Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2102/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1802 manat məbləğində əsas borc, 418.42 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanan 5.74 manat faiz borcunun və ödənilmiş 42.27 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin “X1 Box (CL-9N06) Elektrikli Moped” markalı, sarı rəngli, **********90028 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə Cavabdeh2 arasında 11/24 saylı, xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin əlavələrində öz əksini tapmış nəqliyyat vasitəsini və aksessuarı ona məxsus texniki sənədlərlə birlikdə “Alıcı”nın mülkiyyətinə verir. “Alıcı” isə bu nəqliyyat vasitəsinin və aksessuarın dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcı”ya hissə-hissə ödəməyi öz üzərinə götürmüşdür. Həmçinin, İddiaçı MMC ilə digər Cavabdeh1 arasında 11/24 saylı, xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, Cavabdeh1 “Satıcı” İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh2 nisyə alğı-satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alğı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli girov müqaviləsinə əsasən, 2020-ci il istehsalı olan, “X1 Box (CL- 9N06) Elektrikli Moped” markalı, sarı rəngli, **********90028 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmişdir. Həmin müqavilənin 4.2ci və 4.3-cü maddələrinə əsasən, “Girov qoyan” öhdəliklərini yerinə yetirmədiyi təqdirdə nəqliyyat vasitəsinin təbii aşınması nəzərə alınaraq müvafiq günə müəyyənləşmiş qiymət həcmində “Girov saxlayan”ın girov predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödənişi yönəltmək hüququ vardır. Belə ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehlərin nisyə alğı-satqı müqaviləsi üzrə əsas borcu 1802 manat təşkil etməkdədir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən, “Alıcı” ödənişi gecikdirdiyi və ya ümumiyyətlə ödəmədiyi təqdirdə “Satıcı”nın ilkin tələbi ilə nəqliyyat vasitəsini geri qaytarır və bununla bağlı “Satıcı”ya vurulmuş ziyan məbləğini tam şəkildə ödəməlidir. Lakin, iddiaçı tərəfindən cavabdehlərə dəfələrlə alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2025-ci il tarixdə yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, bu günə qədər cavabdehlər ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadırlar. xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən, müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” “Satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1%-i məbləğində cərimə sanksiyası ödəyir. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 418.42 manat təşkil edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətlərin qarşısı alınmalı və şirkətə vurulmuş maddi ziyanın cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC (Satıcı) və Cavabdeh2 (Alıcı) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 11/24 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus əlaqədar sənədləri ilə (qeydiyyat şəhadətnaməsi, servis kitabçası, zəmanət kitabçası və s.) birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə bu nəqliyyat vasitələrinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcı”ya hissə-hissə ödəyir. xx.xx.2024-cü il tarixli, 11/24 nömrəli nisyə alğı-satqı müqaviləsinə 1 saylı əlavə olan təhvil-təslim aktından görünür ki, müvafiq nisyə alğı-satqı müqaviləsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq “Satıcı” “X1 Box (CL-9N06) Elektrikli Moped” markalı, 2020-ci il istehsalı olan, **********90028 ban nömrəli nəqliyyat vasitəsini ona məxsus əlaqədar bütün sənədlərlə birlikdə “Alıcı”ya təhvil vermiş, “Alıcı” tərəfindən həmin nəqliyyat vasitəsinə və ona məxsus əlaqədar sənədlərə baxış keçirilmiş və heç bir qüsur (nöqsan) aşkar edilməmiş və bu barədə akta imza edilmişdir. xx.xx.2024-cü il tarixli, 11/24 nömrəli nisyə alğı-satqı müqaviləsinə 2 saylı əlavə olan təhvil-təslim aktından görünür ki, müvafiq nisyə alğı-satqı müqaviləsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq “Satıcı” 01 ədəd “Street Scope D5 Gloss Red” markalı aksessuarı “Alıcı”ya təhvil vermiş, “Alıcı” tərəfindən həmin aksessuara baxış keçirilmiş və heç bir qüsur (nöqsan) aşkar edilməmiş və bu barədə akta imza edilmişdir. xx.xx.2024-cü il tarixli, 11/24 nömrəli nisyə alğı-satqı müqaviləsinə 3 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 216 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC (Girov saxlayan) və Cavabdeh2 (Girov qoyan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 11/24 nömrəli girov müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11/24 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, “Girov qoyan” “Girov saxlayan” qarşısında öhdəliklərinin təminatı olaraq “Girov qoyan” əsas müqavilənin predmeti olan 2020-ci il istehsalı olan, “X1 Box (CL-9N06) Elektrikli Moped” markalı, sarı rəngli, **********90028 ban nömrəli nəqliyyat vasitəsini “Girov saxlayan”a girov kimi təqdim edir. İddiaçı MMC (Satıcı), Cavabdeh2 (Alıcı) və Cavabdeh1 (Zamin) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11/24 nömrəli zaminlik müqaviləsindən görünür ki, “Zamin” “Alıcı” ilə “Satıcı” arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11/24 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən “Alıcı”nın “Satıcı” qarşısında üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, alıcı Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 11/24 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə 1802 manat əsas, 418.42 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 5.74 manat faiz borcu olmaqla, cəmi 2226.16 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş pretenziya məktublarından görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 11/24 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin borcun tam həcmdə 3 (üç) iş günü müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsini tələb edə bilər. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malı borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1802 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş qrafikində nəzərdə tutulmuş ödənişlərin vaxtında və lazımı qaydada icra edilməməsi, ödənişlərin gecikdirilməsi nəticəsində gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 5.74 manat məbləğində faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, müqavilə müəyyən olunmuş öhdəliklərin vicdanlılığın şərtlərinə uyğun olaraq yerinə yetirilməməsinə görə iddiaçı müvafiq faiz məbləğini cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 418.42 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 20 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini hər iki cavabdehə qarşı yönəltməkdə də haqlı olmuşdur. Həmçinin iddiaçı məhkəmədən tələbin iddiaçı qarşısında girov qoyulmuş cavabdehə məxsus nəqliyyat vasitəsinə yönəldilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı girov predmetinə tutma yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin nəqliyyat vasitəsinin girov qoyulmasına dair müqavilə tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanmışdır və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Bu vəziyyətdə iddiaçı tutmanın girov predmeti olan nəqliyyat vasitəsinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 38.28 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1802 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 5.74 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 1827.74 manat məbləğində pul və ödənilmiş 38.28 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulmalı və tutma iddiaçı qarşısında girov qoyulmuş Cavabdeh2 məxsus “X1 Box (CL-9N06) Elektrikli Moped” markalı, sarı rəngli, **********90028 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1802 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 5.74 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 1827.74 (min səkkiz yüz iyirmi yeddi manat yetmiş dörd qəpik) manat məbləğində pul və ödənilmiş 38.28 (otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun və tutma iddiaçı qarşısında girov qoyulmuş Cavabdeh2 məxsus “X1 Box (CL-9N06) Elektrikli Moped” markalı, sarı rəngli, **********90028 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2102/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2102/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver