Məhkəmə qərarları › İş №e-2(010)-2064/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2064/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2064/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonrakı mətndə ləğv prosesində olan İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4526,29 manat - bundan 1507,93 manat əsas, 1074,34 manat faiz, 1723,10 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 220,92 manat faiz borcu və iş üzrə ödənilmiş 65,27 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 557/14 №-li 07 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 07 iyul 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli 557/14 №-li kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana 10000 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 6795,03 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra xx.xx.2014-cü il tarixli 557/14 №-li kredit müqaviləsinə xx.xx.2016-cı il, xx.xx.2016-cı il və 06 aprel 2017-ci il tarixdə əlavə sazişlər bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********891 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 4526,29 manat təşkil edir. Bundan 1507,93 manat əsas, 1074,34 manat faiz, 1723,10 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 220,92 manat faiz borcu təşkil edir. Cavabdehin bildirdiyi məsələ ilə, yəni borcun fərrmanın təsir dairəsinə düşüb-düşməməsi ilə bağlı məlumat yoxdur. Təklif olunan məbləğ ilə borclular razıdırsa ərizə ilə müraciət edirlər və ona baxılıb restrukturizasiya barədə qərar qəbul edilir. Həmin restrukturizasiya isə 2019-cu ilin dekabr ayının sonuna kimi ərizə ilə müraciət edildiyi təqdirdə həyata keçirilirdi. Tərəf isə restrukturizasiya ilə bağlı banka müraciət etməmişdir. Kompensasiya ilə bağlı məsələ isə Mərkəzi Banka aid olan məsələdir. Lakin əgər borcdan silinmə olsa idi, hesabdan çıxarışda və sistemdə öz əksini tapardı. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, 2014-cü il tarixdə bankdan 10000 dollar məbləğində kredit götürmüş və digər cavabdeh Emin də ona zamin olmuşdur. 2015-ci ildə 2-ci devalvasiyanın olmasına az qalmış bank ilə aralarında əlavə saziş bağlanmışdır. 2017-ci ildə yenidən əlavə saziş bağlanmış və dollar ilə olan borcu manata çevrilmiş, həmçinin müqavilə müddəti 2019-cu ilədək uzadıldmışdır. O, müqavilə üzrə ödənişlərini etmiş, ancaq qəbzləri saxlamamışdır. Çünki krediti verən Ramiz adlı şəxs gəlib ödənişi özü götürürdü. Məhz həmin Ramiz adlı şəxs ona bildirmişdir ki, 800 manat kompensasiya düşür. Sonradan isə Ramiz işdən çıxdığı üçün kompensasiya məsələsi ilə maraqlanmamış və borcun restrukturizasiya barədə ərizə ilə banka müraciət etməmişdir. Müqavilə üzrə faizlər yüksək hesablandığı və üstəlik cərimə pulu gəldiyi üçün borc ilə razı deyildir. Düzdür, özünün səhlənkarlığına görə müqaviləni oxumamışdır. Ancaq bu qədər vaxt ərzində bank tərəfindən ona məlumat verilməli idi. Buna görə də qeyd olunanların nəzərə alınaraq ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 557/14 №-li 07 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 07 iyul 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2014-cü il tarixli 557/14 №-li kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən Kreditorun Borcalana 10000 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 6795,03 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. xx.xx.2014-cü il tarixli 557/14 №-li kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə bağlanmış əlavə sazişə əsasən Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 4497,15 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixədək uzadılır və illik 10 (on) faiz ödənilir.Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. xx.xx.2014-cü il tarixli 557/14 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə bağlanmış əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2606,38 ABŞ dolları əsas borc, 29,06 ABŞ dolları faiz borcu və 7.22 ABŞ dolları cərimə məbləği ilə birlikdə, cəmi 2642,66 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixədək uzadılır. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. xx.xx.2014-cü il tarixli 557/14 saylı kredit müqaviləsinə 06 aprel 2017-ci il tarixdə bağlanmış 02 nömrəli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.4 AZN) 2768,77 manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2464,28 manat əsas borc, 303,83 manat faiz borcu və 66 manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılır və illik 24 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Banka 1507,93 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1074,34 manat faiz, 1723,10 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 220,92 manat borc, ümumilikdə 4526,29 manat manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 3 gün müddətində banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, “Dəmirbank” ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 65,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, Cavabdeh1 kredit müqaviləsi üzrə 1507,93 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1074,34 manat məbləğində faiz borcu və 220,92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği borcun tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1723,10 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 10 manat müəyyən edilməlidir. Digər cavabdeh (zamin) Cavabdeh2 qarşı irəli sürülmüş tələb isə təmin edilə bilməz. Belə ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndində də göstərilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit öhdəliyinin icrası vaxtı xx.xx.2019-cu ildə başa çatmış, həmin vaxtdan da bir il ərzidə kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilərək, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1507,93 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1074,34 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu və 220,92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə cəmi 2813,19 manat məbləğində borc tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,56 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 24,71 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia Cavabdeh1 münasibətdə qismən təmin edilsin. Cavabdeh1 1507,93 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1074,34 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu və 220,92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə cəmi 2813,19 (iki min səkkiz yüz on üç manat on doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,56 (qırx manat əlli altı qəpik) manat məbləğində pul Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 24,71 (iyirmi dörd manat yetmiş bir qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar