Məhkəmə qərarları › İş №e-2(010)-2020/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2020/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2020/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Cavabdeh qarşı pul tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 661 manat borc məbləği, 66 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 757 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları "xxxx" MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında xx.xx.2017-ci il tarixli, 01- AGT000018756 nömrəli əşyanın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 10 ay müddətinə, 1688 manat məbləğində əmtəəni (əşyanı) nisyə alğısatqı şərtləri əsasında verir, “Alıcı” aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsi, eləcə də həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, xx.xx.2017-ci il tarixli, 01- AGT000018756 nömrəli alğı-satqı müqaviləsi üzrə tələb etmə hüququ İddiaçı MMC-yə güzəşt edilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixli, 01-AGT000018756 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə 661 manat əsas və 66 manat cərimə olmaqla, ümumilikdə 727 manat məbləğində borcu yaranmışdır. İş üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 25 noyabr 2017-ci il tarixli, 01-AGT000018756 nömrəli alğı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 1688 manat olan İphone 6 32GB (İmei kodu: **********31596) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ayın 25-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 141 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 661 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər "xxxx" MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 01-AGT000018756 nömrəli əşyanın nisyə alğı-satqı müqaviləsindən müəyyən olunur ki, “Satıcı” “Alıcı”ya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 10 ay müddətinə, 1688 manat məbləğində əmtəəni (əşyanı) nisyə alğı-satqı şərtləri əsasında verir, “Alıcı” aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli, 01-AGT000018756 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2017 – xx.xx.2018-ci il tarixləri arasında hər ay 141 manat (sonuncu ay 139 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. "xxxx" MMC (Girov saxlayan) və Cavabdeh (Girov qoyan) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 01-AGT000018756 nömrəli girov müqaviləsindən müəyyən olunur ki, “Girov saxlayan”la “Girov qoyan” arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01- AGT000018756 nömrəli hissə-hissə şərtləri ilə mal alğı-satqısı haqqında müqaviləyə əsasən 1688 manat məbləğində avadanlığın dəyərinin ödənilməsini təmin etmək məqsədilə “Girov qoyan” ona təhvil verilmiş həmin əmlakı özündə saxlamaq şərti ilə girov qoyur. İddiaçı MMC (Faktor) və "xxxx" MMC (Müştəri) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 001 nömrəli faktorinq müqaviləsindən müəyyən olunur ki, “Müştəri” siyahısı və ümumi dəyəri müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alğı-satqısı müqavilələrindən və (və ya) həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini “Faktor”a güzəşt etməyi, “Faktor” isə bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini “Müştəri”yə ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli, 001 nömrəli faktorinq müqaviləsinə 1 nömrəli əlavədən müəyyən olunur ki, “Alıcı”ya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt xx.xx.2017-ci il tarixli, 01-AGT000018756 nömrəli alğı-satqı müqaviləsi üzrə tələb etmə hüququ hüquqi şəxs olan İddiaçı MMC-yə güzəşt edilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixli, 01-AGT000018756 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə həmin tarixə 661 manat əsas və 66 manat cərimə olmaqla, ümumilikdə 727 manat məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 5 (beş) gün ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı MMC-nin Cavabdeh qarşı irəli sürülmüş pul tələbinə dair iddia ərizəsinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Maddə 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Maddə 656. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.5, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarı ...Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissəhissə ödənilməsi müddəti və məbləği müqaviləyə ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 01-AGT000018756 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, “Satıcı” alğı-satqı qiyməti 1688 manat məbləğində məişət avadanlığını 10 ay müddətinə aylıq 141 manat (sonuncu ay 139 manat) ödəmək şərti ilə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə müqavilədə qeyd olunan avadanlığı qəbul edərək onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsi bağlanmış, xx.xx.2017-ci il tarixli, 01-AGT000018756 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Cavabdeh göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qaydada ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi ərizə əsasında iddia müddətinin hazırkı mübahisəyə tətbiq edilibedilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, müqavilənin icra müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olmaqla 10 ay müddəti əhatə etmişdir. İddiaçı həmin müqavilənin icrası müddətinin başa çatmasından 6 ildən çox müddət keçdikdən sonra (xx.xx.2025-ci il tarixdə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İş materiallarıni tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklərin icra müddəti müqavilə imzalandığı tarixdən başlamış və müqavilə müddəti 10 ay müəyyən edilməklə xx.xx.2018-ci il tarixədək hissəhissə icra edilməsi müəyyənləşdirilmişdir. İddiaçı həmin müqavilənin üzrə öhdəliklərin icra müddətinin başa çatmasından 6 ildən çox müddət keçdikdən sonra (xx.xx.2025-ci il tarixdə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göründüyü kimi, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin son icra müddətindən 3 ildən artıq müddət keçdiyi üçün qanunla bu kateqoriyadan olan tələblərə tətbiq edilməli olan iddia müddəti ötürülmüşdür. İddia tələbinin əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin bağlanması və həmin müqavilə üzrə cavabdehin öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar