Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1951/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, Cavabdeh3 və Üçüncü şəxs X2 vəkili X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “əmək qabiliyyəti olmayan valideynlə ünsiyyətə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmək qabiliyyəti olmayan valideynlə ünsiyyətə maneənin aradan qaldırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun öz anası X6 ilə görüşməsinə maneçilik törətmənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 onun atası, Cavabdeh2 onun bacısı, Cavabdeh1 onun qardaşı, X6 isə onun anasıdır. Anası X6 2015-ci ildə insult keçirmiş, bundan sonra yataq xəstəsi olmuş, hərəkətlərində və şüurunda problemlər yaranmışdır. Anası bacısı ilə bir ünvanda yaşayır, o tam anlaqlıdır və az da olsa evin içində hərəkət edib gəzə bilir. Anası xəstələndikdən sonra cavabdehlər onu anası ilə görüşməyə qoymamış, anasını görməyi ona qadağan etmişlər. O, anası ilə görüşmək istədiyini bacı və qardaşına dedikdə onun anası ilə görüşünə atalarının icazə vermədiyini bildirmişlər. Anası özü də onu görmək istəsə də onlar anasının xəstəliyindən istifadə edib anasını onunla görüşdürmür, anasının yanına onu buraxmırlar. O, dəfələrlə anasını öz evinə apararaq onunla yaşamaq, onun qayğısına qalmaq istəsə də cavabdehlər buna icazə verməmişlər. Bunun üçün o, müxtəlif orqanlara müraciət etsə də onun şikayətinə baxan olmamışdır. 2019-cu ilin aprel ayında isə bir dəfə polislə anasının yanına getmiş, anası ilə beş dəqiqəlik də olsa görüşə bilmiş, anası onu qucaqlayıb öpmüş, onu hər gün görmək istədiyini bildirmişdir. Lakin həmin tarixdən sonra cavabdehlər bir daha onu anası ilə görüşməyə qoymamış, polis isə ona anası ilə görüşmək üçün məhkəməyə müraciət etməyi məsləhətt görmüşdür. Xəstə anasının qayğısına qalmaq, onunla görüşüb ünsiyyətdə olmaq onun konstitusion vəzifəsi olduğu kimi, eyni zamanda hüququdur. Cavabdeh isə onun bu hüququnu pozur, ona öz anası ilə görüşməyə mane olur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, anası X6 insult keçirmiş, yataq xəstəsidir. O isə bir övlad kimi xəstə anasının qayğısına qalmaq, onunla görüşüb ünsiyyətdə olmaq istəyir. Lakin cavabdehlər buna mane olurlar. Onlar nənəsindən ona qalan mülklə bağlı aralarında olan mübahisəni bəhanə edərək onu anası ilə görüşməyə qoymurlar. Əlbəttə, onun anası ilə zorla görüşmək niyyəti yoxdur. Əgər anası istəmirsə, onunla görüşməyi tələb etməz. Lakin hazırda vəziyyət başqadır. Belə ki, cavabdehlər müxtəlif bəhanələr gətirərək anası ilə görüşünə mane olurlar. Məhkəmənin qərardadı əsasında icra məmurları ilə anasının görüşünə getmiş, bu zaman anasının həyəcandan əsdiyini, danışa bilmədiyini, cavabdehlərin ona təsir etməyə çalışdığını, anasının onunla görüşmək istədiyini, cavabdehlərin isə qanunsuz olaraq ona anası ilə görüşməyə icazə vermədiklərini bildirmişdir. Bir daha qeyd edir ki, onun anası X4 onunla görüşməyə məcbur etmək niyyəti yoxdur, anası istəməsə onu narahat etməyəcək. Sadəcə olaraq, o istəyir ki, cavabdehlərin öz anası ilə görüşünə törətmiş olduqları maneələr aradan qalxsın. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədiyini bildirərək qeyd etdi ki, İddiaçı onların xəbəri olmadan anadan etibrnamə alaraq Zaqatalada yerləşən və iddiaçının nənəsindən qalmış torpaq sahəsini öz adına keçirtmişdir,niyyəti anasına baxmaq, onunla ünsiyyətdə olmaq deyil, o anasını istəmir, sadəcə olaraq anasının xəstəliyindən istifadə edərək ona yenə də hansısa etibarnaməyə qol çəkdirmək istəyir. Elə bu səbəbdən də iddiaçının anası ilə görüşməsinə icazə vermir, buna mane olur. İddiaçı bu günə kimi heç vaxt anasına baxmamış, onun qayğısına qalmamışdır. Yoldaşı X6 yataq xəstəsidir və ona hazırda digər qızı baxır. İddiaçının niyyəti isə tamam başqadır, o, anasının xəstəliyindən istifadə etmək, öz adına etibarnamə almaq niyyətindədir. Bu kimi hərəkətlərinə görə anası özü də iddiaçı ilə görüşmək istəmir. Ona görə də iddiaçının anası ilə görüşünə qəti olaraq icazə vemir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında üçüncü şəxs X2 vəkili X12 iddiaçının anası ilə görüşünə heç kimin mane olmadığını, istədiyi vaxt gedib anasını görə biləcəyini, ona heç kimin qarışmadığını bildirdi. (Vəkilin etibarnaməsi olmadığından üçüncü şəxs adından çıxış edə bilməsə də iddia tələbinin X6 ilə əhəmiyyətli dərəcədə bağlılığı nəzərə alınaraq üçüncü şəxsin vəkilinin izahatı dinlənildi) Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu VVAQ Şöbəsi tərəfindənxx.xx.1972-ci il tarixdə verilmiş, İ-JQ 327864 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (atası Cavabdeh3, anası X6) xx.xx.1972-ci ildə Bakı şəhəri, Orconikidzde (Suraxanı) rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1972-ci ildə 642 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsinin icra məmurları Rövşən Əliyev və Rəşad Dövlətov və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1951/2020 saylı icra sənədi üzrə tələbkar İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktın Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsi tərəfindən təsdiq edilmiş surətindən görünür ki, aktı tərtib etmiş şəxslər icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən borclu Cavabdeh2 yaşadığı evə gəlmişlər. İş üzrə borclu Cavabdeh2 və əri Məhərrəm Muradova icra sənədinin mahiyyəti izah olunmuş, buna baxmayaraq onlar icra sənədinə etiraz etdiklərini, məhkəmənin gedişatından xəbərləri olmadığını və evdə yaşayan X6 ilə İddiaçı görüşünə icazə verməyəcəklərini bildirmişlər. İcra məmurları tərəfindən onlar nizam-intizama dəvət olunsalar da tələbkar İddiaçı ünvanına nalayiq sözlər işlədərək qəti şəkildə anası ilə ünsiyyətdə olmasına icazə verməyəcəklərini bildirmişlər. Odur ki, bu səbəbdən ünsiyyətin həyata keçirilməsi mümkün olmamış, akt tərtib olunmuş, tələbkar və icra məmurları tərəfindən imzalanmışdır. Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsinin icra məmurları Rövşən Əliyev və Rəşad Dövlətov, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X10, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1951/2020 saylı icra sənədi üzrə tələbkar İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktın Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsi tərəfindən təsdiq edilmiş surətindən görünür ki, aktı tərtib etmiş şəxslər qeyd olunan icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh2 yaşadığı ünvan 1 ünvanına getmişlər. Həmin ünvanda olan Cavabdeh2, Cavabdeh3 və Muradov Məhərrəmə təkrarən icra sənədinin mahiyyəti izah olunduqda onlar səs-küy salaraq tələbkar İddiaçı ünvanına təhqiramiz sözlər işlətməyə başlamışlar. Onlar polis əməkdaşı və icra məmurları tərəfindən nizam-intizama dəvət olunmuş, buna baxmayaraq hər cür vasitələrlə, əsassız səbəblər gətirməklə tələbkarın anası X6 ilə ünsiyyətdə olmasına mane olmağa çalışmışlar. Bu kimi hərəkətləri davam etdirdikləri halda onlara qanunvericilikdə nəzərdə tuutlmuş məsuliyyət bildirilmiş, bundan sonra borclu Cavabdeh2 anası X4 mənzilin həyətinə çıxarmış və tələbkar İddiaçı anası Çiçək Həsənova ilə ünsiyyətdə olmuşdur. Təkrarən borclulara ünsiyyətə mane olmağın qadağan olunması bildirilmişdir. X8 razılığı ilə həyata keçirilmişdir. Odur ki, bu barədə akt tərtib olunmuş, tələbkar, sahə inspektoru və icra məmurları tərəfindən imzalanmışdır. Məhkəmə tərəfindən mübahisə tərəflərinin izahatları dinlənilərək və yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh3 və X2 birgə nikahından doğulmuşdur. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iddiaçının bacı və qardaşıdır. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “valideynlə ünsiyyətə maneənin aradan qaldırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun öz anası X6 ilə görüşməsinə maneçilik törətmənin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddianı müdafiə edən İddiaçı anasının yataq xəstəsi olduğunu, ona baxmaq, qayğısına qalmaq, onunla görüşmək istədiyini, lakin cavabdehlərin buna mane olduğunu, icazə vermədiklərini bildirmişdir. İddiaçı əlavə etmişdir ki, onun anasının razılığı olmadan, məcburən onunla görüşmək niyyəti yoxdur. Əgər anası istəməsə onu narahat etməyəcək. O, sadəcə olaraq öz anası ilə görüşünə cavabdehər tərəfindən yaradılmış qanunsuz maneənin qadağan edilməsini istəyir. Məhkəmə iclasında iddianı qəbul etməyən Cavabdeh3 ananın mülkiyyətində hər hansı bir əmlakın olmadığını bldirsə də, iddiaçının niyyətinin dediyi kimi anasının qayğısına qalmaq, onunla ünsiyyətdə olmaq olmadığını, onun xəstəliyindən istifadə edərək anasından etibarnamə almağa çalışdığını, bu səbəbdən də iddiaçının anası ilə ünsiyyətinə mane olduğunu, buna icazə vermədiyini bildirmiş, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Hazırkı iddia tələbindən görünür ki, tərəflər arasında yaranan mübahisə iddiaçının valideyni ilə görüşməsinə cavabdehlər tərəfindən qoyulan maneənin aradan qaldırılması ilə bağlıdır. Həmçinin, mübahisə tərəfləri ata-qız, bacı-qardaş olmaqla ailə üzvləridir. İddiaçının görüşmək istədiyi şəxs isə onun anasıdır. Göründüyü kimi tərəflər arasındakı münasibətlər ailə münasibətləridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Azərbаycаn Respublikаsının Kоnstitusiyаsında isə valideynlərə hörmət etmək və onların qayğısına qalmaq uşaqların borcu kimi təsvir olunmuşdur. Belə ki, Azərbаycаn Respublikаsının Kоnstitusiyаsının 34-cü maddəsinin V bəndinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Bununla belə, ailə qanunvericiliyində yetkinlik yaşına çatmış övladların valideynlə ünsiyyət hüququnu tənzimləyən konkret norma yoxdur. Yalnız Ailə Məcəlləsinin 82-ci maddəsində yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi nəzərdə tutulsa da maddənin məzmunundan görünür ki, həmin vəzifə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlardan maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərin xeyrinə aliment tutulmasını nəzərdə tutur. Göründüyü kimi, ailə qanunvericiliyində nəzərdə tutulmuş yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi bir qədər dar mənada, yetkinlik yaşına çatmış övladlardan əmək qabiliyyəti olmayan valideynlərin xeyrinə aliment tutulmasında ifadə olunmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi ailə qanunvericiliyində yetkinlik yaşına çatmış övladın öz valideyni ilə ünsiyyət qurmaq münasibətlərini nizama salan konkret norma yoxdur. Bənzər norma mülki qanunvericilikdə də nəzərdə tutulmamışdır. Bu məqamda məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 5-ci maddəsini xatırlatmağı zəruri hesab edir. Belə ki, adıçəkilən maddənin tələbinə əsasən, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Göründüyü kimi, qanunvericiliyə əsasən, subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafiəsindən imtina olunması üçün əsas deyilir Mülki Məcəllənin 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. “İnsan Hüquqlarının və X5 X3” 8-ci maddəsində göstərilir: ”Hər kəs öz şəxsi və ailə həyatına,mənzilinə yazışma sirrinə hörmət hüququna malikdir ”. Bu baxımdan, məhkəmə iddiaçının öz anası ilə görüşmək hüququnun Konvensiyanın 8ci maddəsinin təsiri altına düşdüyünü və buna görə də qorunmalı olduğunu hesab edir. Həmçinin, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Yuxarıda qeyd edilənləri hazırkı iş üzrə ailə münasibətlərinə tətbiq edən məhkəmə hesab edir ki, nə ailə, nə də mülki qanunvericilikdə yetkinlik yaşına çatmış övladların valideyni ilə ünsiyyətdə olmaq hüququnu bilavasitə tənzimləyən konkret normanın olmaması İddiaçı valideyni ilə görüşə bilməməkdə ifadə olunan pozulmuş mənafe və maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət hüququnu məhdudlaşdıra, onun barəsində məhkəmə müdafiəsindən imtina olunmasına əsas ola bilməz. İşin məhkəmə tərəfindən araşdırılması nəticəsində müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, İddiaçı anası X6 ilə görüşünə cavabdehlər tərəfindən mane olunur. İşin bu halını tərəflərin heç biri mübahisələndirmir. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda iddiaçının atası olan Cavabdeh3 iddiaçının anası ilə görüşünə mane olduğunu, icazə vermədiyini qəti şəkildə ifadə etmişdir. Cavabdeh mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının anası ilə görüşmək istəyi anasının qayğısına qalmaq istəyi ilə bağlı deyil. İddiaçı tamamilə başqa məqsədlər güdür və anası X2 onun adına etibarnamə verməsinə nail olmaq istəyir. O da bu səbəbdən iddiaçının anası ilə görüşünə mane olur. Məhkəmə cavabdehin diqqətinə çatdırır ki, onun arvadı, eyni zamanda iddiaçının anası olan X6 yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli, müstəqil şəxsdir. O, öz övladı da daxil olmaqla, yaxın qohumu olan, yaxud olmayan istənilən şəxslə ünsiyyətdə olubolmamaqda, görüşüb-görüşməməkdə tam sərbəstdir və bununla bağlı qərarı yalnız X6 özü verə bilər. Yəni əgər o, öz qızı İddiaçı ilə görüşmək istəmirsə, bununla bağlı iradə ifadəsini özü şəxsən etməli, iddiaçı ilə görüşmək istəmədiyini bildirməlidir. Elə məhkəmə iclasında izahat verən iddiaçı da anasının istəyi olmazsa onunla görüşməkdə təkid etməyəcəyini bildirmişdir. Bu məqamda məhkəmə X2 hər iki tərəfin izahatlarına görə yataq xəstəsi olduğunu nəzərə alaraq qeyd edir ki, onun yataq xəstəsi olması və bununla bağlı olaraq danışıq, yaxud hərəkət imkanlarının məhdud olması hələ onun fəaliyyət qabiliyyətsiz olduğu mənasına gəlmir. Elə məhkəmə iclasında iştirak edən cavabdeh də arvadının fəaliyyət qabiliyyətini mübahisələndirməmiş, bununla bağlı hər hansı sənədi (fəaliyyət qabiliyyətsiz hesab olunma barədə məhkəmə qətnaməsi, üzərində qəyyum təyin olunması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənəd və.s) məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tam fəaliyyət qabiliyyətli şəxs olan X2 buna razılığı olduğu halda öz qızı ilə görüşməsinə heç bir halda, heç bir əsasla və heç bir şəxs tərəfindən mane oluna bilməz, istənilən bu cür məneə tam qanunsuzdur. Məhkəmə iddiaçının anasının xəstəliyindən istifadə edərək özünə etibarnamə almaq niyyəti ilə bağlı cavabdehin dediklərinə münasibət bildirərək qeyd edir ki, ilk növbədə cavabdeh bu dediklərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi isə, həqiqətən iddiaçının belə bir niyyəti olsa belə buna görə iddiaçı ilə görüşməmək qərarını yalnız X6 verə bilər. Həmçinin, cavabdeh iddiaçının bu niyyətini anası adına olan mülkü öz adına keçirtmək istəyi ilə əlaqələndirsə də arvadının adına hər hansı mülk olmamadığını da dəfələrlə qeyd etmişdir. İddiaçı isə cavabdehin qeyd etdiklərini qəbul etməmiş, niyyətinin yalnız xəstə anasını görmək, onun qayğısına qalmaq olduğunu bildirmiş, anası istəməzsə onunla görüşmək üçün təkid etməyəcəyini açıq şəkildə ifadə etmişdir. Göründüyü kimi İddiaçı anası X6 ilə görüşünə yalnız X2 iddiaçı ilə görüşmək istəməməsi mane ola bilər. Bu haldan başqa, cavabdehlər tərəfindən yaradılmış istənilən süni maneə qanunsuzdur və qadağan edilməlidir. Məhkəmə tərəfindən mövqeyinin öyrənilməsi üçün X6 da işə cəlb olunmasına baxmayaraq, o, məhkəmə iclasına gəlmədiyindən izahatının alınması mümkün olmamışdır. Lakin iş materiallarından onun qızı ilə görüşməyə hər hansı etirazının olması da müəyyən edilməmişdir. Əvvəla, anasının qızı ilə görüşmək istəmədiyini iddia edən cavabdeh olduğuna görə bu halı sübut etmək də cavabdehin üzərinə düşür. Lakin işdən görünür ki, belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsi tərəfindən təsdiq edilmiş Aktların surətlərindən görünür ki, icra məmuları, sahə inspektoru və iddiaçı tərəfindən X2 yaşadığı Cavabdeh2 evinə gedilmiş, bu zaman cavabdehlər müxtəlif şəkildə mane olmağa çalışsalar da iddiaçı anası ilə ünsiyyətdə olmuş, ünsiyyət X2 razılığı daxilində həyata keçirilmiş, X6 iddiaçı ilə görüşmək istəmədiyini hər hansı formada ifadə etməmişdir. Belə olan halda məhkəmə X2 iddiaçı ilə görüşmək istəməməsi ilə bağlı cavabdehin qeyd etdiklərini həqiqətə uyğun hesab etmir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı anası X6 ilə görüşməsinə X2 belə bir istəyinin olmaması halından başqa hər hansı şəxs tərəfindən, hər hansı əsasla və hər hansı formada qoyulan istənilən maneə qanunsuz olduğundan iddia tələbi təmin edilməli, İddiaçı Nüvar qızının anası X6 ilə ünsiyyətdə olmasına cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən maneə törədilməsi cavabdehlərə qadağan edilməlidir. Məhkəmə iddianın təmin edilməsi ilə bağlı nəticəyə gələrkən xüsusi qeyd edir ki, iddianın təmin edilməsi X2 İddiaçı ilə görüşə məcbur edilməsi kimi başa düşülə, qətnamənin icrası X2 razılığı olmadan həyata keçirilə bilməz. Məhkəmə hazırkı iş üzrə iddianı təmin etməklə İddiaçı ilə anası X2 görüşünə məhz cavabdehlər tərəfindən törədilən maneənin cavabdehlərə qadağan edilməsini nəzərdə tutur. Bundan başqa Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 10 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. İddiaçı Nüvar qızının anası X6 ilə ünsiyyətdə olmasına cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən maneə törədilməsi cavabdehlərə qadağan edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı Nüvar qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1951/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1951/2020
28.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver