Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2042/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 48.400 (qırx səkkiz min dörd yüz) manat pulun və dövlət rüsumu qismində ödənilmiş 237 manatın tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-ci il tarixdə Cavabdeh və onun əri Asifə Bakı şəhəri,Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, "AB” y/sahəsində ticarət işi görmək üçün ondan borca 35.000 AZN pul götürmüş, daha sonra iddiaçı əlavə olaraq 8.000 manat dəyərində qızılları Qənifəyə vermiş, o da qızılları Lombarda qoyaraq pul götürmüşdür. Bundan başqa iddiaçı "Bank of Baku”dan da 6.000 manat pul çıxararaq Qənifə və Asifə vermiş, lakin cavabdeh ona cəmi 600 manat pul verdikdən sonra yerdə qalan pullarını qaytarmaqdan boyun qaçırmışdır. Bununla əlaqədar olaraq iddiaçı Suraxanı PRİ-nin 33 PB-nə Qənifə və Asif barəsində tədbir görülərək pullarının qaytarılmasına kömək edilməsini xahiş etmişdir. Polis Bölməsində toplanmış materialdan görünür ki, tərəflər uzun müddətdir bir-birilərini tanıyırlar, qonşu olmuşlar, aralarında yaxın münasibət, qarşılıqlı razılaşmaya əsasən Cavabdeh borc pul vermişdir. Həmçinin 33-cü PB-nin sahə inspektoru ilkin yoxlama aparan zaman Cavabdeh İddiaçı faizə borc aldığını və hər ay ona faiz ödədiyini bildirmişdir. Suraxanı PRİ 33 PB-nin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Hal-hazırda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh pulun qaytarılmasından boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək cavabdehin dəfələrlə ondan pul götürdüyünü, hər dəfə onu səmimiliyinə inandırdığını, lakin sonda götürdüyü məbləğləri qaytarmadığını bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək cavabdehin götürdüyü məbləğləri qaytarmadığını bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını və İddiaçı cəmi 6.500 manat məbləğində borcunun olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 öz izahatında bildirdi ki, İddiaçı onun iş yoldaşıdır və onu 30 ildən artıqdır ki tanıyır. Könül Qənifənin xaricdən “kitay malları” gətirib satacağını və əldə olan gəlirdən ona da pul verəcəyini bildirmiş, bu məqsədlə ona pul lazim olduğu üçün Könülə əvvəlcə iki min manat daha sonra beş min manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 öz izahatında bildirdi ki, İddiaçı onun iş yoldaşıdır, o, Könülə Qənifə adlı xanıma ticarətlə məşğul olmaq üçün 2013-cü ildə 3.000 manat, 2014-cü ildə isə 4.000 manat məbləğində pul vəsaiti vermişdir. Məhkəmə, şahid ifadələrinə tənqidi yanaşılması üçün əsas görmür və bu ifadələri sübut kimi qəbul edir. Belə ki, şahid ifadələri ümumilikdə işin hallarına uyğundur və mübahisə üzrə ümumi nəticəyə gəlinməsində nəzərə alına bilər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın surətindən görünür ki, əlavə araşdırma zamanı Cavabdeh və onun əri Asifin müəyyən edilərək izahatlarının alınması məqsədilə 33-cü PB-nə əməliyyat tapşırığı verilmiş, lakin icra müddətində müsbət nəticə əldə edilməmişdir. Qərarda, həmçinin müəyyən edilmişdir ki, tərəflər uzun müddətdir ki, bir-birilərini tanıyır, qonşu olmuş və aralarında yaxın münasibət mövcud olmuşdur. Qarşılıqlı razılaşmaya əsasən, İddiaçı Cavabdeh borc pul vermişdir. Həmçinin 33-cü PB-nin sahə inspektoru ilkin yoxlama aparan zaman Cavabdeh İddiaçı faizə borc pul aldığını və hər ay ona faiz ödədiyini bildirmişdir. - xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın surətindən görünür ki, İddiaçı bildirmişdir ki, 24 saylı BŞX-də xadimə işləyən tanışı Qənifəyə və onun şəxsi bizneslə məşğul olan əri Asifə ayrı-ayrı vaxtlarda birinci dəfə 25.000 manat, bir müddət sonra ikinci dəfə də 25.000 manat olmaqla ümumilikdə 50.000 manat pul vermiş və həmin pul məbləğini onlara verən zaman yanında həmin xəstəxanada işləyən Nəsibə, Elmira və Lalə adlı qadınların həmin hadisənin şahidləri olduğunu bildirmişdir. Cavabdeh və onun əri Asifin müəyyən edilərək izahatlarının alınması və istintaqa gətirilməsi üçün əməliyyat tapşırığı verilsə də, lakin icra müddətində müsbət nəticə əldə edilməmişdir. - xx.xx.2016-cı il tarixli “İstehlak Krediti Müqaviləsi”ndən görünür ki, “Bank of Baku” tərəfindən İddiaçı 60 ay müddətinə illik 28 % ödəmək şərtilə 5116.26 manat məbləğində kredit verilmişdir. Borclu İddiaçı bank qarşısındakı öhdəliklərinin icarsı ilə əlaqədar X4 zamin durmuşdur. - Məhkəmənin sorğusu əsasında Suraxanı RPİ tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, X2 öz izahatında bildirmişdir ki, İddiaçı iş yoldaşıdır. Qənirə adlı qadın 2015-ci ildən xəstəxanada bir müddət xadimə işləmişdir. Birinci dəfə Könül Qənirəyə onun yanında qeydiyyat otağında 8.000 manat pul vermişdir. İkinci dəfə isə Qənirə Könüldən 7.000 manat pul almışdır. Daha sonra isə öyrənmişdir ki, Könül Qənirə və onun ərinə ümumilikdə 50.000 manat borc pul vermişdir. X3 da öz izahatında Könül tərəfindən Qənirəyə qeyd olunan məbləğdə borc pul verdiyini təsdiq etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı və cavabdeh bir birilərini uzun müddətdir ki, tanıyırlar. Cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan pul məbləğləri, eləcə də, lombarda qoyub, əvəzinə pul götürmək məqsədi ilə qızıl-zinət əşyaları götürmüşdür. Bu hərəkətlər hamısı şifahi razılaşmaya əsaslanmış, tərəflər arasında hər hansı müqavilə imzalanmamış, eləcə də qəbz tərtib edilməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, tərəflərin məqsədi birgə qazanc əldə etmək olub. Cavabdeh götürdüyü məbləğlər hesabına ticarət fəaliyyəti ilə məşğul olmalı, əldə edilən gəlirdən iddiaçıya da verməli imiş. İddiaçı hazırkı tələbində cavabdehin onu aldatdığını bildirərək ümumilikdə cavabdehin ona 48400 manat məbləğində borclandığını bildirir və tələbinin əsaslandırması kimi iş materiallarında olan istintaq orqanının qərarlarına və şahid ifadələrinə istinad edir. Cavabdeh tələb edilən məbləğlə razılaşmayaraq onun iddiaçıya yalnız 6500 manat borcunun olduğunu bildirir. Başqa sözlə iddia tələbi ilə qeyd edilən hissədə razılaşır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd edilən prosessual normalara əsaslanaraq məhkəmə qeyd edir ki, iddia tələbində qeyd edildiyi kimi cavabdehin iddiaçıya 48400 manat borcunun olması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, istintaq orqanın qəbul etdiyi qərarlardan da cavabdehin iddiaçıya məhz bu məbləğdə borcunun olması halının müəyyən edildiyi görünmür. Əksinə, həmin qərarlarda cavabdehin tapılaraq izahatının alınmasının mümkün olmadığı qeyd edilmişdir. Eyni zamanda, artıq qeyd edildiyi kimi, məhkəmə şahid ifadələrini sübut kimi qəbul etsə də, həmin ifadələrlə də, cavabdehin ümumilikdə və ya ayrı-ayrı vaxtlarda iddiaçıdan 48400 manat pul götürdüyü müəyyən edilmir. Bu ifadələrlə tərəflərin uzun müddət bir birilərini tanıdığıqları, cavabdehin iddiaçıdan pul alması halları müəyyən edilir, hansı ki, bu hallar tərəflərin izahatlarından da aydın olur. Ona görə də, məhkəmə işin bu halını mübahisələndirilməyən hal kimi qəbul edir. Lakin, tələb edilən 48400 manatla bağlı iş materiallarında əsaslılığı şübhə doğurmayan və bir-birini təsdiq edən sübutlar olmadığına görə məhkəmə bu məbləğin cavabdehdən tələb edilməsini qanuni və əsaslı hesab edə bilməz. Bununla belə, cavabdeh izahatlarında iddiaçıya yalnız 6500 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə cavabdehin izahatını əsas götürərək hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlıdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən madddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6500 manat pul tutularaq İddiaçı ödənsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənmiş 237 manat məbləğində dövlət rüsumunun 85 manatı Cavabdeh tutularaq İddiaçı ödənsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-2042/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2042/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver