Məhkəmə qərarları › İş №e-2(010)-2023/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2023/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2023/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 214 manat borc məbləği, 21 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumunun - cəmi 265 manat tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 17 avqust 2016-cı il tarixli 01-AGT000007491 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 328 manat olan Huawei 220 markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2016cı il tarixdən başlayaraq hər ayın 17-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 24 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri - 214 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır.

İş materialları

3. 17 avqust 2016-cı il tarixli 01-AGT000007491 nömrəli nisyə alqı-satqı müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, alıcı Cavabdeh satıcı "xxxx" MMC-dən ilkin ödəniş 40 manat olmaqla ümumi dəyəri 328 manat olan məhsulu nisyə olaraq almış və həmin borcu ödəniş qrafikinə uyğun – 12 ay müddətində aylıq 24 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

4. 17 avqust 2016-cı il tarixli 01-AGT000007491 nömrəli Girov müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 328 manat olan Huawei Y220 markalı mobil telefonu "xxxx" MMC-yə həmin əmlakı özündə saxlamaq şərtilə girov qoymuşdur.

5. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsindən və xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC-nin tələbetmə hüququ İddiaçı MMC-yə keçmiş və bu barədə borcluya məlumat verilmişdir.

6. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 avqust 2016cı il tarixli 01-AGT000007491 nömrəli alqı-satqı müqaviləsi üzrə 214 manat əsas borcu və 21 manat cərimə borcu olmaqla cəmi 235 manat borcu mövcuddur.

7. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

İşin faktiki halları

8. Cavabdeh və "xxxx" MMC arasında 17 avqust 2016-cı il tarixli 01-AGT000007491 nömrəli müqavilənin bağlanması, xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əsasən tələbetmə hüququnun İddiaçı MMC-yə keçməsi, bu barədə cavabdehə məlumat verilməsi və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 104. Tələbin güzəşti 104.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər. Maddə 106. Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 655. Faktorinq müqaviləsi 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

Məhkəmənin mövqeyi

11. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

12. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır

13. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, "xxxx" MMC alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan məhsulu Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun ümumilikdə 235 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən tələbetmə hüququ İddiaçı MMC-yə keçmiş və hazırda İddiaçı MMC cavabdehdən ödənilməmiş borcun tutulmasını tələb edir.

14. Göründüyü kimi, cavabdeh aldığı məhsulun pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə, alqı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 214 manat borc məbləği, 21 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 265 manat pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi: İddia təmin edilsin. Cavabdeh 214 manat əsas borc məbləği, 21 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 265 manat pul tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar