Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1939/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh XXX Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, FM-00014- 01/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 4446.76 manat məbləğində əsas borc, 352.33 manat məbləğində faiz borcu, 255.34 manat dəbbə, ümumi 5054.43 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 70.55 manat dövlət rüsumu və 0.4 manat bank xidməti haqqının cavabdeh XXX Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh XXX Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FM-00014-01/22A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 5000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh XXX Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yeinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 4446.76 manat əsas borc, 352.33 manat faiz borcu, 255.34 manat dəbbə borcu vardır. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 5054.43 manat təşkil edir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümyəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə baxışının iştirakları olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh XXX Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Belə olan halda məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Bank "xxxx" ASC və XXX Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FM-00014-01/22A saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən XXX Cavabdeh illik 23 faizlə, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, Borcalan isə Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürmüşdür.
7. xx.xx.2022-ci il tarixli, FM-00014-01/22A saylı kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin xx.xx.2022 - xx.xx.2025-ci il tarixləri arasında hər ay ~193.55 manat məbləğində olmaqla ödənilməsi müəyyən edilmişdir.
8. xx.xx.2022-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən müştəri XXX Cavabdeh hesabına 5000 manat məbləğində pul verilmişdir.
9. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, XXX Cavabdeh əsas borc üzrə 4446.76 manat, faiz borcu üzrə 352.33 manat, dəbbə borcu üzrə 255.34 manat olmaqla, cəmi 5054.43 manat məbləğində borc yaranmışdır.
10. Bank "xxxx" ASC tərəfindən XXX Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, XXX Cavabdeh kredit müqaviləsi üzrə gecikdirilmiş borcun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv ediləcəyi və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
11. İddiaçı Bank "xxxx" ASC və cavabdeh XXX Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmiş, Borcalan isə götürdüyü krediti kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə Banka qaytarmağı öhdəsinə götürmüşdür.
12. Müqavilə üzrə borcalanın müqavilə öhdəliklərini lazımınca icra etmədiyini iddia edən iddiaçı Bank əvvəlcə Borcalana xəbərdarlıq məktubu ilə müraciət etmiş, müqavilə üzrə gecikdirilmiş borcun ödənilməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv ediləcəyi və məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
13. Daha sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı Bank cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini, müqavilə üzrə ödənilməmiş 4446.76 manat əsas borc, 352.33 manat faiz borcu, 255.34 manat cərimə olmaqla, cəmi 5054.43 manat məbləğində borcun cavabdehdən tutulmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı.
Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
19. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur.
20. Lakin tələb edilən borcun məbləği ilə məhkəmə qismən razılaşmır. Belə ki, iddiaçı Bank cavabdehdən 4446.76 manat məbləğində əsas borc və 352.33 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl Bank "xxxx" ASC tərəfindən XXX Cavabdeh xx.xx.2023-cü il tarixli bildirişlə müraciət edilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Borcalan XX Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün onun Bank qarşısında gecikdirilmiş 630.78 manat vaxtı keçmiş qalıq borcu, 176.92 manat vaxtı keçmiş faiz borcu, 117.54 manat dəbbə borcu var. Kredit üzrə ümumi borc isə 4814.36 manat məbləğində təşkil edir. Bildirişdən görünür ki, borcalandan gecikdirilmiş borcun ən qısa zamanda ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv ediləcəyi və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. Məhkəmə hesab edir ki, iddiaçı Bankın cavabdeh Borcalandan müqavilə üzrə icra edilməmiş öhdəliyin icrasını tələb etdiyi və borclunun bunu təmin etmədiyi andan artıq tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Ona görə ki, iddiaçı Bank bununla kredit müqaviləsindən bir tərəfli qaydada imtina etmiş sayılır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 15) istinad edilmiş qərarında qeyd edilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
23. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
24. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdeh Borcalandan icra edilməmiş öhdəliyin icra edilməsini tələb etdiyi və Borcalanın bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir.
25. Konstitusiya Məhkəməsi Plenumun yuxarıda istinad edilmiş qərarında, həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qərarda o da qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
26. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı Bank cavabdeh XX Cavabdeh yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, Borcalanın müqavilə ləğv edildiyi ana olan faiz borcu 176.92 manat məbləğində olsa da, iddiaçı Bank, müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 352.33 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə istinadla hesab edir ki, iddiaçı Bankın belə bir hüququ olmamış, onun cavabdehdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək olan faiz borcunun məbləği ilə məhdudlaşmışdır. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə qismən – 176.92 manat həcmində təmin edilməlidir.
27. Məhkəmə onu da qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. (§ 15)
28. Tələb edilən 255.34 manat məbləğində dəbbə pulu ilə bağlı hissədə də məhkəmə iddia tələbi ilə qismən razılaşmır. Belə ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Bu baxımdan iddiaçı Bank müqavilə öhdəliklərini lazımınca icra etməyən cavabdehdən dəbbə pulu tutulmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, dəbbə pulu kimi tələb edilən 255.34 manat məbləğində pul hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyil və tənаsübsüz surətdə yüksəkdir.
29. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyil. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının аzаldılаrаq 50 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğun hesab oluna bilər.
30. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini də tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz.
31. Belə ki, iddiaçı Bank müqavilənin ləğvini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda) tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 15) istinad edilmiş qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Bu əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
32. İş materiallarından görünür ki, iddiaçı Bank cavabdehə ünvanladığı pretenziya məktubunda gecikdirilmiş borcun ödənilməyəcəyi təqdirdə müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini artıq qarşı tərəfə bildirmişdir. Bununla da tərəflər arasında bağlanmış kredit müqaviləsi artıq ləğv edilmiş hesab edilir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri.
33. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 70.55 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
34. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (4673.78 manat) mütənasib olan 66.73 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı cavabdehdən tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh XXX Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4446.76 manat əsas borc, 176.92 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 4673.68 manat məbləğində borc və 67.13 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı tutulаrаq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
36. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh XXX Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4446.76 manat əsas borc, 176.92 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 4673.68 manat (dörd min altı yüz yetmiş üç manat altmış səkkiz qəpik) məbləğində borc və 67.13 manat (altmış yeddi manat on üç qəpik) məbləğində dövlət rüsumu və bank xidmət haqqı tutulаrаq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva