Məhkəmə qərarları › İş №e-2(010)-1995/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1995/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1995/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6234 (altı min iki yüz otuz dörd) manat borcun, həmin məbləğə uyğun olaraq 933 (doqquz yüz otuz üç) manat faizin və ödənilmiş 94 (doxsan dörd) manat, 0.40 (qırx) qəpik dövlət rüsumunun, cəmi 7261,4 (yeddi min iki yüz altmış bir manat, qırx qəpik) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ilə cavabdeh arasında olan xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən cavabdeh iddiaçıdan 4600 (dörd min altı yüz) manat məbləğində nağd pul və üç dəfə ayrıayrı qaimələrə əsasən ağartı məhsulundan dəyəri 1634 (bir min altı yüz) manat təşkil edən pendir almışdır. 4600 manat nağd pulu götürdüyü vaxtdan yəni, xx.xx.2019-cu il tarixdən hər ay 500 manat məbləğində qaytaracağı barədə yazılı iltizam vermişdir. Lakin iddiaçının dəfələrlə həm şifahi, həm də yazılı xəbərdarlıqlarına baxmayaraq, götürülmüş nə nağd pul, nə də qaimələrə əsasən yaranmış borc bu günədək ödənilməmişdir. Sonuncu dəfə iddiaçı pretenziya (xəbərdarlıq) məktubu ilə cavabdehə müraciət etməsinə baxmayaraq, borc ödənilməmişdir. Buna görə də, iddiaçı pulun qaytarılması tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı pendir almış, Ağcabədidən gətirib satmışdır. Gətirdiyi pendirin çoxu geri qaytarılırdı. O, iddiaçıdan məhsul alırdı, hər axşam da iddiaçıya hesabatını verirdi. İddiaçının təqdim etdiyi ərizədəki və qaimələrdəki imza özünə məxsusdur və o, iddiaçıya həm 4600 manatı, həm də qaimələrdəki pulu geri qaytarmışdır. İş materiallarına əlavə edilmiş: - xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçı X1 xx.xx.2019-cu il tarixdə 4600 manat məbləğində borc almış və həmin məbləği hər ay 500 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli qaimə-fakturadan görünür ki, Nəcməddin Rövşənə kilosu 6 manat, ümumi dəyəri 480 manat olan 80 kq saçaq pendiri təhvil vermişdir. xx.xx.2019-cu il tarixli qaimə-fakturadan görünür ki, Nəcməddin Rövşənə ümumi dəyəri 704 manat olan 80 kq saçaq pendiri (kilosu 5.8 manat, cəmi 464 manat), 75 kilo ağ pendir (kilosu 2.6 manat, cəmi 195 manat və 15 kilo ağ yağlı pendiri (kilosu 3 manat, cəmi 45 manat) təhvil vermişdir. xx.xx.2019-cu il tarixli qaimə-fakturadan görünür ki, Nəcməddin Rövşənə kilosu 6 manat, ümumi dəyəri 450 manat olan 75 kq saçaq pendiri təhvil vermişdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı aralarında olan münasibətə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə 4600 manat məbləğində borc pul vermiş, əlavə olaraq xx.xx.2019-cu il tarixdə 450 manat dəyərində saçaq pendiri, xx.xx.2019-cu il tarixdə 480 manat dəyərində saçaq pendiri və xx.xx.2019-cu il tarixdə ümumi dəyəri 704 manat olan saçaq pendiri, ağ pendir və ağ yağlı pendir vermiş və həmin malların verilməsi qaimə-faktura əsasında rəsmiləşdirilmişdir. Hazırda iddiaçı cəmi 6234 manat məbləğində pullun və ona hesablanan 933 manat məbləğində faizin cavabdehdən tutulmasını istəyir. Cavabdeh 4600 manat borcu və 1634 manat məbləğində malları iddiaçıdan aldığını etiraf edir, lakin qeyd edilən borc məbləğini iddiaçıya qaytardığını bildirir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən maddi hüquq normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehə 4600 manat məbləğində nağd borc verməsi və 1634 manat məbləğində mal verməsi hər iki tərəfin izahatı və işin halları ilə müəyyən edilir. Cavabdeh qeyd edilən məbləği iddiaçıya qaytardığını bildirsə də, bu halı məhkəmədə sübut edə bilmir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi borc məbləğinə münasibətdə, yəni 6234 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə cavabdehin borcun qaytarılması barədə dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göründüyü kimi mülki prosessual qanunvericilik hər bir tərəfin üzərinə tələb və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etmə vəzifəsi qoymuşdur. İddiaçı cavabdehə ümumilikdə 6234 manat məbləğində pul verməsini işdə olan sənədlərlə və cavabdehin etirazf əsasında sübut edə bilmişdir. Lakin cavabdeh qeyd edilən məbləğin iddiaçıya qaytarılmasını məhkəmədə sübut edə bilmir, yalnız borcu qaytardığını bildirməklə kifayətlənir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və Cavabdeh 6234 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 933 manat faiz borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən faiz tutulmasını xahiş etsə də, həmin məbləğin hansı qaydada hesablandığını, cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində hansı gəlirlə əldə edə bilməməsini məhkəmədə sübut edə bilmir. Halbuki MPM-nin 77-ci maddəsinin tələbi baxımından iddiaçı tələbində əsaslandırğı halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 80 manat məbləğində pul vəsaiti də Cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6234 (altı min iki yüz otuz dörd) manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar