Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2021/2023 19.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4, X1 iştirakları ilə, İddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən İddiaçı QSC-nin xeyrinə 40021225 saylı xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 537.97 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz verərək, bağladığı müqavilə üzrə sifariş etdiyi 4 ədəd məhsuldan 1 ədədindən (537.99 manat dəyərində VESTEL D141 X) imtina etdiyini, nəticədə onun borc məbləğinin azaldığını, hazırda müqavilə üzrə heç bir öhdəliyinin və borcunun olmadığını bildirmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40021225 saylı xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 1311.96 manat dəyərində nisyə aldığı mala görə 299.99 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1011.97 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1011.97 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin 3-cü maddəsinə görə, satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alğı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alğı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən, alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin 537.97 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, borcu yoxdur. Bununla bağlı "xxxx" MMC tərəfindən ona borcunun olmaması ilə bağlı arayış verilmişdir. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 bildirdi ki, 21 iyun 2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Təhvil-təslim aktı əsasında cavabdehə 4 ədəd məhsul verilmişdir. Vestel markalı qabyuyanda istehsal qüsuru olduğundan, cavabdeh tərəfindən ondan imtina edilmişdir. İddiaçı QSC də öz növbəsində ödəniş tapşırığı təqdim edərək cavabdehə yönəlmiş pul tələbini "xxxx" MMC-yə qarşı qaldırıla bilər. İş materialları. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 40021225 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 537.97 manat əsas məbləğ üzrə borc və 0 manat cərimə olmaqla – cəmi 537.97 manat məbləğində borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40021225 saylı xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən, cavabdeh 1311.96 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 169 manat ödəmək şərti ilə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsində nəzərdə tutulan 1 ədəd “Simfer H6MR3154QW” markalı qaz üstü, “Vestel BO- 6662X Single Ove” markalı duxovka, “Simfer 8664 SM” markalı aspirator və “Vestel D141X” markalı qabyuyan alıcıya təhvil verilmişdir. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir. R-16/19 saylı xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan R-xx/xx-0232 nömrəli xx.xx.2022-ci il tarixli Sazişə əsasən "xxxx" MMC-nin borcluları və digər şərtləri barədə məlumat İddiaçı QSC-yə verilir. Cavabdeh "xxxx" MMC ilə bağlanmış müqavilə, 1011.97 manat borcu və digər şərtlər həmin sənəddə öz əksini tapmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş bildirişə görə, 40021225 saylı xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı QSC-yə güzəşt edilmiş, ona görə də növbəti ödənişlərin hər ay İddiaçı QSC-yə ödənilməsi tələb olunur. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 40021225 saylı xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun xx.xx.2023-cü il tarixinədək ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 40021225 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmış, sonra müştəri müqavilə üzrə sifariş etdiyi 4 ədəd məhsulun 1 ədədindən (537.99 manat məbləğində olan Vestel-qabyuyan) imtina etmişdir. Hazırda həmin müqavilə üzrə "xxxx" MMC sistemində borc sıfır manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. Maddə 194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.... Maddə 195. Tələbin güzəşti zamanı borclunun vəzifələri Tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Maddə 196 . Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Maddə 198 . Yeni kreditorun tələblərinin sübutu 198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Maddə 199 . Yeni kreditorun tələblərinə qarşı borclunun etirazları 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.... Maddə 655. Faktorinq müqaviləsi 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.4. Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Maddə 656. Tələblərin alğı-satqısı haqqında müddəaların faktorinq müqaviləsinə tətbiqi Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Maddə 657. Faktorinq müqaviləsinin iştirakçıları arasında münasibətlərin xüsusiyyətləri 657.2. Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. 657.3. Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. 657.5. Əgər borclu başqa şəxsin ödənişi həyata keçirməkdə üstünlük hüququndan xəbərdardırsa, bu Məcəllənin 657.4-cü maddəsinə uyğun ödənişi həyata keçirmək vəzifəsi aradan qalxır. 657.6. Borclunu faktora ödəniş nəticəsində borcdan azad edən digər əsaslardan asılı olmayaraq, borcdan azad edilmə o halda ödənişin nəticəsi olur ki, həmin ödəniş bu Məcəllənin 657.4-cü maddəsinə uyğun həyata keçirilir. 657.7. Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. 657.8. Mal göndərənin alğı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etməməsi, lazımınca icra etməməsi və ya icranı gecikdirməsi özlüyündə borcluya faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vermir. Əgər borclu hər hansı tələb üzrə faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin qaytarılmasını yalnız o halda tələb edə bilər ki, faktor bu tələb üzrə mal göndərənə ödəmə öhdəliyini icra etməsin və ya borclunun ödənişinin aid edildiyi mallar barəsində müqavilənin müştəri tərəfindən yerinə yetirilmədiyini, lazımınca yerinə yetirilmədiyini və ya yerinə yetirilməsinin gecikdirildiyini bildiyi məqamda icra etsin. 657.9. Əgər müştəri faktorinq müqaviləsi əsasında hər hansı tələbi faktora güzəşt edirsə, onda əvvələn, faktor tərəfindən tələbin hər hansı növbəti güzəştinə və ya hər hansı sonrakı tələb alana bu Məcəllənin 657.4 - 657.8-ci maddələri elə tərzdə tətbiq edilir ki, sonrakı tələb alan sanki faktordur, ikincisi isə, növbəti güzəşt haqqında borcluya ünvanlanmış bildiriş həm də faktora ünvanlanmış bildiriş olur. 657.10. Bu Məcəllənin bu paraqrafının müddəaları faktorinq müqaviləsi ilə qadağan olunmuş sonrakı güzəştə tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Mülki qanunvericiliyin tələblərinə əsasən, faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı QSC nə bank, nədə ki kredit təşkilatı deyildir. Faktorinq kimi fəaliyyətini həyata keçirmək icazəsi iş materiallarına isə əlavə olunmamışdır. Lakin, İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı QSC Cavabdeh borcunu almışdır və bu müqavilə münasibətlərinə tələbin güzəşti barədə müddəaları tətbiq edilməlidir. Belə ki, qanunvericiliyin müddəalarına müvafiq olaraq, tələblər İddiaçı QSC-yə "xxxx" MMC-də olduğu vəziyyətdə keçir. "xxxx" MMC tələblərə aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən istifadə üçün zəruri olan bütün məlumatı İddiaçı QSC-yə verməli idi, çünki tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları yeni sahibə bildirməyə borcludur. Nisyə alğı-satqı müqaviləsi üzrə tələbin güzəşti "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanan müqavilə ilə həyata keçirilmişdir. "xxxx" MMC-nin yerini İddiaçı QSC tutmuşdur. İlkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. İş materialları ilə isə təsdiq olunur ki, 537.99 manat məbləğində olan “Vestel” qabyuyan məhsuldan qüsurlu olduğundan cavabdeh tərəfindən imtina edilmişdir. "xxxx" MMC həmin məhsula görə Cavabdeh ödəniş etmək hüququnu itirmişdir və buna görə də, bu tələb hüququnu İddiaçı QSC-yə sənəd üzərində ötürüsə də, hüquqi baxımından ötürməmişdir. Odur ki, "xxxx" MMC-nin Cavabdeh qarşı heç bir tələb hüququ olmadığından, İddiaçı QSC cavabdehdən həmin məbləğini tələb etməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manatı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2021/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2021/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver