Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-199/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh Cəlilovoviçə qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD seriyalı 359701 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF TE105” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
2. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, Cavabdeh Cəlilovoviç hadisə yerindən yayınmışdır və hadisə nəticəsində “Toyota Hilux” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur.
3. Abşeron DYP-nin polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Cəlilovoviç AR İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmişdir.
4. xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də bağlanmış 18 sentyabr 2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “DAF TE105” markalı, 99JS292 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 20 aprel 2022-ci il tarixində “DAF TE105” markalı, 99JS292 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Abşeron rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və “Toyota Hilux” markalı, 99AG943 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1600 (bir min altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Abşeron RPİ DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur.
5. xx.xx.2022-ci il tarili ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkənin hesabına 1600 manat pul köçürülmüşdür.
6. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə bildiriş ünvanlanaraq sığorta ödənişinin geri ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
8. "xxxx" ASC-nin “Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Hesablama Aktı”ndan görünür ki, Cavabdeh 20 aprel 2022ci il tarixində “DAF TE105” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Toyota Hilux” markalı, 99AG943 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1600 (bir min altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli, 3-16-16/2-9/8484/2023 №-li ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Hilux” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1390,0 manat müəyyən edilir.
İşin faktiki halları
10. "xxxx" ASC tərəfindən sığortalanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Cavabdeh Cəlilovoviç tərəfindən idarə olunan “DAF TE105” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi nəticəsidə “Toyota Hilux” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirməsi və sığorta hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən zərərçəkənin hesabına 1600 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
11. İddiaçı "xxxx" ASC Cavabdeh Cəlilovoviçə qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1600 (bir min altı yüz) manat sığorta ödənişi məbləğinin və 36,40 manat dövlət rüsumunun, cəmi 1636,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
12. Cavabdeh Cəlilovoviç məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
13. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək, ekspert rəyi ilə razı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
14. Cavabdeh Cəlilovoviç 08 yanvar 2024-cü il tarixli məhkəmə iclasında ekspert rəyi ilə razı olduğunu və hazırki azaldılmış məbləği ödəməyə razı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 205. Ekspert rəyinin tədqiqi 205.1. Ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
17. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmişin hesabına 1600 manat pul köçürülmüşdür. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Bundan əlavə, iş materiallarında olan Abşeron DYP-nin polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Cəlilovoviç AR İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir.
19. Dəymiş ziyanın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh Cəlilovoviç zərər aktında göstərilən məbləğlə razılaşmadığı üçün məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Hilux” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1390,0 manat müəyyən edilir.
23. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Buna görə də məhkəmə rəyi nəzərə alaraq cavabdehdən 1390 manatın tutulmalı olduğu qənaətinə gəlir. Həmçinin, cavabdeh məhkəmə iclasında izahat verərək, ekspert rəyi ilə müəyyən edilmiş məbləği ödəməyə razı olduğunu bildirmişdir.
Məhkəmə xərcləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 5,10 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.
27. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh Cəlilovoviçdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmənin gəldiyi nəticə
28. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Cəlilovoviçdən 1390 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Cəlilovoviçdən 1390 (bir min üç yüz doxsan) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,30 (otuz bir manat otuz qəpik) manat məbləğində pul Cavabdeh Cəlilovoviçdən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 5,10 (beş manat on qəpik) manat hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh Cəlilovoviçdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.