Məhkəmə qərarları › İş №e-2(010)-2095/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-2095/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2095/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dаir kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı QSC-nin xeyrinə BZM003130 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 197 manat borcun, 29.55 manat cərimə borcunun, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2095/2023 nömrəli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış BZM003130 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 396 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 396 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 197 manat əsas, 29.55 manat cərimə borcu yaranmışdır.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərinə dair məhkəməyə ərizə təqdim etdi.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. "xxxx" MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci tarixli, BZM003130 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Satıcı bu müqaviləyə əsasən dəyəri 396 manat olan malı Alıcıya nisyə satmağı, Alıcı isə satılmış malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də qeyd olunan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür.

7. xx.xx.2022-ci tarixli, BZM003130 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı Əlavəsindən görünür ki, Alıcı 396 manat dəyərində malların (Toshiba mikrodalğalı soba, Goldmaster qəhvə dəmləyən, Floria mikser, Sokany blender, Goldmaster mətbəx tərəzisi 871342) dəyərini 6 ay müddətində aylıq 66 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan mallar Alıcıya verilmiş, Alıcı tərəfindən satılmış malların texniki göstəricilərinə və yararlılığına dair iradlar bildirilməmişdir.

9. xx.xx.2020-ci il tarixli faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən Faktor (İddiaçı QSC) Borclu barəsində Müştərinin ("xxxx" MMC) Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verir (Müştərini maliyyələşdirir), Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir.

10. xx.xx.2020-ci il tarixli faktorinq müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə borclu Cavabdeh 396 manat məbləğində borcu Müştəri tərəfindən Faktora güzəşt edilən tələblər siyahısındadır.

11. xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, müştəri Cavabdeh borcundan sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 68 manat ödəniş etmiş, onun İddiaçı QSC-yə olan borcu 197 manat əsas, 29.55 manat cərimə olmaqla, cəmi 226.55 manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə gecikən borcu və ümumilikdə qalıq borcu barədə məlumat verilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə borcluya məlumat verilmişdir.

İşin faktiki halları.

13. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən 396 manat məbləğində mal almışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 396 manat məbləğində borcun altı ay ərzində hissə-hissə (hər ay 66 manat) ödənilməsi təsdiq edilmişdir.

14. "xxxx" MMC (Müştəri) və İddiaçı QSC (Faktor) arasında bağlanmış xx.xx.2020-ci il tarixli faktorinq müqaviləsi və müqaviləyə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 396 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə keçmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 655. Faktorinq müqaviləsi. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Maddə 656. Tələblərin alğı-satqısı haqqında müddəaların faktorinq müqaviləsinə tətbiqi. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1000 manatadək olduqda - 30 manat.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır.

19. İş materiallarından görünür ki, cavabdehlə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən müqaviləyə əlavədə göstərilən mallar cavabdehə verilmiş, daha sonra müqavilə üzrə satıcının alıcı qarşısında olan pul tələbi faktora (İddiaçı QSC) güzəşt edilmişdir. Lakin borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc (197 manat) tutularaq iddiaçıya ödənilməlidir.

20. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Bu baxımdan iddiaçı müqavilə üzrə öhdəliyini lazımınca icra etməyən cavabdehdən dəbbə pulu tutulmasını tələb etməkdə haqlı olmuşdur.

21. İddia tələbindən göründüyü kimi, iddiаçı cаvаbdehdən 29.55 manat məbləğində cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, tələb edilən cərimə məbləği hazırkı vəziyyətdə işin hаllаrınа uyğun olmaqla tənаsübsüz surətdə yüksək məbləğ deyil. Odur ki, iddia cərimə ilə bağlı hissədə də əsaslıdır.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

23. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 197 manat əsas borc, 29.55 cərimə olmaqla, cəmi 226.55 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 197 manat əsas borc, 29.55 manat cərimə olmaqla, cəmi 226.55 manat (iki yüz iyirmi altı manat əlli beş qəpik) məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.4 manat (qırx qəpik) bank xidməti haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar