Məhkəmə qərarları › İş №e-2(010)-205/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-205/2024

26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-205/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh vurulmuş maddi ziyana görə 6160 manat, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş 82 manat dövlət rüsumunun, cəmi 6242 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)-2732/2023 saylı Qərarı ilə hazırki mülki iş üzrə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Qeyd edilən Qərarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Seat” markalı ** LJ *** markalı avtomaşınla hərəkət edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş, nəticədə iddiaçıya məxsus “Opel-astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomaşının sahibinə maddi zərər vurmuşdur. Sözügedən inzibati xəta haqqında qərar ilə hazırki, mülki iş üzrə Cavabdeh təqsiri tamamilə sübuta yetirilmişdir. Qərardan açıq-aşkar görünür ki, cavabdehin təqsiri ucbatından maddi ziyan dəymiş “Opel-astra” markalı nəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuş, bu səbəbdən vurulmuş maddi ziyanı tələb etmək hüququ da ona məxsusdur. Bundan əlavə, “X5” şirkətinin servis mərkəzi tərəfindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyanı müəyyən etmək məqsədilə mütəxəssis rəyi qismində təqdim edilmiş xx.xx.2022-ci il tarixli Qüsur Aktına əsasən ona vurulmuş maddi ziyanın miqdarı hesablanaraq 6160 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hesab edir ki, hazırki iş üzrə məhkəmənin qətnaməsinə böyük zərurət var, çünki məhkəmənin qətnaməsi ilə ona vurulmuş maddi ziyan ilə bağlı yaranmış mübahisə qanuni çərçivəyə salıncaqdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh vurulmuş maddi ziyana görə 6160 manat, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş 82 manat dövlət rüsumunun, cəmi 6242 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edirik. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, icbari sığortası hadisədən bir gün əvvəl bitmişdir. İş materialları. xx.xx.2019-cu il tarixli 435629 nömrəli “X1 şəhadətnaməsi”nin surətindən görünür ki, “X6” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindədir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)-2732/2023 saylı Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilir ki, məhkəməyə təqdim edilmis Sabunçu RPl-nin DYPŞ-nin YNH üzrə baş inspektoru polis kapitani X3 tərəfindən AP ******* seriyalı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqinda protokoldan ve ona əlavə edilmiş sənədlərdən aydin olur ki, Əsgər-zade Elvin Elçin oğlu xx.xx.2022-ci il tarixdə, saal 11:30 radələrındə "Seat" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi yaşayış massivində yola bitişik ərazidə, ara məhəllədən Bəşir Bünyadov küçəsinə çixarkən həmin küçədə səmtini dəyişmədən soldan hərəkət edən "Opel Astra” markali, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İş materiallarına əlavə edilən “X5” (fərdi sahibkar X2 VÖEN: **********) tərəfindən "xxxx" ASC-yə təqdim edilən xx.xx.2022-ci il tarixli Qüsur Aktından görünür ki, “Opel Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ehtiyat hissələrə görə 4460 manat, işçi qüvvəsinə görə 1700 manat, ümumilikdə 6160 manat kimi müəyyən edilmişdir. İş materiallarına olan İcbari Sığorta Bürosunun məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “SEAT” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid xx.xx.2022-ci il tarixdə qüvvədə olan sığorta şəhadətnaməsi aşkarlanmamışdır. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8984 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş “X5” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, 1999cu il buraxılışlı, qara rəngli, “X6” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 6200 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 4370 manat, təmir-bərpa işlərinin qiyməti 1830 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli 9/8984 bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 36. Vurulmuş zərərin əvəzinin ödənilməsi 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. 36.3. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. 327.3. Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə- yüz manat məbləğində cərimə edilir. 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. 327.5. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə - yüz manat məbləğində cərimə edilir. 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- yüz manat məbləğində cərimə edilir.... 327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı məxsus “Opel-Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “Seat” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Opel-Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmçinin, hadisənin baş verməsində “Seat” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, qəza Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Eyni zamanda, iş materiallarına əlavə edilən İcbari Sığorta Bürosunun xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “SEAT” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid xx.xx.2022-ci il tarixdə qüvvədə olan sığorta şəhadətnaməsi aşkarlanmamışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillin sahibi olan İddiaçı icbari sağortalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənişini ala bilməmişdir. Yuxarıda sadalanmış mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı Cavabdeh ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlı olmuşdur. Ziyanın məbləği ilə bağlı olaraq, məhkəmə qeyd edir ki, iddiaçı avtomobilinə dəymiş maddi ziyana görə 6160 manat ona ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş ekspert rəyindən görünür ki, “Opel-Astra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 6200 manat təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən ekspert rəyində vurulmuş ziyanın məbləği iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia ərizəsində qeyd edilən məbləğlərdən yuxarı olmuşdur. Lakin, məhkəmə MPM-in 218.3-ci maddəsinin tələbini nəzərə alaraq həmin məbləğini iddia ərizəsinə əsasən müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh vurulmuş maddi ziyana görə 6160 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 82 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin 100 manatı cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 6160 manat, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş 82 manat dövlət rüsumu, cəmi 6242 manat alınaraq İddiaçı verilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 100 manat məbləğində vəsait Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE********************, VÖEN: ********** Məhkəmə Ekspertiza Mərkəzi; Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar