Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1967/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh3, Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, X3 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) və Cavabdeh2 iddiaçı ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməmiş nağd krediti üzrə 12994.2 manat əsas borc və kredit xətti üzrə 157.94 manat əsas borc vəsaitinin və ödənilmiş 129.46 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının paylarına mütənasib qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli BPM**********10 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 21 %-lə, 59 ay müddətinə 14700 manat kredit verilmişdir. X1 ilə xx.xx.2021-ci il tarixli BPM**********01 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24 %-lə, 36 ay müddətinə 300 manat kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 401870 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 2917/2024 nömrəli məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə xx.xx.2024- cü il tarixində 2V-419, 2V-420 və xx.xx.2024-cü il tarixində 2V-581 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2025-ci ilədək nağd krediti üzrə Banka ödənilməmiş 12994.2 manat əsas borcu və xx.xx.2025-ci il tarixinədək kredit xətti üzrə Banka ödənilməmiş 157.94 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2-22/2-24/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə3 iddianı qismən qəbul etdiklərini, İlahənin vərəsəliyi qəbul etdiyi zaman borc olduğu barədə məlumat aldığını bildirmişdir. Qeyd edir ki, İlahə onunla böyüyüb, ata qayğısı görməyib. Bildirir ki, İlahə qanunla ona düşən hissəni ödəyə bilər. İlahəyə düşən hissəsini ödəyə biləcəklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul etdiyini bildirərək məbləğin aylara bölünməsini xahiş etmişdir. Qeyd edir ki, ona və uşaqlarına düşən hissəni ödəyəcək. Məbləği birdəfəlik ödəyə bilməyəcəklərinin nəzərə alınmasını xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, mərhum X4 xx.xx.2021-ci il tarixində 36 ay müddətinə, illik 24% dərəcəsi ilə, 300 manat məbləğində kredit xətti açılmışdır. Onun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan ödənilməmiş əsas borcu 157.94 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, mərhum X4 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə 59 ay müddətinə, illik 21% dərəcəsi ilə, 14700 manat məbləğində kredit verilmişdir. Onun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan ödənilməmiş əsas borcu 12994.2 manat təşkil edir. İş materiallarında olan BPM**********01 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC (bundan sonra - ABB), X5 (bundan sonra - Müştəri və/və ya Borc alan) olmaqla bağlanmış həmin müqavilənin 2.1-ci bəndinə əsasən, Bank Müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra - “Tam kart” adlanacaq) buraxmağı, Müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab, bundan sonra birlikdə - “Hesab və ya “Hesablar” adlanacaq) açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 manat məbləğinədək, kreditdən (Nağd kredit və/və ya Kredit xətti; bundan sonra birlikdə - “Kredit” adlanacaq) istifadəyə gorə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış Kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan görünür ki, mərhum X4 36 ay müddətinə, illik 24% dərəcəsi ilə, 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli BPM**********10 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, mərhum X5 14700 manat məbləğində krediti illik 21%-lə, 59 ay müddətinə aylıq 401.6 manat olmaqla, ödəməyi öhdəsinə götürmüşdür. Əlavədə olan ödəniş cədvəlinə əsasən, X5 xx.xx.2023-cü il tarixindən xx.xx.2028-ci il tarixinədək hər ay 401.53 manat, xx.xx.2028-ci il tarixində isə 400.34 manat ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli BPM**********10 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən mərhum X4 illik 21 % olmaqla, 59 ay müddətinə 14700 manat məbləğində istehlak krediti verilmişdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq "xxxx" ASC tərəfindən 129.46 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, mərhum X4 6449.1 manat məbləğində pul verilmişdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, mərhum X3 hesabından xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək müxtəlif əməliyyatlar həyata keçirilmişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı 401870 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixində 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosu”nun vəkili Ülkər Məmmədovaya ünvanlanmış 17 oktyabr 2024-cü il tarixli, 2917 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, ******* saylı sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli 2V-419 və 2V-420 reyestrli, xx.xx.2024-cü il tarixli 2V-581 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surəti ona göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri - Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, hər biri miras əmlakdan ¼ irs almalıdır. Qalan ¼ hissəyə dair paya Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri - Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, hər biri miras əmlakdan ¼ irs almalıdır. Qalan ¼ hissəyə dair paya Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş **********57-05101-093085 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.52 kv/m olan mənzildən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi - Cavabdeh2 miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş **********57-05101-093085 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.52 kv/m olan mənzildən ibarətdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən mərhum X3 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********01 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsi və BPM**********10 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borc barədə məlumat verilmiş, müqavilələr üzrə yaranmış öhdəliklərin 3 gün müddətində yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin bildiriş Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan (borc müqaviləsi üzrə) müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC və mərhum X5 arasında xx.xx.2023-cü il tarixli BPM**********10 kredit müqaviləsi bağlanmış və ona 59 ay müddətinə, illik 21% dərəcəsi ilə 14700 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı "xxxx" ASC və mərhum X5 arasında xx.xx.2021-ci il tarixli BPM**********01 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, ona 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. X5 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən, onun adına olan miras əmlakı vərəsəlik şəhadətnamələri üzrə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına keçirilmişdir. Qanunun tələbinə görə, X3 malik olduğu əmlak vəzifələrinə, həmçinin, miras passivi olaraq banka olan nağd krediti üzrə 12994.2 manat əsas borc və kredit xətti üzrə 157.94 manat əsas borcu da daxildir. Miras əmlak üzrə hüquqlar qanun üzrə vərəsələri olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 keçdiyindən, onlar (vərəsələr), miras qoyanın kreditorlarına olan borcunu mütənasib hissədə ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri miras əmlakdan ¼ hissədə pay almışdırlar. Onların adına yazılan vərəsəlik şəhadətnamələri ilə müəyyən edilir ki, onlara verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.52 kv/m olan mənzildən ibarətdir. Beləliklə, iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aldıqları miras aktivləri miras passivlərdən artıqdır. Lakin, vərəsələr iddiaçının müraciətinə baxmayaraq, kredit müqaviləsi üzrə ödənişləri aparmamış, bununla da, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hərəkətləri mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən əsas borcu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, X3 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) və Cavabdeh2 iddiaçı ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməmiş nağd krediti üzrə 12994.2 manat əsas borc və kredit xətti üzrə 157.94 manat əsas borc vəsaiti və 0,4 manat bank xidmət haqqı paylarına mütənasib qaydada tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 129.46 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 vərəsələri – Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 iddiaçı ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməmiş nağd krediti üzrə 12994.2 manat əsas borc və kredit xətti üzrə 157.94 manat əsas borc vəsaiti, ödənilmiş 129.46 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı paylarına mütənasib qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1967/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1967/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver