Məhkəmə qərarları › İş №e-2(010)-1940/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1940/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1940/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 16 Sentyabr 2021-ci il tarixli, SHNPU-08838 saylı kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 7000 manat məbləğində cavabdehə kredit verilmişdir. 16 Sentyabr 2021-ci il tarixli, SHNPU-08838 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 16 Sentyabr 2021-ci il tarixli, SHNPU-08838 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 16-dan gec olmayaraq hər ay 249,57 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 16 Sentyabr 2021-ci il tarixli, SHNPU-08838 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4689,08 manat, faiz borcuna görə 258,14 manat, dəbbə borcuna görə 430,03 manat, borcun cəmi məbləği 5377,25 manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan 16 Sentyabr 2021-ci il tarixli, SHNPU-08838 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4689,08 manat, faiz borcuna görə 258,14 manat, dəbbə borcuna görə 430,03 manat, cəmi 5377,25 manat pul tutulmalıdır.

İddia tələbi.

2. Cavabdeh 16 Sentyabr 2021-ci il tarixli, SHNPU-08838 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4689,08 manat, faiz borcuna görə 258,14 manat, dəbbə borcuna görə 430,03 manat, cəmi 5377,25 manat məbləğində pulun və 73,78 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. xx.xx.2021-ci il tarixli, SHNPU-08838 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh 36 ay müddətinə qaytarmaq, illik 17% ödəmək şərti ilə 7000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2021-ci il tarixli, SHNPU-08838 saylı kredit müqaviləsinin 6.2-ci maddəsinə əsasən Borc alan “Kreditin ödəniş cədvəli”nə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir.

7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHNPU-08838 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 7000 manat, faiz borcuna görə 1984,20 manat olmaqla, cəmi 8984,20 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

8. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, Cavabdeh 17%-lə 7000 manat məbləğində kredit verilməsini xahiş etmişdir.

9. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli sərəncam-orderindən müəyyən olunur ki, Cavabdeh 7000 manat məbləğində kredit verilmişdir.

10. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci iİ tarixli, SHNPU-08838 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 4689,08 manat əsas, 258,14 manat faiz və 430,03 manat dəbbə pulu olmaqla, cəmi 5377,25 manat borcu vardır.

11. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli, RB/05 nömrəli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir.

12. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 73,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

13. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, SHNPU-08838 saylı kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

18. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində borc verənə əsas borca görə 4689,08 manat və 258,14 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsi üzrə əsas borca görə 4689,08 manat, faiz borcuna görə 258,14 manat tələblərini əsaslı hesab edib təmin edir.

19. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.

20. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borclunun borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.)

21. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 40 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir.

23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

24. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 73,78 manat dövlət rüsumu ödəmişdir.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 73,78 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHNPU- 08838 saylı müqavilə üzrə cavabdehdən 4689,08 manat məbləğində kredit borcu, 258,14 manat məbləğində faiz borcu və 40 manat məbləğində cərimə borcu, cəmi 4987,22 manat məbləğində borc və ödənilmiş 73,78 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli SHNPU-08838 nömrəli müqavilə üzrə 4689,08 manat əsas, 258,14 manat faiz və 40 manat cərimə olmaqla, cəmi 4987,22 (dörd min doqquz yüz səksən yeddi manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 73,78 (yetmiş üç manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar