Məhkəmə qərarları › İş №e-2(010)-1948/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1948/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1948/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı"xxxx" ASC-nin xeyrinə Banka ödənilməmiş 308.48 manat əsas borcu, vəfat etdiyi tarixə 8.01 manat faiz borcu, 0.01 manat cərimə borcu, cəmi 316.50 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. "xxxx" ASCilə X5 arasında xx.xx.2019-cu il tarixli BPM**********61 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X4 illik 29%-lə, 24 ay müddətinə 1200 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 153444 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 76 nömrəli məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixində 2V-1044 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın Suraxanı filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2024cü ilədək kredit üzrə Banka ödənilməmiş 308.48 manat əsas borcu, vəfat etdiyi tarixə 8.01 manat faiz borcu, 0.01 manat cərimə borcu olmaqla, cəmi 316.5 manat borcu qalmışdır. Cavabdehin mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2- 2074/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, borcalan şəxs vəfat edib, vərəsəsi Cavabdeh olub və ona borc məbləğinin ödənilməsi ilə bağlı pretenziya göndərilib. Lakin buna baxmayaraq borc ödənilməmişdir.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, onun həmin kredit borcundan xəbəri olmamışdır. Vəfat edən şəxs onun anasıdır və anasından ona 40 kv.m olan ev qalmışdır. Hazırki borc məbləğini birdəfəlik ödəyə bilmir, yalnız hissə-hissə aylıq 50 manat ödəniş edə bilər.

İş materialları.

5. xx.xx.2019-cu il tarixli, BPM**********61 nömrəli kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, "xxxx" ASC tərəfindən X4 illik 29%-lə 24 ay müddətinə 1200 manat kredit verilmişdir.

6. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X5 tərəfindən 1180 manat məbləğində pul vəsaiti qəbul edilmişdir.

7. AZ-İİ seriyalı, 153444 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

8. AR Ədliyyə Nazirliyi 4 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat ofisinin "xxxx" ASC-yə ünvanlanan 14 yanvar 2024-cü il tarixli, 76 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 qalmış mirası vərəsəsi Cavabdeh qəbul etmiş və ona xx.xx.2023-cü il tarixli, 2V-1044 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

9. Cavabdeh göndərilən xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İşin faktiki halları.

10. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" ASC ilə mərhum X5 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi imzalanmış və ona illik 29%-lə 24 ay müddətinə 1200 manat kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırki iddia tələbində iddiaçı ödənilməmiş kredit borcunu mərhumun vərəsəsi – hazırki iş üzrə Cavabdeh tələb edir və öz tələbində ona istinad edir ki, mərhumdan qalan miras aktivi Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh isə iddia tələbinə münasibətdə bildirir ki, qeyd olunan borc məbləğini birdəfəlik ödəmək imkanı yoxdur, yalnız hissə-hissə aylıq 50 manat olmaqla ödəniş edə bilər.

Tətbiq olunan hüquq.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

12. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı.

Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfləin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

17. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı - kreditor "xxxx" ASC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmiş, yəni X1na xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında illik 29%-lə 24 ay müddətinə 1200 manat kredit vermişdir. X1 isə kredit qarşısındakı öhdəliyini tam icra etməmiş xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda bank mərhum borclunun vərəsəsindən – Cavabdeh borcun ödənilməsini tələb edir. İş materiallarından müəyyən edilir ki, mərhum X2 miras qalmış əmlak onun vərəsəsi Cavabdeh tərəfindən qəbul edilmişdir. Eyni zamanda məhkəmə iclasında Cavabdeh mərhum anasından miras olaraq qəbul etdiyi əmlakın 40 kv.m yaşayış sahəsi olduğunu bildirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh borcludan qalmış miras əmlakı miras aktivi kimi qəbul etməklə hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Belə ki, kredit borcu üzrə öhdəlik şəxsi xarakterli deyil və miras passivi kimi vərəsələrə onların hər birinin aldığı miras əmlak həddində keçir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi Cavabdeh qarşı irəli sürməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh (X3 vərəsəsi) iddiaçı "xxxx" ASC-nin xeyrinə 308.48 manat əsas borc, 8.01 manat faiz borcu, 0.01 manat cərimə borcu olmaqla cəmi 316.50 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq ödənilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh (X3 vərəsəsi) iddiaçı "xxxx" ASC-nin xeyrinə 308.48 manat əsas borc, 8.01 manat faiz borcu, 0.01 manat cərimə borcu olmaqla cəmi 316.50 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar