Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2024/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “X1 Olmayan Kredit Təşkilatı” MMC) Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən XRDK00456 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 140 manat qalıq borcun, 92.4 manat cərimə borcu olmaqla, cəmi 232.4 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, XRDK00456 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən ilkin ödəniş 60 manat olaraq, 12 ay müddətinə hissə-hissə hər ay üçün 79 manat, sonuncu ay üçün isə 80 manat ödəmək şərti ilə 949 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. “X1 Olmayan Kredit təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 01 nömrəli faktorinq müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XRDK00456 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəş etmişdir. Bununla bağlı nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, XRDK00456 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən ilkin ödəniş 60 manat olaraq, 12 ay müddətinə hissə-hissə hər ay üçün 79 manat, sonuncu ay üçün isə 80 manat ödəmək şərti ilə 949 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə - təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli, XRDK00456 saylı müqavilə üzrə qalıq borcu 140 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə 462 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 92.4 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli, XRDK00456 saylı müqavilə üzrə 140 manat qalıq borc, 92.4 manat cərimə borcu olmaqla, cəmi 232.4 manat borcu yaranmışdır. Faktor “X1 Olmayan Kredit təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 01 nömrəli faktorinq müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XRDK00456 nömrəli nisyə alğı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəş etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci il tarixli, XRDK00456 nömrəli nisyə alğı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər xx.xx.2020-ci il tarixli XRDK00456 saylı nisyə alqı-satqı müqaviləsi və ona edilən əlavəyə əsasən "xxxx" MMC Cavabdeh müqaviləyə əsasən 12 ay müddətinə qiyməti 1009 manat olan nisyə mal satmış, Cavabdeh isə onu qəbul edib, malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən, XRDK00456 saylı xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan mallar alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2020-ci il tarixli XRDK00456 saylı nisyə satış müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2024-cü il tarixə “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə əsas borc 140 manat, cərimə borcu 92.4 manat olmaqla, cəmi 232.4 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişə (xx.xx.2024-cü il tarixli poçt reyestri) əsasən, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 gün müddətində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Maddə 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Maddə 656. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İş materiallarına əlavə edilmiş faktorinq müqaviləsindən və ona əlavə olunmuş sazişdən müəyyən olunur ki, "xxxx" MMC-nin borclu Cavabdeh qarşı olan tələb hüququ “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir. Bununla da “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin borcluya qarşı tələb irəli sürmək üçün subyektiv hüququ yaranmışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, MM- nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikfə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azaqlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən XRDK00456 saylı xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan 92.4 manat cərimə pulu tənasübsüz yüksək məbləğdir. Həmin müqavilə üzrə dəbbə pulu 10 manat hesablanmaqla ödənilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda,ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh XRDK00456 saylı xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 140 manat əsas borc, 10 manat cərimə borcu, ümumilikdə 150 manat borc və 30 manat dövlət rüsumu tutularaq “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh XRDK00456 saylı xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 140 manat əsas borc, 10 manat cərimə borcu, ümumilikdə 150 (yüz əlli) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-2024/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2024/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver