Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1939/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3632.49 manat borcun və 56.33 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı MMC-nin Zərdab filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 127 saylı alqı-satqı müqaviləsinə əsasən Zərdab rayonu, Dəliquşçu kəndi ərazisində 5,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 10895,58 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 196,00 manat məbləğində çöp doğrama, 420,00 manat məbləğində şum, 284,00 manat məbləğində mala çəkmə, 140,00 manat məbləğində kanal çəkmə, 192 manat məbləğində çiyid səpini, 444,00 manat məbləğində kultivasiya, 84,00 manat məbləğində gübrə kultivasiya, 120,00 manat məbləğində dərman səpini, 45,20 manat məbləğində daşıma xərci, 300,00 manat məbləğində pambığın maşınla yığımı, 5000,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 431,26 manat məbləğində gübrə və dərman, 2304 manat məbləğində toxumluq çiyid, 935,12 manat məbləğində pambığın əl yığımına görə ödənilən vəsait nəzərə alınmaqla, ümumilikdə 10895,58 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da, 6263,09 manat məbləğində 10079,55 kq xam-pambıq təhvil vermiş, xx.xx.2021-ci il tarixdə 1000,00 manat məbləğində borc ödənişi nəzərə alınmaqla, iddiaçıya 3632,49 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhəkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. İddiaçı MMC-nin Zərdab filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 127 saylı alqı-satqı müqaviləsindən görünür ki, qeyd olunan müqavilə predmetini P-Aqro” MMC-nin Zərdab filialı tərəfindən Fermer Cavabdeh Böyükküşi oğluna məxsus (və ya icarədə olan) Zərdab rayonu, Dəliquşçu kəndində yerləşən 5 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində “Filiala” təhvil verilməsi və “Filial” tərəfindən Fermerin borcları çıxılmaqla məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir.
6. xx.xx.2019-cu il tarixli “İş və Xidmətlərin yerinə yetirilməsi Aktı”ndan görünür ki, Zərdab rayonu, Dəliquşçu kəndində P-Aqro” MMC-nin Zərdab filialı ilə Cavabdeh arasında bağlanmış 2 nömrəli müqavilənin icrası ilə bağlı xx.xx.2019-cu il tarixinə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və belə nəticəyə gəlinmişdir ki, Fermerə çəkilən yekun xərc 10895.58 manat təşkil edir və həmin vəsaitdən dəyəri ödənilməmiş qalıq məbləğ isə 4632.49 manat təşkil edir.
7. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
8. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 1000 manat ödəniş edilmişdir.
İşin faktiki halları
9. İddiaçı MMC-nin Zərdab filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 127 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Hazırki iddia tələbində iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini bildirirək ondan iddia tələbində qeyd olunan pul vəsaitinin tutulmasını tələb edir. Cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə dair mülahizə yaxud etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
13. Belə ki, Tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə ona təqdim edilməsi nəzərdə tutulan məhsulun və eyni zamanda görülməli olan işlərin dəyərini – 10895.58 manat pul vəsaitini avans olaraq cavabdehə vermişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliyini qismən icra etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli “İş və Xidmətlərin yerinə yetirilməsi Aktı”ndan görünür ki, Zərdab rayonu, Dəliquşçu kəndində P-Aqro” MMC-nin Zərdab filialı ilə Cavabdeh arasında bağlanmış 2 nömrəli müqavilənin icrası ilə bağlı xx.xx.2019-cu il tarixinə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və belə nəticəyə gəlinmişdir ki, Fermerə çəkilən yekun xərc 10895.58 manat təşkil edir və həmin vəsaitdən dəyəri ödənilməmiş qalıq məbləğ isə 4632.49 manat təşkil edir. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında 4632.49 manat dəyəri ödənilməmiş öhdəliyi qalmış və daha sonra isə Cavabdeh iddiaçının hesabına 1000 manat ödəniş etmiş və icra edilməmiş 3632.49 manat dəyərində öhdəliyi qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırki borc məbləğini tələb etməkdə haqlıdır. İddia tələbinin əsassızlığına dəlalət edən hər hansı bir hal müəyyən edilmir.
Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 56.33 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Məlı̇ kov Rauf Böyükkı̇ şi oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 3632.49 manat borc vəsaiti və iş üzrə ödənilmiş 56.33 manat dövlət rüsumu tutularaq ödənilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Məlı̇ kov Rauf Böyükkı̇ şi oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 3632.49 manat borc vəsaiti tutularaq ödənilsin. İş üzrə ödənilmiş 56.33 manat dövlət rüsumu cavabdeh Məlı̇ kov Rauf Böyükkı̇ şi oğlundan tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.