Məhkəmə qərarları › İş №e-2(010)-1985/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1985/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1985/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********62739 Samsung Galaxy A04S markalı telefon üçün 279.03 manat ödənilməmiş hissə və 27.97 manat cərimə olmaqla ümumilikdə 307 manat borc və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********62739 Samsung Galaxy A04S markalı telefon əldə etmiş və nəticədə 307 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 588.66 manat (yəni 18 ay x 30.97 manat + 31.2 manat ilkin ödəniş), İmei kod **********62739 Samsung Galaxy A04S markalı telefon üçün ümumilikdə 307 manat olmaqla ondan 279.03 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.97 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 309.63 manat təşkil edir. Cavabdehlə bağlanmış müqavilənin tərkib hissəsi olan təhvil-təslim aktından görünür ki, cavabdeh məhsulu tam və qüsursuz şəkildə əldə etmişdir. Digər tərəfdən cavabdehə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq öhdəliyi icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, o, qrafik üzrə ödənişləri cəmi 15 gün gecikdirmişdir və bunun nəticəsində telefonun İmei kodu bağlanmışdır. İş materialları

5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 588.59 manat məbləğində İmei kod **********62739 Samsung Galaxy A04S markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 31.2 manat, aylıq 30.97 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

6. xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 279.03 manat ödənilməmiş hissə və 27.97 manat cərimə olmaqla cəmi 307 manat borcu vardır.

7. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

8. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə İmei kod **********62739 Samsung Galaxy A04S markalı telefon təqdim edilmiş və o, həmin məhsulun dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh ödəniş qrafikinə əməl etməyib, müqavilə üzrə ödəməli olduğu pulu ödəməyib. Cavabdeh tərəf iddia tələbini qəbul edir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

11. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

12. Belə ki, Tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan məhsulu cavabdehə vermişdir. Cavabdeh isə borclu olduğu məbləği ödəniş qrafikinə uyğun 18 ay müddəti ərzində ödəməyi öhdəsinə götürsə də, lakin həmin öhdəliyi icra etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırki borc məbləğini tələb etməkdə haqlıdır. İddia tələbinin əsassızlığına dəlalət edən hər hansı bir hal müəyyən edilmir.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 279.03 manat ödənilməmiş hissə və 27.97 manat cərimə olmaqla ümumilikdə 307 manat və 30 manat dövlət rüsumu pul tutularaq ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh Həsənov Namı̇ r Məhərrəm oğlundan xx.xx.2022-ci il tarixli müqavilə üzrə 279.03 manat ödənilməmiş hissə və 27.97 manat cərimə olmaqla cəmi 307 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar