Məhkəmə qərarları › İş №e-2(010)-1962/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1962/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1962/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nın Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh "xxxx" QSC-nın xeyrinə HBK07616 saylı xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 994,99 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi İbrahimxəlilli Fərid ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış HBK07616 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1044,99 manat dəyərində nisyə aldığı mala görə 50 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 994,99 manat borcun isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 20 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin Faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 994,99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil-təslim aktında (Əlavə2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cİ maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3% miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 994,99 manat əsas borc, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli HBK07616 saylı Nisyə alqı-satqı müqaviləsi əsasında soyuducu götürmüş, lakin həmin soyuducuda texniki nasazlıq olduğundan geri qaytarılmışdır. Buna görə də onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə ləğv olunmuşdur. Bu əsasla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onun borcunun olmaması barədə arayış verilmişdir. Halhazırda həmin müqavilə əsasında onun borcu yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli R-xx/xx-0194 saylı faktorinq müqaviləsinə əlavə olunmuş sazişdən müəyyən olunur ki, "xxxx" MMC ilə İddiaçı QSC arasında faktorinq müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə HBK07616 saylı əlavədən görünür ki, "xxxx" MMC cavabdehə müqaviləyə əsasən 20 ay müddətinə qiyməti 1044,99 manat olan nisyə mal satmış, Cavabdeh isə onu qəbul edib, malın qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh nisyə malı "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, İddiaçı QSC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, HBK07616 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə 994,99 manat borcu vardır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, onunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində HBK07616 saylı "Nisyə alqı-satqı müqaviləsi" bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (Soyuducu VESTEL RM480BF3Eİ-W) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda HBK07616 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. "xxxx" QSC-nin HBK07616 saylı müqavilə üzrə borcalanın adında olan 994,99 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bu Məcəllənin 194.1.-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2.-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində HBK07616 saylı "Nisyə alqı-satqı müqaviləsi" bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (Soyuducu VESTEL RM480BF3Eİ-W) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda HBK07616 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. Ferrum Capital-da HBK07616 saylı müqavilə üzrə borcalanın adında olan 994,99 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. İddiaçı tərəf HBK07616 saylı xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 994,99 manat məbləğində borcu tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış müqavilə ləğv olunduğundan və həmin müqavilə üzrə borc öhdəliyi "xxxx" MMC-yə aid olduğundan iddia tələbi rədd olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" QSC-nın Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar