Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1959/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Vəliyev Arsen (Akif) Vəli oğlu və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər X3 və Cavabdeh2 oğundan subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2292.09 manat sığorta ödənişinin, ödənilmiş 42.92 manat dövlət rüsumunun və 0.4 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, X2 adını dəyişərək Akif adı ilə əvəz etdiyini bildirmiş, qeyd edilən dəyişikliyin nəzərə alınmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən idarə olunan ** XR *** dövlət qeydiyyat nişanlı, “Opel Omega” markalı avtonəqliyyat vasitəsinin sərnişini X3 xx.xx.2020-ci il tarixində nəqliyyat vasitəsinin qapısını açarkən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sərnişin X3 təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəliyikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1942.45 manat, təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 349.64 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 2292.09 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödəməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki hüquq pozuntusu (delikt) cavabdeh X3 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 2292.09 manat məbləğində vəsait X3 və Cavabdeh2 subroqasiya qaydasında tutulmalıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, digər Cavabdeh2 maşını xarab olduğundan ona zəng etmiş, gəlib maşına baxmasını xahiş etmişdir. O, İsmayılın yanına gəldikdə İsmayıl ona demişdir ki, maşının “zamok”u xarab olmuşdur. Maşına baxdıqdan sonra görmüşdür ki, həqiqətən də “zamok” xarabdır. Həmin vaxt maşın yolun kənarında dayanmış vəziyyətdə olmuş, yolun digər tərəfində isə ehtiyat avtomobil hissələri satan bir mağaza olmuşdur. O, maşından düşüb həmin mağazadan “zamok” almaq istəmiş, hava çox küləkli olduğundan maşının qapısı əlindən çıxıb yandan keçən avtobusa dəymişdir. Hadisə nəticəsində avtobusun yan orta qapı şüşəsinin sındığını, bir az da yan hissəsinin rənginin getdiyini görmüşdür. Onun bu hadisədə heç bir təqsiri yoxdur. Həmin gün hava küləkli olduğundan hadisə baş vermişdir. Həm də o, maşının qapısını əlindən buraxmağa məcbur qalmışdır. Çünki avtobus maşının o qədər yaxınından keçmişdir ki, əgər qapını əlindən buraxmasa avtobus onun qolunu sındıra bilərdi. Bu səbəbdən hesab edir ki, baş vermiş hadisədə heç bir təqsiri yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, 2020-ci ilin fevral ayında Bakı-Salyan şossesində xarab olan maşınına “zamok” almaq üçün maşını avtomobil ehtiyat hissələri satan bir mağaza ilə üzbəüz, yol kənarında saxlamış, yolu keçib mağazaya daxil olmuşdur. Mağazada Cavabdeh1 zəng etmiş, Akifdən gəlib maşını yoxlamasını xahiş etmişdir. Bundan sonra Akif maşına gəlib baxmış və “zamok”un xarab olduğunu demişdir. Həmin vaxt o özü mağazada olmuş, Akif də “zamok”u söküb gətirmək üçün maşına tərəf getmişdir. Bundan sonra həmin hadisə baş vermişdir. Belə ki, avtobus maşının yanından keçərkən qapı açılmış və avtobusa dəymişdir. Bundan sonra hadisə yerinə yol polisi gəlmiş, Akif barədə protokol tərtib edilmiş, cərimə yazılmışdır. Onun özü ilə bağlı isə heç bir tədbir görülməmişdir. Hadisədən sonra avtomobilin sığortaçısı "xxxx" ASC-yə müraciət etsələr də sığorta şirkəti baş vermiş hadisənin sığorta hadisəsi olmadığını bildirərək, sığorta ödənişindən imtina etmişdir. Hər bir halda onun bu hadisədə heç bir təqsiri yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materialları. xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 “Opel Omega minik” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 5600 nömrəli zərər aktından görünür ki, xx.xx.2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və servis xidmət haqqına cəmi 2292.09 manat məbləğində xərc hesablanmışdır. xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 30 manat məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2292.09 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 2292.09 manat məbləğində sığorta ödənişi edilmişdir. İşin faktiki halları. Etibarnamə ilə Cavabdeh2 sahibliyində olan “Opel Omega minik” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtobus isə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə bu iki avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Bakı-Salyan şosesi üzərində yol kənarında dayanmış vəziyyətdə olan “Opel Omega minik” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısı açılaraq, “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtobusa yandan dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmasa da avtobusun yan tərəfinə zərər dəymişdir. Hadisədən sonra tərtib edilmiş inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, eləcə də digər iş materialları və məhkəmə iclasında verilmiş izahatlar əsasında müəyyən edilmişdir ki, hadisənin baş verməsinə səbəb olan minik avtomobilin qapısını açan Cavabdeh1 olmuşdur. Bu səbəbdən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə) inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 30 manat məbləğində inzibati cərimə edilmişdir. Hadisə nəticəsində zərər dəymiş "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərərin məbləği 2292.09 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləğdə sığorta ödənişi avtobusun sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Bundan sonra "xxxx" ASC “Opel Omega minik” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı ”Mega Sığorta” ASC-yə müraciət edərək, "xxxx" MMC-yə ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında ”Mega Sığorta” ASC-dən tələb etmişdir. Lakin ”Mega Sığorta” ASC hadisə vaxtı “Opel Omega minik” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olduğunu, avtomobilin dayanmış vəziyyətdə qapısının açılmasının avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı istismarı hesab olunmadığını əsas gətirərək, subroqasiya qaydasında sığorta ödənişindən imtina etmişdir. Bundan sonra iddiaçı "xxxx" ASC müvafiq sığorta ödənişini subroqasiya qaydasında hazırkı iş üzrə cavabdehlərdən tələb etmiş, bununla bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdehlər isə iddianı qəbul etməmişdir. Belə ki, Cavabdeh2 hadisə baş verərkən avtomobildə olmadığını, digər Cavabdeh1 Arsen oğlu isə hadisənin baş verməsindən təqsiri olmadığını bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 897. İcbari sığorta. 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Sığorta hadisəsi. 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 20. Əmlaka dəyən zərər üzrə sığorta ödənişinin verilməsi qaydası. 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından göründüyü kimi iddiaçı "xxxx" ASC xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə sığortalı "xxxx" MMC-yə ödədiyi 2292.09 manat məbləğində sığorta ödənişini həm hadisənin baş verməsində bilavasitə təqsirli hesab etdiyi Cavabdeh1, həm də avtomobilin etibarnamə əsasında sahibi olan Cavabdeh2 tələb etmişdir. Belə olan halda məhkəmə hər iki cavabdehə münasibətdə ayrı-ayrılıqda iddia tələbinə münasibət bildirməyi zəruri hesab edir. İlk növbədə Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinin pozulmasında təqsirli bilindiyi görünür. Hansı ki, bu maddədə sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə görünür ki, Cavabdeh1 sərnişin kimi nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarını pozduğuna görə barəsində məhz bu maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, yol nəqliyyat hadisəsi Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində baş vermişdir. Lakin cavabdehin yalnız inzibati xəta törətmiş olması faktı əsasında iddiaçının ondan subroqasiya qaydasında pul tələb etməkdə haqlı olması nəticəsinə gəlmək mümkün deyil. Nəzərə alınmalıdır ki, icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində müəyyən edilmişdir: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; ... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Bu maddədə müəyyən edilmiş digər əsasların açıq şəkildə hazırkı işin halları ilə heç bir əlaqəsi olmadığından (əmlakın alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar edilməsi; əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi; sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınmaması; fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməl ilə müşayiət olunma; sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi ... hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə və s.) məhkəmə bu əsasların məhz bu iş üzrə mövcudluğunu qiymətləndirmir. Çünki məhkəmə hazırkı iş üzrə iddiaçının bu əsaslardan biri üzrə cavabdehə qarşı subroqasiya hüququnun yaranmasının istisna edildiyini hesab edir. Bunun davamı olaraq, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı iddia etdiyi subroqasiya hüququ “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1 və ya 25.1.3-cü maddələrinə əsasən yarana bilərdi. Hansı ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsində xüsusi olaraq qeyd edilmişdir ki, sığorta hadisəsi ... sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda subroqasiya hüququ yaranır. Deməli, iddiaçının bu maddədə göstərilən əsasla subroqasiya hüququnun yarana bilməsi üçün sığorta hadisəsinin 1) sığortalının və ya sığorta olunanın 2) qəsdən etdiyi qanunazidd hərəkətləri nəticəsinə baş verdiyi sübuta yetirilməlidir. Halbuki, hazırkı işin mübahisəsiz hallarından biri odur ki, Cavabdeh1 bu avtomobillə heç bir hüquqi bağı yoxdur. Belə ki, o, nə bu avtomobilin mülkiyyətçisi, nə də etibarnamə əsasında sahibidir. Dolayısı ilə o, bu avtomobil üzrə nə sığortalı, nə də sığorta olunan şəxsdir. Digər tərəfdən, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh1 digər cavabdehin istifadəsində olan və yol kənarında dayanmış vəziyyətdə olan avtomobilin qapısını açaraq, iddiaçı tərəfindən sığortalanmış avtobusa zərər vurmuşdur. Cavabdeh1 qapısını açdığı avtomobilin digər cavabdehin etibarnamə əsasında sahibliyində olması və avtomobilin məhz həmin cavabdeh tərəfindən yol kənarında saxlanılması işin mübahisələndirilməyən hallarıdır. Belə görünür ki, baş vermiş yol nəqliyyat hadisəsindən əvvəl, ya da sonra nə Cavabdeh1, nə də digər Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta (dayanma və ya durma qaydalarının pozulması) haqqında protokol tərtib edilməmişdir. Eləcə də məhkəməyə təqdim edilmiş CD-də olan fotoşəkillərin heç birində avtomobilin açıq şəkildə dayanmaq üçün nəzərdə tutulmamış yerdə (məsələn yol ortasında) dayandığı görünmür. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 qapısını açdığı avtomobil hadisə baş verən vaxt dayanma və ya durma qaydalarının pozulduğu yerdə dayanmamışdır. Belə görünür ki, Cavabdeh1 dayanma və ya durma qaydalarını pozmadan yol kənarında dayanmış avtomobilin qapısını açdığına görə yol nəqliyyat hadisəsi baş vermişdir. Hansı ki, məhkəmə cavabdehin sadəcə olaraq avtomobilin qapısını açmasını onun yol nəqliyyat hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkət kimi qiymətləndirmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xətanın qəsdən və ehtiyatsızlıqdan törədilməsi fərqləndilir. Belə ki, Məcəllənin 13cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Bu Məcəllənin 14-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Hazırkı işin halları baxımından əminliklə belə nəticəyə gəlmək olar ki, Cavabdeh1 avtomobilin qapısını açması nəticəsində törətdiyi inzibati xəta məhz ehtiyatsızlıqdan törədilmişdir. Bunun əksi nəticəyə gəlmək, cavabdehin "xxxx" MMC-yə məxsus avtobusu vurmaq üçün qəsdən, bunun nəticələrini qabaqcadan görərək və bunu arzu edərək avtomobilin (həm də başqasına məxsus) qapısını açmış olması qənaətinə gəlmək deməkdir ki, bu cür mövqe nə ağlabatandır, nə də iş materiallarında bu nəticəyə gəlməyə imkan verən hansısa dəlil yoxdur. Əksinə, məhkəmə araşdırması gedişində “Youtube” sosial şəbəkəsində yerləşdirilmiş, hadisə baş verən günü Bakı şəhərində olan hava proqnozu dinlənilmiş, həmin gün havanın həqiqətən də cavabdehin təsvir etdiyi kimi küləkli olduğu (cənub-qərb küləyinin gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunması) müəyyən edilmişdir. Bütün bu halları nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh1 törətdiyi əməl iddiaçının ona qarşı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsi ilə müəyyən edilmiş əsasla subroqasiya hüququnu yaratmır. Bu cür nəticəyə gələrkən məhkəmə həm də o halı nəzər alır ki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların əksəriyyəti ehtiyatsızlıqdan törədilən inzibati xətalardır. Nəzərə alınmalıdır ki, yalnız yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətdiyinə (bu barədə inzibati xəta haqqında protokolla təqsirli bilindiyinə) görə sığortaçının şəxsə qarşı subroqasiya hüququnun yaranması ümumiyyətlə sığorta institutunu əhəmiyyətsiz edərdi. Bundan başqa, yuxarıda qeyd edilmişdir ki, iddiaçının Cavabdeh1 qarşı subroqasiya hüququnun həm də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən yarana biləcəyi güman edilə bilər. Hansı ki, həmin maddəyə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, bu maddə üzrə sığortaçının subroqasiya hüququnun yarana bilməsi üçün ilkin şərt əmlakın (hazırkı iş üzrə avtomobilin) istismar edilməsidir. Lakin hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 qapısını açdığı avtomobil dayanmış vəziyyətdə olmuşdur. Bu baxımdan onun avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququnun olmamasının iş üçün heç bir əhəmiyyəti yoxdur. Təsadüfi deyil ki, hadisədən sonra yol polisi əməkdaşları tərəfindən avtomobilin hüququ olmayan şəxs tərəfindən idarə edilməsi barədə hər hansı protokol tərtib edilməmişdir. Bundan başqa, avtomobilin sığortaçısı olan "xxxx" ASC də məhz bu əsasla (avtomobilin istismar olunmaması əsası ilə) sığorta ödənişi etməkdən imtina etmiş, belə görünür ki, "xxxx" ASC də bu əsasla razılaşaraq, tələbini hazırkı iş üzrə cavabdehlərə qarşı yönəltmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilmiş əsasla da Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmamışdır. Bununla da belə nəticəyə gəlmək olar ki, iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş subroqasiya hüququnun yaranması əsaslarından heç biri üzrə Cavabdeh1 münasibətdə subroqasiya hüququ yaranmamışdır. Digər Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbindən və iddia ərizəsinin əsaslandırıcı hissəsindən belə görünür ki, iddiaçı "xxxx" ASC bu cavabdehə qarşı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsi ilə əsaslandırmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Hansı ki, həmin maddədə qeyd edilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən ... istifadə edilməsi...) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki ... şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Hazırkı iş üzrə Cavabdeh2 avtomobili idarə etmək hüququna dair etibarnaməsi olduğuna görə onun avtomobilin (yüksək təhlükə mənbəyinin) məhz Mülki Məcəllənin 1108-ci maddəsi baxımından sahibi olduğu qəbul edilməlidir. Lakin nəzərə alınmalıdır ki, baş vermiş yol nəqliyyat hadisəsi nə avtomobilin fəaliyyəti zamanı, nə də onun məhz təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş verməmişdir. Əksinə, yuxarıda da qeyd edildiyi kimi yol nəqliyyat hadisəsi avtomobil dayanma və ya durma qaydalarını pozmadan dayandığı yerdə avtomobilin qapısının ehtiyatsızlıqdan açılması nəticəsində baş vermişdir. Bu baxımdan məhkəmə avtomobilin dayanmış vəziyyətini yüksək təhlükə mənbəyinin fəaliyyəti kimi qiymətləndirmir. Eləcə də bu vəziyyətdə avtomobilin ehtiyatsızlıqdan qapısının açılmasını onun yüksək təhlükəli xüsusiyyətindən irəli hələn hərəkət kimi qəbul etmir. Odur ki, iddiaçı tərəfindən Cavabdeh2 qarşı irəli sürülən tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinin dizpozitiv şərtlərinə cavab vermədiyindən əsassızdır. İddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində göstərilmiş əsaslardan biri üzrə Cavabdeh2 qarşı subroqasiya hüququnun yaranması isə istisna edilir. Çünki avtomobilin etibarnamə üzrə sahibi olan Cavabdeh2 hadisənin baş verməsində nə qəsdən, nə də ehtiyatsızlıqdan heç bir birbaşa təqsiri olmamışdır. Bütün bu qeyd edilənləri ümumiləşdirərək, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 digər Cavabdeh2 etibarnamə əsasında sahibliyində olan və hadisə vaxtı dayanma və ya durma qaydalarını pozmadan dayanmış vəziyyətdə olan avtomobilin qapısını ehtiyatsızlıqdan açması nəticəsində "xxxx" MMC-yə məxsus və iddiaçı tərəfindən sığortalanmış avtobusa vurduğu zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş sığorta ödənişi yuxarıda qeyd edilən səbəblərdən iddiaçı "xxxx" ASC-nin cavabdehlərə qarşı subroqasiya hüququnu yaratmamışdır. Odur ki, bu subroqasiya hüququna istinadla qaldırılmış hazırkı iddia əsassızdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı "xxxx" ASC 42.92 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Lakin məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1959/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1959/2022
08.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver