Məhkəmə qərarları › İş №e-2(010)-1982/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1982/2025

07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1982/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2189.45 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğin cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin – Oba Neftçilər 15 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən, yekun ziyan məbləği cəmi 4586.08 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh işitrakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2189.45 manat borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2189.45 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmış, lakin cavabdehin iddia tələbinə əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdən “administrator” vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. xx.xx.2025-ci il tarixli təftiş yoxlaması barədə arayışa əsasən, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 4586.08 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edilmiş və xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə 2189.45 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş sənədlər Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək bildirişi haqqında xx.xx.2023-cü il tarixli, xxxxxxx000200 nömrəli elektron çıxarışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı Satış departamentinin Satış şöbəsində satıcı-kassir vəzifəsində çalışmışdır. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə dair xx.xx.2023-cü il tarixli, xxxxxxx000202 nömrəli elektron çıxarışdan müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-nin Satış departamentinin Satış şöbəsində “Administrator” vəzifəsinə təyin edilmişdir. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış X1 haqqında müqavilədən müəyyən olunur ki, maddi məsul şəxs ona işə götürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi X1i ilə öz üzərinə götürür. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə dair xx.xx.2024-cü il tarixli, xxxxxxx0002X0 nömrəli elektron çıxarışdan müəyyən olunur ki, işçi Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. xx.xx.2024-cü il tarixli iltizamnamədən müəyyən olunur ki, Cavabdeh inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmiş, kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmiş və heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışdır. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənilmiş və öhdəsində olan bütün mallar yoxlama işçi qrupuna təqdim edilmişdir. Sayımda iştirak etməsini və sayımla bağlı narazılığının olmadığını imzasıyla təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli, 233 nömrəli əmrdən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən “Oba-Neftçilər 15” (1279) mağazasının “administrator” vəzifəsində çalışan maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin yoxlanılmasını aparmaq məqsədilə işçi qrupu yaradılmış və növbədənkənar inventarizasiyanın xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında aparılması qərara alınmışdır. İddiaçı MMC-nin Neftçilər 15 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair xx.xx.2024-cü il tarixli yekun aktdan müəyyən olunur ki, araşdırma sonrası nəticə (maliyyət qiyməti ilə) -4586.08 manat müəyyən edilmişdir. İddiaçı MMC-nin Neftçilər 15 filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair tərtib olunmuş inventarizasiya siyahısından müəyyən olunur ki, siyahıda qeyd olunan malların üzləşdirilməsi aparılmış, 4586.07 manat əskikgəlmə aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, DN2287 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə vurulmuş zərər məbləği (2189.45 manat) barədə məlumat verilmiş, həmin məbləğin 3 (üç) gün ərzində bütövlükdə ödənilmədiyi təqdirdə müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maddi məsuliyyətə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 4586.08 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edilməklə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə 2189.45 manat məbləğində borcu qalmışdır. Mediasiya Şurasının Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/20/2025-00061 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı MMCnin etibarnamə üzrə nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) İddiaçı MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bu hal xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin Neftçilər 15 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun olaraq 4586.07 manat məbləğində zərər vurması məlum olmuşdur. xx.xx.2025-ci il tarixli təftiş yoxlaması barədə arayışa əsasən, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 4586.08 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edilmiş və xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə 2189.45 manat məbləğində borcu yaranmışdır. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda X1ə cəlb olunur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici, həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilən sübutlarla maddi ziyanın həqiqətən də cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmış, cavabdeh isə iddia tələbinə etirazını, həmçinin ziyanın onun təqsiri ilə əlaqədar olmadığı sübuta yetirən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın mediasiya xərclərinin cavabdehdən alınması hissəsini də araşdıraraq qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materialların əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/20/2025- 00061 saylı arayışdan da göründüyü kimi, Cavabdeh xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasının keçirilmə vaxtı və yeri barədə bildiriş göndərilsə də, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə mediasiya təşkilatına heç bir məlumat verməmişdir. Odur ki, İddiaçı MMC yuxarıda qeyd olunan qanunvericilik normasına uyğun olaraq, ilkin mediasiya sessiyası ilə bağlı çəkdiyi bütün xərclərin əvəzini Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli və ödənilməmiş 41.89 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2189.45 manat məbləğində pul vəsaiti və ödənilmiş 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməli və ödənilməmiş 41.89 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2189.45 (iki min yüz səksən doqquz manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilməmiş 41.89 (qırx bir manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar