər iddia tələbinin əsaslılığına dəlalət edən sübutlar təqdim etməmiş və ifadələr verməmişlər. Onlar yalnız Zaur və Yusif arasındakı münasibətlərlə bağlı fikirlər söylədilər və Zaurun Yusifə pul verməsini bildirdilər. Zaur zavoda xammal verib, mal alırsa, Yusifə nə üçün pul verilməlidir. Yəni Cavabdeh zavoda verdiyi mallara görə İddiaçı pul istəməsinin hüquqi əsası yoxdur, çünki zavodun fəaliyyətinə görə İddiaçı məsuliyyət daşımır. İddiaçı işdən çıxan zaman da şirkətin rəsmiləri sənədlərə imza çəkmiş, həmin zaman heç bir mal qalığı olmamışdır. Çünki anbar ayrı fəaliyyət göstərir, xammal birlikdə istehsal olunmur və müəyyən bir ardıcıllıq mövcuddur. Bu xüsusatlar bir daha göstərir ki, Cavabdeh malının İddiaçı tərəfindən mənimsənilməsinə dəlalət edən heç bir hal yoxdur. Qarşı tərəfin dediyi tərəflər arasında olan şifahi razılaşma ilə bağlı hissəyə münasibət bildirərək qeyd etdi ki, belə bir razılaşma məhkəmə mübahisəsinin predmetinin tədqiqatı olmadı və nə kağız daşıyıcıda, nə də ki, digər maddi sübut növündə belə bir razılaşma yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
21. İddiaçı-cavabdehin vəkil və nümayəndəsi Vəkil3 bildirdi ki, öz vəkil həmkarı Nümayəndə1 dediklərini müdafiə edir. Belə ki, həm məhkəmə baxışı zamanı, həm də işin araşdırılması zamanı məhkəmə tərəfindən sorğu verilərək yol polisindən və Sumqayıt şəhər polis idarəsindən materiallar alınmışdır. Həmin materiallar bir daha sübut edir ki, onların iddia tələbi tamamilə haqlıdır. Buna görə də ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
22. Cavabdeh-iddiaçı Cavabdeh Ramız oğlunun vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianı isə qəbul etməyərək bildirdi ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Göründüyü kimi Zaurun onlara qarşı heç bir zərər vurması yoxdur. Şahid ifadələrindən aydın oldu ki, Yusif və Zaur arasında iş olub, Yusifin Zaura borcu olub, etibarnamə verilib və alğı-satqı olub. Qarşılıqlı iddia ilə bağlı isə qeyd etdi ki, İddiaçı Cavabdeh aralarındakı şifahi razılaşmaya əsasən 42.000 dollar borcu olub, bununla bağlı zavodun nümayəndəsinin və şahidlərin çıxışları vardır. Buna görə də qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi.
23. Qarşılıqlı iddia üzrə üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında bildirmişdir ki, Cavabdeh şirkətə müraciət edərək, şirkətə külli miqdarda mis verdiyini bildirmişdir. Bu məsələ ilə bağlı həmin dövrdə şirkət tərəfindən araşdırılma aparılmış və Cavabdeh şirkətlə əlaqəli olduğu hissədə pulu şirkət tərəfindən ödənilmişdir. Həmin vaxt Yusif bəy şirkətə məxsus zavodda direktor işləyirdi və o, şirkətə məxsus 80000 manat məbləğində misi gizli yolla şirkətdən çıxartmışdır. Həmin dövrdə sürücülərin, digər işçilərin izahatları alınıb. Belə ki, mis “katuşka”larının müəyyən hissəsi rayona göndərildiyi halda, qalan hissəsi Yasamal rayonuna boşaldılıb. Şirkət ilə Yusif bəy arasında olan razılaşmaya əsasən Yusif bəy həmin zərəri Zaur bəyə ödəməyi öz öhdəsinə götürüb. Şirkət öz üzərinə düşən zərər məbləğini ödədiyi üçün qalan məbləğ Cavabdeh ilə İddiaçı arasında olan məsələdir. Yusif bəyin orada uzunmüddət işləməsi, onun xahişi nəzərə alınıb və onunla şirkət arasında “centlmen” razılaşma əldə edilib ki, dəymiş zərəri Yusif bəy ödəyəcək, şirkət də polisə məlumat verməyəcək.
24. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfində şahid qismində dindirilmiş X5 bildirdi ki, o, əvvəllər Cavabdeh sürücüsü işləmişdir. Belə ki, o, gördüyü iş əsasında Cavabdeh verdiyi pulu Yusif bəyə aparıb vermişdir. Yusif bəyə pulu 1 dəfə evinin qarşısında, 2 dəfə işlədiyi zavodda, 1 dəfə də uşağı xəstəxanada olan vaxt aparıb orada vermişdir. Mənzildə 20000 manat, zavodda 17000 dollar və təqribən 10000-15000 dollar, xəstəxanada isə 10000 və ya 20000 dollar pul vermişdir. Bu borc, yəni 42000 dollar məbləğində pul iş əsasında yaranıb. Zaur dəfələrlə zavoda mis göndərirdi, onun əsasında pul verirdi, mis katoda çevrilirdi.
25. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfində şahid qismində dindirilmiş X6 bildirdi ki, onun əvvəlcədən Yusif bəy ilə tanışlığı olmayıb, bu problemlər yaranan dövrdə onu tanımışdır, Zaur isə onun yaxın dostudur. Zaur həm telefonda danışanda, həm də üzbəüz görüşəndə işlərinin ləngidiyini, pulun və ya misin verilməsini xahiş edirdi. Əvvəl Zaur bəy tədarükçülərdən aldığı misləri Yusif bəyə işçiləri vasitəsi ilə xammal şəklində təhvil verirdi. Bu formada aralarında alver olurdu. Zaura da həmin vaxt mis lazım idi, heç pul iddiası yox idi. Sonradan problemlər yarandıqda onlar hər dəfə görüşürdülər, hər dəfə Yusif bəy bugün-sabah ödəyəcəyini bildirirdi. Sonuncu dəfə görüşdə iştirak edən zaman həmin borc məbləğinin 42000 dollardan artıq olmasını eşitmişdir. Onlar aralarındakı münasibətə, birlikdə yeyilən-kəsilən çörəyə görə 10000-15000 manat və ya dollar güzəşt ediləndən sonra 42000 dollar borc qaldı, orada məbləğ çox idi. Yusifin problemlərinin çox olduğunu görüb aralarındakı münasibəti nəzərə alaraq Zaur bəy borc məbləğini çox aşağı salmışdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
29. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı
Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı
Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
32. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia rədd edilməlidir.
33. Məhkəmə ilkin iddia ilə bağlı aşağıdakıları qeyd edir.
34. İlkin iddia ərizəsindən görünür ki, iddiaçı İsmayılov Yusıf Akıf oğlu Cavabdeh 30000 ABŞ dolları (ödəniş gününə manat məzənnəsi ilə) məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. İlkin iddia ərizəsindən və iddiaçının əsaslandırmasından görünür ki, Cavabdeh iddiaçı İsmayılov Yusıf Akıf oğlunun əvvəllər direktor işlədiyi "xxxx" MMC-yə müxtəlif vaxtlarda təxminən 570 ton mis tullantısı vermiş, həmin tullantılardan təxminən 30.5 tonun pulunu avadanlıq işləmədiyi üçün saf hala çevirmək mümkün olmadığından "xxxx" MMC Cavabdeh verməmişdir. Zaurla aralarındakı münasibətlər yaxşı olduğundan və Zaurun türklərlə iş gördüyü üçün pula ehtiyacı olduğundan, özünə məxsus “BMW 535” markalı, **- KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satıb işlərini həll etməsi üçün etibarnamə əsasında Zaurun sürücüsü Turala vermiş, Zaur isə şirkət ona olan borcunu ödədikdən sonra maşının pulunu ona geri qaytaracağını bildirmişdir. Hazırda şirkət tərəfindən Zaura olan borcun əksər hissəsi ödənildiyi üçün o, maşınının pulunu geri tələb edir.
36. Məhkəmə qeyd edir ki, iş materiallarından İddiaçı xx.xx.2022-ci il tarixdə “BMW 535” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh sürücüsü X3 etibar etdiyi müəyyən olunur. Həmin etibarnamənin məzmunundan görünür ki, iddiaçı etibarnaməni “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” kimi səlahiyyətlər əsasında vermişdir. Göründüyü kimi iddiaçı etibarnaməni verən zaman etibar edilən şəxsin həmin nəqliyyat vasitəsi barədə sərəncam vermək hüququ olduğunu bilmiş və könüllü surətdə buna razılıq verərək iradə ifadəsini bildirmişdir. Tərəflər arasında həmin nəqliyyat vasitəsinin və ya pulunun sonradan geri qaytarılmasına dair razılaşma olmasını nəzərdə tutan hər hansı bir sübut iddiaçı tərəfindən məkhəməyə təqdim edilməmişdir. Halbuki, hər bir tələbin əsası olmalı, həmin əsasa uyğun, onu təsdiq edən sübutlar olmalıdır. Qanunvericiliyə əsasən sübut dedikdə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar başa düşülür ki, həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırki iş üzrə iddiaçının cavabdehə öz nəqliyyat vasitəsini sonradan qaytarmaq şərtilə verməsi və ya onun dəyərinin qaytarılması ilə bağlı iddiaçı tərəfin izahatından başqa sübutlar yoxdur. İddiaçının izahatı təkbaşına sübutetmə vasitəsi sayılmayaraq, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının izahatını təsdiq edəcək digər sübutlar olmadığı üçün, digər sübutlarla yanaşı yoxlanıla və qiymətləndirilə bilmir. Bu səbəbdən də iddiaçının izahatı mötəbər sübut sayılmır və məhkəmə qətnamə qəbul edərkən mötəbər olmayan sübuta əsasla bilməz. Çünki məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tərəfindən sorğu verilərək əldə edilmiş şikayət materiallarından da həmçinin iddiaçının dedikləri öz təsdiqini tapmamışdır. Bir sözlə, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı öz tələbini təsdiq edən sübutları təqdim edə bilmədiyi üçün məhkəmə qərarı ehtimallara əsaslana bilməz. Bu səbəbdən ilkin iddia əsassızdır.
37. Məhkəmə qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd edir.
38. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ramız oğlu isə 42000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə uyğun manatin məzənnəsi ilə) İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 204000 dollar məbləğində malın iddiaçıya verilməsi şikayət materiallarında öz əksini tapmışdır. Həmin məbləğdən 130000 dollar zavod tərəfindən ona qaytarılıb, 72000 dolların 30000 dollar hissəsi isə İddiaçı tərəfindən maşın verməklə ödənilib. Bu səbəbdən hazırda geri qalan 42000 dolların qaytarılması barədə tələblə məhkəməyə müraciət edilmişdir.
39. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh İddiaçı barəsində olan şikayəti əsasında da həmçinin Sumqayıt şəhər polis idarəsində müvafiq araşdırma aparılmış və araşdırma zamanı Cavabdehla, X9 MMC arasında olan münasibətlərin mülki hüquq xarakterli olması müəyyən edilmiş və Cavabdeh X9 MMC ilə yaranmış mülki mübahisə ilə bağlı aidiyyəti üzrə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
40. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf Zaurun Atef şirkəti ilə heç bir əlaqəsi olmadığını və malları bilavasitə Yusifə təhvil verdiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı verilməsi iddia olunan mis qırıntıları şəxsən İddiaçı özünə deyil, "xxxx" MMC-yə təhvil verilmiş və şirkətin nümayəndəsi Nümayəndə2 bildirdiyi kimi qaimələr əsasında verilmiş mis qırıntılarının dəyəri olaraq Cavabdeh müəyyən ödəniş edilmişdir.
41. Həmçinin, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə üçüncü şəxs qismində məhkəməyə izahat verən şirkətin nümayəndəsi Nümayəndə2 bu məsələ ilə bağlı həmin dövrdə şirkət tərəfindən araşdırılma aparıldığını və Cavabdeh şirkətlə əlaqəli olduğu hissədə pulunun şirkət tərəfindən ödənildiyi, geri qalan məbləğin isə İddiaçı tərəfindən Cavabdeh ödənilməsi barədə aralarında “centlmen razılaşması” olduğu, həmçinin, İddiaçı şirkətdə uzunmüddət işləməsinin nəzərə alınaraq polisə məlumat verilməməsi barədə qeyd etdikləri həqiqətə uyğun deyil və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh şikayəti əsasında müvafiq araşdırma aparılaraq, materiallar toplanılmış, lakin yekun nəticədə şikayətin dəlilləri əsaslı olmadığı üçün İddiaçı əməllərində cinayət tərkibi olmadığı müəyyən olunmuşdur. Bununla yanaşı, İddiaçı Cavabdeh tərəfindən təhvil verilmiş 72.000 dollar məbləğində mis qırıntılarını mənimsəmə faktının olması və bununla bağlı şirkətin sadəcə olaraq İddiaçı şirkətdə uzunmüddət işləməsini nəzərə alaraq heç bir addım atmaması, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar olduğu halda (şirkətin nümayəndəsinin bildirdiyinə əsasən) işdən azad etməyərək, öz ərizəsinə əsasən işdən çıxarılması, polisə şikayət etməməsi və kifayət qədər yüksək məbləğdə pulun (manat məzənnəsi ilə 122,400 manat) qaytarılması ilə bağlı sadəcə olaraq yazılı deyil, şifahi razılaşma bağlaması inandırıcı deyil.
42. Məhkəmə cavabdeh-iddiaçı tərəfində dindirilmiş şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahid İlham Qayıbovun bildirdiyi hallar, yəni Cavabdeh İddiaçı onun vasitəsilə dəfələrlə müxtəlif məkanlarda pul verməsi, 42000 dollar məbləğində borcun iş əsasında yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, X13 Hüseynovun dəfələrlə zavoda mis göndərirdiyini, onun əsasında pul verməsini və bunun qarşılığında misin katoda çevrilməsini qeyd etmişdir. Göründüyü kimi şahidin ifadəsindən Zaurun mis qırıntılarını Yusifə təhvil verməsi ilə bağlı hər hansı məlumatı olmadığı, əksinə Zaurun dəfələrlə zavodla iş gördüyünü və ora katoda çevrilməsi üçün mis qırıntıları göndərdiyi müəyyən olunmuşdur.
43. Məhkəmə digər şahid Azər Axundovun ifadəsində qeyd etdiyi Zaur bəyin tədarükçülərdən aldığı misləri Yusif bəyə işçiləri vasitəsi ilə xammal şəklində təhvil verməsi, bu formada aralarında alver yaranması, Yusifin Zaura 42000 dollardan artıq borcu olmasını eşitməsi və aralarındakı münasibətə görə güzəşt edərək 42000 dollar istəməsi barədə hallarla razılaşmayaraq qeyd edir ki, hazırki ifadədən Yusif və Zaur arasında mis qırıntılarının emalı ilə bağlı münasibətlərin yaranması və bunun əsasında Yusifin Zaura borclu olması bilavasitə öz təsdiqini tapmır. Belə ki, şahid ifadəsi kimi Azər Axundovun, eləcə də İlham Qayıbovun ifadəsi qarşılıqlı iddianın təmin edilməsi üçün kifayətedici deyildir. Çünki məhkəmə iclasında şahid qismində dindirilmiş hər iki şəxs məhz Cavabdeh yaxın dostu və əvvəlki işçisi olmaqla iş üzrə maraqlı tərəfdir və bu səbəbdən Cavabdeh maraqlarından çıxış edərək izahat vermişlər. Buna görə də işdə maraqlı olan şahidlərin izahatı əsasında qətnamə qəbul edilməsi əsaslı deyil. Qeyd etmək lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şahid ifadələri sübutetmə vasitəsi olsa da, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız olduğundan təmin edilə bilməz. Mülki iş üzrə həm ilkin, həm də qarşılıqlı iddiaçı öz tələblərinin əsasllarını məhkəmə sübut edə bilməmişdir.
Məhkəmə xərcləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Hər iki iddia tələbi rədd edildiyi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
47. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıq iddia rədd edilməli, iddiaçı İsmayılov Yusıf Akıf oğlunun Cavabdeh Ramız oğluna qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair ilkin, iddiaçı Cavabdeh Ramız oğlunun cavabdeh İsmayılov Yusıf Akıf oğluna qarşı ("xxxx" Məhdud Məsuli̇ yyətli Cəmi̇ yyəti̇ üçüncü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İlkin və qarşılıqlı iddia rədd edilsin. Hər iki iddia tələbi rədd edildiyi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.