Məhkəmə qərarları › İş №e-2(010)-202/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-202/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-202/2025 14.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh1 vərəsəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 vərəsələrinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 29 Mart 2022-ci il tarixli, SHKRK-02593 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 272.73 manat əsas borc, 23.8 manat faiz borcu olmaqla, cəmi 296.53 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 3960/2024 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə cavabdeh – Cavabdeh1 arasında bağlanmış 29 Mart 2022-ci il tarixli, SHKRK-02593 saylı kredit müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi olmaqla 48 ay müddətinə 300 manat məbləğində cavabdehə kredit verilmişdir. 29 Mart 2022-ci il tarixli, SHKRK-02593 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 29 mart 2022-ci il tarixli, SHKRK-02593 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 29-dan gec olmayaraq hər ay 16,02 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 29 mart 2022-ci il tarixli, SHKRK-02593saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 272.73 manat əsas borc, 23.8 manat faiz borcu olmaqla, cəmi 296.53 manat təşkil edir.

Tərəflərin izahatları.

4. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmağını həmçinin, Cavabdeh1 vərəsələri müəyyən edilərək borcun və ödənilmiş dövlət rüsumunun vərəsələrdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh1 vərəsəsi Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh1 onun həyat yoldaşı olmuşdur. Onun vəfatından sonra cavabdehdən onlara heç nə qalmayıb, belə ki, hər şeyi onun müalicəsi üçün satmışlar. O bank tərəfindən irəli sürülən iddia tələbini qəbul etmir belə ki, həmin məbləği ödəməyə onun maddi imkanı yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. xx.xx.2022-ci il tarixli, SHKRK-02593 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 25 % dərəcəsi olmaqla 48 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir.

8. Maliyyə arayışından görünür ki, Cavabdeh1 272.73 manat əsas borc, 23.8 manat faiz borcu olmaqla, cəmi 296.53 manat borcu vardır.

9. Bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir.

10. AZ-İİ 444479 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ölmüşdür.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 Saylı Notariat Ofisi tərəfindən Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən edilir ki, Bakı şəhəri 24 saylı notariat ofisi xx.xx.2025-ci il tarixli e-2(010)-202/2025 nömrəli iddiaçı "xxxx" ASC-nin və Cavabdeh1 qarşı "pul" tələbinə dair sorğuya cavab olaraq bildirir ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 adından xx.xx.2024-cü il tarixində vərəsəlik işi açılmışdır, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

12. “Elektron notariat” X1 Çıxarışın surətindən müəyyən olunur ki, ölmüş şəxs Cavabdeh1 və Qanun üzrə vərəsələr Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4dır.

İşin faktiki halları.

13. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, SHKRK-02593 saylı kredit müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən bank Cavabdeh1 illik 25 % dərəcəsi olmaqla 48 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 Saylı Notariat Ofisi tərəfindən Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən Bakı şəhəri 24 saylı notariat ofisi xx.xx.2025-ci il tarixli e-2(010)-202/2025 nömrəli iddiaçı "xxxx" ASC-nin və Cavabdeh1 qarşı "pul" tələbinə dair sorğuya cavab olaraq bildirir ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 adından xx.xx.2024-cü il tarixində vərəsəlik işi açılmışdır, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat

Məhkəmənin mövqeyi.

18. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

19. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı ilə borclu arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Lakin borclu vəfat etmiş və bu səbəbdən öhdəliyi icra edə bilməmişdir. xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 adından xx.xx.2024-cü il tarixində vərəsəlik işi açılmış, lakin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Qanun üzrə vərəsələr arvadı Cavabdeh2, anası Cavabdeh3, övladları X2, Cavabdeh4dır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı vərəsələrdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

21. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 vərəsələri Cavabdeh2 və Cavabdeh3 birgə qaydada xx.xx.2022-ci il tarixli, SHKRK-02593 saylı kredit müqaviləsi üzrə 272.73 manat əsas borc, 23.8 manat faiz borcu olmaqla, cəmi 296.53 (iki yüz doxsan altı manat, əlli üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ :

İddia təmin edilsin. Cavabdeh1 vərəsələri Cavabdeh2 və Cavabdeh3 birgə qaydada xx.xx.2022-ci il tarixli, SHKRK-02593 saylı kredit müqaviləsi üzrə 272.73 manat əsas borc, 23.8 manat faiz borcu olmaqla, cəmi 296.53 (iki yüz doxsan altı manat, əlli üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar