Məhkəmə qərarları › İş №e-2(010)-2027/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2027/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2027/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40022360 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 285.99 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.4 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2027/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40022360 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 285.99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 285.99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3% miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal təlb edə bilər. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 285.99 manat əsas borcu, 0 cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh iddia edir ki, o, malı aldığı gün, yəni xx.xx.2022-ci il tarixdə geri qaytarmışdır. Buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC həmin müqavilə üzrə borcu İddiaçı QSC-yə güzəşt etmiş, İddiaçı QSC tərəfindən müqavilə üzrə borc tam həcmdə "xxxx" MMC-yə ödənilmişdir. Bununla da "xxxx" MMC İddiaçı QSC hesabına əsassız varlanmış, həm cavabdehə, həm də iddiaçıya qarşı dələduzluq etmişdir. "xxxx" MMC ilə daha əvvəllər də belə problemlər yaşanmışdır. Belə ki, bəzi hallarda elə olur ki, mal müştəriyə təhvil verilmədən tələb İddiaçı QSC-yə güzəşt edilir. "xxxx" MMC bununla cinayət əməli törədir. Lakin onlar müştəriyə borc olmamasına dair arayış verməklə məsələyə mülki xarakter verməyə çalışır. Hesab edir ki, "xxxx" MMC-nin əməlində cinayət tərkibi olduğu nəzərə alınaraq barəsində xüsusi qərardad çıxarılmalıdır.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, 2022-ci ilin avqust ayında "xxxx" MMC-nin “Razin”də “Badu Kübə”nin yanında yerləşən mağazasından ütü almışdır. Ütünü alıb evə apardıqdan sonra görmüşdür ki, oğlu da ona ütü almışdır. Bu səbəbdən mağazadan aldığı ütünü yarım saat içində aldığı kimi geri qaytarmışdır. Həmin vaxt ütünü geri qaytarması ilə bağlı ona heç bir sənəd verilməmiş, məsələni özlərinin həll edəcəyini demişlər. Lakin iddiaçı ona qarşı hazırkı iddianı qaldırdıqdan sonra gedib "xxxx" MMC-dən müqavilə üzrə borcunun olmaması ilə bağlı arayış almışdır. Onun nə "xxxx" MMC-yə, nə də İddiaçı QSC-yə heç bir borcu yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

7. "xxxx" MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40022360 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən Satıcı Alıcıya siyahısı Təhvil-təslim aktında göstərilən mal(lar)ı satır, Alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini Satıcıya ödəyir.

8. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən mal (“Ütü Braun Sİ9281BK”) Cavabdeh təhvil verilmişdir.

9. xx.xx.2022-ci il tarixli 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin xx.xx.2022 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 16 manat (sonuncu ay 13.99 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.

10. İddiaçı MMC (Faktor) və "xxxx" MMC (Müştəri) arasında bağlanmış xx.xx.2019cu il tarixli, R-16/19 nömrəli faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunan xx.xx.2022-ci il tarixli, R-xx/xx-0234 nömrəli sazişdən görünür ki, Müştərinin Cavabdeh qarşı olan xx.xx.2022-ci il tarixli müqavilə üzrə 285.99 manat məbləğindəki tələb hüququ Faktora güzəşt edilmişdir.

11. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun İddiaçı QSC-yə 285.99 manat əsas borcu, 0 cərimə borcu vardır.

13. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində 40022360 saylı nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (“Ütü Braun Sİ9281BK”) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda 40022360 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 AZN təşkil edir. Ferrum Capital-da 40022360 saylı müqavilə üzrə borcalanın adında olan 289.55 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir.

İşin faktiki halları.

14. "xxxx" MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə və müqaviləyə əlavələrə əsasən Satıcı tərəfindən Alıcıya bir ədəd ütü satılmış, Alıcı həmin ütünün dəyəri olan 285.99 manat məbləğində pulu 18 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

15. Cavabdeh müqaviləyə əsasən aldığı əşyanı "xxxx" MMC-yə geri qaytarmışdır.

16. "xxxx" MMC (Müştəri) və İddiaçı QSC (Faktor) arasında xx.xx.2022-ci il tarixdə faktorinq müqaviləsinə əlavə olan saziş bağlanmışdır. Həmin sazişdə Müştərinin Faktora güzəşt etdiyi tələblər siyahısında "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 285.99 manat məbləğində borc da göstərilmişdir. Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 655. Faktorinq müqaviləsi. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Maddə 656. Tələblərin alğı-satqısı haqqında müddəaların faktorinq müqaviləsinə tətbiqi. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Maddə 657. Faktorinq müqaviləsinin iştirakçıları arasında münasibətlərin xüsusiyyətləri. 657.7. Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat.

Məhkəmənin mövqeyi.

20. İşin hallarından görünür ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə hissə-hissə ödəmək şərtilə 285.99 manat dəyərində əşya (ütü) satılmışdır. Lakin sonradan Cavabdeh ütünü geri qaytarmışdır. Məhkəmə bu halı işin sübut edilmiş halı kimi qəbul edir, ona görə ki, iş materiallarında "xxxx" MMC tərəfindən verilmiş arayış mövcuddur və həmin arayışda müqavilə üzrə alıcı Cavabdeh aldığı əşyanı geri qaytardığı, bununla da bağlanmış müqavilənin ləğv edildiyi qeyd edilmişdir. Hazırkı iş üzrə İddiaçı QSC də işin bu halını mübahisələndirməmişdir.

21. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi müqavilə üzrə alıcı Cavabdeh müqavilədən birtərəfli qaydada imtina etməsi (alınmış əşyanı geri qaytarması) nəticəsində ləğv edilmişdir.

22. Yuxarıda (§ 17) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

23. Məhkəmə hesab edir ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin tamamilə icrasından müqavilə üzrə alıcı Cavabdeh malı geri qaytarmaqla imtina etməsi müqavilə tərəflərinin razılaşması ilə yol verilən olmuşdur. Belə ki, iş materiallarında olan müvafiq arayışdan görünür ki, alıcı Cavabdeh tərəfindən malın qaytarılması ilə müqavilənin ləğv edildiyi və müqavilə üzrə heç bir borcun qalmadığı müqavilə üzrə satıcı "xxxx" tərəfindən təsdiq edilmişdir. Bununla da müqavilənin digər tərəfi olan satıcı alıcının müqavilədən imtina etməsi ilə razılaşmış hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Belə olan halda xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh müqavilə üzrə satıcı "xxxx" MMC qarşısında heç bir öhdəliyi qalmamışdır ki, bu halı "xxxx" MMC də verdiyi arayışda təsdiq etmişdir. Odur ki, həmin müqaviləyə əsasən ödənilməmiş hansısa borcun Cavabdeh tutulması tələb edilə bilməz. Bu səbəbdən iddia əsassızdır.

25. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əgər "xxxx" MMC tərəfindən mövcud olmayan tələb İddiaçı QSC-yə güzəşt edilmişdirsə və İddiaçı QSC bu güzəşt üçün hansısa vəsait ödəmişdirsə, "xxxx" MMC-ni əsassız varlandıran həmin vəsait İddiaçı QSC tərəfindən yalnız "xxxx" MMC-dən tələb edilə bilər. Ləğv edilmiş müqavilə üzrə xitam verilmiş öhdəliyin icrasının hazırkı iş üzrə Cavabdeh tələb edilməsi isə istənilən halda əsassızdır.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 30.4 manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı ödənilmişdir. Həmin məbləğ iddianın qiymətinə uyğun olmuşdur.

27. Lakin məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar